Məhkəmə qərarları › İş №2-1(116)-65/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-65/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-65/2021 17.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Yevlax bələdiyyəsi) “xx xxxx 2006-cı il tarixli JN-7200A saylı (kod 90101002) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxx 2006-cı il tarixli JN-7200A saylı (kod 90101002) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0.05 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı ona JN-7200A nömrəli Şəhadətnamə verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsini uzun illərdir ki, istifadə edir. İddiaçı cavabdeh orqana müraciət edərək, torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********61 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı 7200A nömrəli (kod 90101002) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax şəhərində yerləşən 0.05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəyə baxılmış və bununla əlaqədar ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-7200A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, JN-7200A nömrəli şəhadətnamənin ikinci nüsxəsinin Ərazi İdarəsinin arxivində mövcud olmasına baxmayaraq, Yevlax şəhərinin elektron xəritə bazasında (DWG) JN-7200A saylı torpaq sahəsi öz əksini tapmamışdır. Elektron adlı siyahıda İddiaçı adı qeyd edilməmişdir. Yevlax şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyat kitabında İddiaçı adına JN-7200A nömrəli şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Əlavə olaraq İddiaçı iştirakı ilə JN-7200A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.05 ha torpaq sahəsi ilə bağlı ərazidə zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələri torpaq sahələri kateqoriyasına aiddir və Yevlax şəhərinin 32-ci məhəlləsində yerləşir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, JN-7200A nömrəli (kod 90101002) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax şəhərində yerləşən 0.05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının imkan xaricində olması İddiaçı bildirilmiş və ona müvafiq imtina məktubu verilmişdir. Məhkəmənin 2-1(116)-611/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Yevlax bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, əri (əsas: Nikahın bağlanması haqqında 385495 nömrəli şəhadətnamə) X2 ərizə təqdim edərək, iddia tələbini geri götürdüyünü bildirmiş, bu səbəblə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Yevlax bələdiyyəsi) “xx xxxx 2006-cı il tarixli JN-7200A saylı (kod 90101002) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar