Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-65/2022 10.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçılar İddiaçı1 hüquq varisi İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-1294F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə İddiaçı1 soyadının “Gəncinov” əvəzinə “Gəncimov”, İddiaçı2 soyadının “Gəncinova” əvəzinə “Gəncimova” və X4 əvəzinə “İddiaçı3” kimi dəyişməklə dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1294F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Eldar Gəncinmovun soyadının “Gəncinov” əvəzinə “Gəncimov”, İddiaçı2 soyadının “Gəncinova” əvəzinə “Gəncimova” və X4 əvəzinə “İddiaçı3” kimi dəyişməklə dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin əsaslarına görə, iddiaçının Qəbələ şəhərində digər ailə üzvləri ilə birlikdə mülkiyyətində 0,07 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi JN-1294 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onların adlarına rəsmiləşdirilmişdir. Qeyd olunan Şəhadətnamədə İddiaçı1 soyadı “Gəncimov” əvəzinə “Gəncinov”, İddiaçı2 soyadı Gəncimova” əvəzinə “Gəncinova” və İddiaçı3 əvəzinə “X13”nın adı daxil edilmişdir. Şəhadətnamədə qeyd olunan qalan ailə üzvlərin adı, soyadı və ata adları düz yazılmışdır. İddiaçılar şəhadətnamədə müvafiq düzəlişin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 07.04.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. İddiaçılar cavabdeh orqanın imtinasını əsassız hesab etmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 23.04.2021-ci il tarixli etiraz məktubunda iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlər göstərilmiş və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmənin 21.09.2021-ci il tarixli 2-1(116)-800/2021 nömrəli qərardadı ilə Əhmədova (Abbasova) Nahidə Hacı qızı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 26.10.2021-ci il tarixli 2-1(116)-800/2021 nömrəli qərardadı ilə X18, X10, X5 və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı1 14.05.2021-ci il tarixdə vəfat etdiyindən (əsas: 157230 nömrəli “ölüm haqqında” şəhadətnamə) məhkəmə iclasının qərardadı ilə iş materiallarında olan iş üzrə iddiaçılar və üçüncü şəxslərin razılıq ərizələrinə əsasən İddiaçı2 mərhum həyat yoldaşı İddiaçı1 hüquq varisi olaraq prosessual hüquq varisliyi qaydasında tanınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçıların, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilmiş Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiq edilmiş surətindən görünür ki, 1294-cü sırada İddiaçı1, İddiaçı2, X18, X14, X10, X5 və X2 adları qeyd edilmiş və qanuni istifadələrində 0,07 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. İşdə olan JN-1294F kod 40601004 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə 0,07 ha həyətyanı torpaq sahəsi X15, X6, X18, X14, X10, X5 və X7 verilmişdir. İşdə olan Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilmiş Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiq edilmiş surətindən görünür ki, 2093-cü sırada X16, X3 və X8 adları qeyd edilmiş və qanuni istifadələrində 0,06 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. İşdə olan 157230 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 14.05.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan ******* nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 10.12.1966-cı ildə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İşdə olan 348941 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X3 arasında 20.11.1997-ci ildə nikah bağlanmış və X3 “Əhmədova” soyadını qəbul etmişdir. İşdə olan 470295 nömrəli “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X1 arasında 26.11.1965-ci il tarixdə nikah bağlanmış və X1 “Gəncimova” soyadını qəbul etmişdir. İşdə olan X13 tərəfindən məhkəməyə 27.10.2021-ci il tarixdə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, şəhadətnamədən onun adının çıxarılmasına və əvəzinə İddiaçı3 adının daxil edilməsinə etiraz etmir. İşdə olan iddiaçılar və üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş 27.10.2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər İddiaçı2 14.05.2021-ci il tarixdə ölmüş İddiaçı1 hüquq varisi olaraq təyin edilməsinə etiraz etməmişlər. İşdə olan Şəki İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli 2-1(116)-82/2021 nömrəli qərarından (hakim İ.Cabbarov) görünür ki, həmin iş üzrə iddiaçılar X19 və X9 cavabdeh DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-2093F saylı Şəhadətnamədə soyadı “Gəncimov” əvəzinə “Əhmədov”, həyat yoldaşının soyadı, adı və ata adının “X3” əvəzinə “X13”kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş və cavabdeh orqanın üzərinə JN-2093F saylı Şəhadətnamədə soyadı “Gəncimov” əvəzinə “Əhmədov”, həyat yoldaşının soyadı, adı və ata adının “X3” əvəzinə “X13”kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə araşdırmasının predmetini təşkil edən yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən JN-1294F, Kod 40601004 saylı şəhadətnamə tərtib edilən zaman nöqsanlara yol verilmişdir. Belə ki, şəhadətnamədə İddiaçı1 və İddiaçı2 soyadları səhvən müvafiq olaraq “Gəncinov” və “Gəncinova” olaraq qeyd edilmişdir. Bundan başqa şəhadətnaməyə İddiaçı3 adı əvəzinə X4 adı daxil edilmişdir ki, bununla bağlı məsələyə iş materiallarında olan və qanuni qüvvəyə minmiş 09.04.2021-ci il tarixli 2-1(116)-82/2021 nömrəli qərarla aydınlıq gətirilmişdir. Belə ki, həmin iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aqrar islahat aparılan zaman həmin iş üzrə iddiaçı X19 və ailə üzvlərinə 0,07 ha torpaq sahəsi verilmiş, şəhadətnamə tərtib olunarkən iddiaçının soyadı səhv yazılmış, onun arvadı olan Əhmədova (Abbasova) Nahidə Hacı qızının adı isə səhvən hazırkı iş üzrə İddiaçı1 və ailə üzvlərinin adına tərtib olunmuş JN seriyalı 1294F nömrəli KOD 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə salınmışdır. Məhkəmənin qərarı ilə Əhmədova (Abbasova) Nahidə Hacı qızının adı JN-1294F nömrəli şəhadətnamədən çıxarılaraq müvafiq qaydada aidiyyəti olduğu şəhadətnaməyə daxil edilmişdir. İş materiallarında olan İddiaçı1 və İddiaçı2 məxsus sənədlərdən göründüyü kimi onların soyadı müvafiq olaraq “Gəncimov” və “Gəncimova”dır. Lakin şəhadətnamə tərtib edildiyi zaman nöqsana yol verilərək “Gəncinov” və “Gəncinova” olaraq qeyd edilmişdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-1294F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə İddiaçı1 soyadının “Gəncinov” əvəzinə “Gəncimov”, İddiaçı2 soyadının “Gəncinova” əvəzinə “Gəncimova” və X4 adının əvəzinə “İddiaçı3” kimi dəyişməklə dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. JN-1294F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə İddiaçı1 soyadının “Gəncinov” əvəzinə “Gəncimov”, İddiaçı2 soyadının “Gəncinova” əvəzinə “Gəncimova” kimi dəyişməklə və X4 adının əvəzinə “İddiaçı3”nın adı daxil edilməklə dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-65/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-65/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver