Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-65/2023 22.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, üçüncü şəxslər X6 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun, B003874 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “"xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokoluna əsasən ona satılmış Ağsu rayonunun Padar kəndində yerləşən 80.0 ha torpaq sahəsində yerləşən “yardımçı təsərrüfatını” tikililərin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, 80.0 ha torpaq sahəsi ilə birlikdə müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-2250/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-65/2023 nömrəli qərardadı ilə, Ağsu rayonu Padar bələdiyyəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə, iki ədəd talvar üzərində mülkiyyət hüququnun, B003874 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş 80 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 14 saylı Şamaxı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Şəki İnizbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-65/2023 nömrəli qərardadı ilə iddia tələbinin “iki ədəd talvar üzərində mülkiyyət hüququnun və 1.08 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin Naziri F.Əliyevin 25 avqust 2000-ci il tarixli 152 saylı Sərəncamı ilə “Azərsutikinti” tikinti quraşdrıma idarəsinin bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokola əsasən Ağsu rayonun Padar kəndində yerləşən “Yardımçı təsərrüfatını’’ tikililər və 80.0 ha torpaq sahəsi ilə birlikdə özəlləşdirilməsi və ayrılması haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC-nin balansında olan və balansdan silinmiş, ”qum-çınqıl” karxanası və B № 003374 saylı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı əsasında məxsus olan yardımçı təsərrüfatında olan 80 ha torpaq ümumi dəyəri 6335 manat dəyərində olan əsas vəsait və tikililər iddiaçıya satılmışdır. "xxxx" ASC-nin rəhbərliyi ilə aralarında xx.xx.2011-ci il tarixli təhvil-təslim AKT ilə ümumi dəyəri 6335 manat pul iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə "xxxx" ASC-nin hesabına ödənilmişdir. Təsərrüfatın hesabında olan tikililər və 80 ha torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarını qeydiyyatdan keçirilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı təqdim etdiyi sənədlər mütəxəssislər tərəfindən araşdırılarkən məlum olmuşdur ki, qeyd olunan əmlak vaxtilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarları arasında məhkəmə mübahisəsi yarandığına görə, Ağsu Rayon Məhkəməsinin 01 aprel 2011-ci il tarixli 2(016)-46/2011 saylı qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə əsasən Cəmiyyətin balansında olan Ağsu rayonunun Padar kəndi ərazisində yerləşən yardımçı təsərrüfat və qum-çınqıl karxanası İddiaçı mülkiyyətinə verilmişdir. "xxxx" ASC-nin istifadəsində olan 80.0 ha torpaq sahəsindən istifadə hüququ da məhkəmə qərardadına əsasən İddiaçıa verilmişdir. Həmin əmlak kompleksinə 1 ədəd mal tövləsi, işçilər evi, talvar və yarasız su nasosxanası daxildir. Yardımçı təsərrüfat Girdimçayının kənarında, 80.0 ha dövlət fondu torpaq sahəsinin üzərində yerləşir. "xxxx" ASC-nin balansında olmuş yardımçı təsərrüfat 100% dövlətdən özəlləşdirilmişdir, lakin özəlləşdirilmiş əmlak bu vaxta kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. "xxxx" ASC-nin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə, həmin əmlakın üzərində sərəncam vermək hüququ olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Qeyd olunan Məcəllənin 50.1-ci maddəsində göstərilir ki, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. 50.2-ci maddəsinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft- kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix- mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Güründüyü kimi, qanunvericilikdə fiziki şəxslərin istifadəsinə torpaq sahələrinin verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən Ağsu rayonun Padar kəndində yerləşən 80.0 ha torpaq sahəsinin üzərində İddiaçı istifadə hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Ağsu rayonun Padar kəndində yerləşən 80.0 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün həmin torpaq sahəsindən yalnız icarə hüququ əsasında istifadə oluna bilər. Torpaq sahəsinin icarə müqaviləsinin bağlanması məqsədilə İddiaçı aidiyyəti üzrə müraciət zamanı fəaliyyətdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunması tövsiyyə olunmuşdur. Lakin, iddiaçı tərəfindən bu vaxta kimi icarə müqaviləsi bağlanmamışdır. "xxxx" ASC-nin balansında olmuş yardımçı təsərrüfat "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına və həmin təsərrüfatın yerləşdiyi 80.0 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğuna görə, qeyd olunan əmlakların üzərində İddiaçı hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddiası əsassız olduğu üçün rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Ağsu Rayon Məhkəməsinin 01 aprel 2011-ci il tarixli 2(016)-46/2011 saylı qərardadı ilə təsdiq olunmuş barışıq sazişi həmin torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsinə münasibətdə səlahiyyətli subyekt Əmlak Məsələləri Dövlət Xidməti olmuş, lakin sonuncunun mövqeyi nəzərə alınmadan sözügedən qərardad qəbul edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia olunan torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi daşınmaz əmlak obyektlərinə hüquqlarını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - "xxxx" ASC-nin Direktorlar (müşahidə) şurasının yığıncağının xx.xx.2011-ci il tarixli 1 saylı protokolundan görünür ki, "xxxx" ASC-nin yaranma dövrünə-balansında olan, “qum-çınqıl” karxanası və yardımçı təsərrüfatında olan 80 ha torpaq sahəsi cəmiyyətə məxsus istifadə hüququ ilə ümumi dəyəri 6335 manat dəyərində olan əsas vəsait və tikililər mülkiyyətinə verilməklə Ağsu rayon Padar kənd sakini İddiaçı satılması qərara alınmış, eləcə də "xxxx" ASC-nin səhmdarların reyestrində olan adları protokolunda göstərilən 17 nəfər səhmdarın ayrılaraq ASC-nin fəaliyyət növü ilə sərbəst öz fəaliyyətini davam etdirməsi və səhmdarların 2356 ədəd 6,4111% miqdarında olan səhmlər alqı-satqı birjasında X1 adına keçirilməsi öz əksini tapmışdır. - xx.xx.2011-ci il tarixli təhvil-təslim aktından və xx.xx.2011-ci il tarixli barışıq sazişindən görünür ki, Ağsu rayonu Padar kəndində yerləşən “Yardımçı təsərrüfat” obyektinin 80 ha torpaq sahəsinin, qum-çınqıl karxanasının mövcud hüquqi statusu nəzərə alınmaqla, özgəninkiləşdirilərək fiziki şəxs İddiaçı mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 152 nömrəli sərəncamından görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nı rəhbər tutaraq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli 2 dekabr 1997-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Ləğv edilmiş “Azərsutikinti” X7 rayonu, Melerator qəsəbəsində yerləşən “Ağsusutikinti” tikinti quraşdırma idarəsinin bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılsın.
2. "xxxx" açıq tipli səhmdar cəmiyyətinin nizamnamə kapitalı 367.435.000 manat həcmində müəyyən edilsin.
3. "xxxx" açıq tipli səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilsin.
4. "xxxx" açıq tipli səhmdar cəmiyyətinin səhmləri özəlləşdirmə üsullarına görə aşağıdakı nisbətdə bölüşdürülsün: a) əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər - 15%, b) pul hərracına yönəldilən səhmlər - 30%, c) ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər - 55%. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadından görünür, iddiaçı "xxxx" ASC-nin icra orqanının sədri X2 ilə cavabdehlərin nümayəndəsi İddiaçı arasında İddiaçı "xxxx" ASC-nə müraciəti və iddiaçının qarşılıqlı təklifi nəticəsində xx.xx.2011-ci il tarixli "xxxx" ASC-nin 01 saylı iclas protokolu-qərarla razılaşdırılmış şərtlər əsasında imzalayaraq bağladıqları xx.xx.2011-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, "xxxx" ASC-dən sazişin şərtlərinə və məhkəmə aktı ilə sazişin təsdiqinə uyğun olaraq, cavabdehin sahibliyinə və mülkiyyətinə keçmiş yardımçı təsərrüfat subyekti tikililərinin və qum-çınqıl karxanasının, 80 ha torpaq sahəsindən istifadə hüququ təsdiq edilmiş, Bir qrup səhmdarların nümayəndəsi İddiaçı yaranmış mülkiyyət, sahiblik və istifadə hüquqlarının qeydiyyata alınması aidiyyəti icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 32 nömrəli arayışından görünür ki, iddiaçı tərəfindən cəmiyyətə məxsus olan yardımçı təsərrüfatın qalıq balans dəyəri 6335 manat məbləğ cəmiyyətin kassasına tam ödənilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubundan görünür ki, müraciətdə qeyd olunan torpaq sahəsində 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi çöl-ölçü işlərini aparmışdır. Çöl-ölçmə işlərinin nəticəsi kameral araşdırma zamanı məlum olmuşdur ki, elektron məlumat bazasına (TEKUİS) əsasən İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi, Ağsu rayonu Padar kəndi ərazisində yerləşən 73.34 ha torpaq sahəsinin 5.17 ha hissəsi bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqları, 1.08 ha hissəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi, digər 67.09 ha hissəsi isə dövlət mülkiyyəti olmaqla sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kollu örüş torpaqlarıdır. - xx.xx.2021-ci il tarixli **********63 daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağsu rayonu Padar kəndində, 7,65 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli **********668 nömrəli məktubunda qeyd edilmişdir ki, B 003374 nömrəli Dövlət aktında qeyd edilmiş ölçülərə əsasən olan torpaq sahəsi İddiaçı naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, dövlət aktında göstərilən ölçülərə əsasən sözügedən torpaq sahəsi 80.0 ha təşkil edir, iddiaçının naturada göstərdiyi torpaq sahəsi isə 73.34 hektardır ki, torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən bununda 5.17 ha hissəsi bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqları, 1.08 ha hissəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi, qalan 67.09 ha hissəsi isə dövlət mülkiyyəti olmaqla sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kollu örüş torpaqlarıdır. Dövlət mülkiyyətində olan 67.09 ha torpaq sahəsinin 7.50 ha hissəsindən Oğuz- Qəbələ-Bakı su xətti keçir. İddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinə dair koordinatlar cavabdeh orqan tərəfindən tərtib edilməmişdir. Həmin koordinatlar iddia olunan torpaq sahəsinə aiddir. İddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinə dair koordinatların daxilində olan 80.23 ha torpaq sahəsinin 73.34 ha olmasına səbəb B 003374 nömrəli Dövlət aktının 1987-ci il tarixdə işlənməsindən sonra 1996-cı ildən torpaq islahatının və Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə elektron uçot işlərinin aparılmasıdır. Bu müddət ərzində natura və xəritələrdə müəyyən dəyişikliklər olmuşdur. Belə ki, islahat zamanı dövlət mülkiyyəti kimi saxlanılan sözügedən torpaq sahəsi 79.0 ha, elektron uçot (TEKUİS) xəritəsində 71.86 ha, iddiaçı tərəfindən təqdim olunmuş koordinatlara əsasən həmin torpaq sahəsi 80.23 ha təşkil edir. İddia olunan daşınmaz əmlaklar (1 mərtəbəli 4otaqlı yaşayış evi, tövlə, iki ədəd talvar) iddiaçının naturada göstərdiyi torpaq sahəsinin və B 003374 nömrəli Dövlət aktında qeyd edilmiş ölçülərə əsasən olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, naturada mövcuddur köhnə tikilidir və həmin tikililər üzərində yenidənqurma işlərinin aparılması müşahidə olunmamışdır.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqram göndərərək məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun, B003874 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdır. İddiaçı, B003874 nömrəli “torpaqdan istifadə hüququna dair” dövlət aktında göstərilmiş 80 ha torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatı tələbini irəli sürsə də, mütəxəssis rəyi ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsinin naturada faktiki sahəsi 73,34 hektardır. Faktiki sahəsi 73,34 ha olan həmin torpaq sahəsinin 1.08 ha hissəsi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Buna görə də 72,26 (73,34-1,08) ha torpaq sahəsi üzərində istifadə hüququnun və həmin torpaq sahəsində yerləşən tikinti obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının tələbinin əsaslılığı məhkəmə tərəfindən yoxlanmışdır. İş materialları ilə müəyyən olunur ki, 72,26 ha torpaq sahəsinin 5.17 ha hissəsi bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 7.2-ci maddəsinə əsasən əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaqlara aiddir. Həmin Qanunun 11-ci maddəsində bələdiyyə torpaqlarının istifadəyə və icarəyə verilməsindən bəhs olunur. Lakin, hazırkı işdən görünür ki, iddiaçı ilə, Ağsu rayonu Padar bələdiyyəsi arasında sözügedən torpaq sahəsindən istifadə edilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Belə olan halda bələdiyyə mülkiyyətində olan 5.17 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı hüquqi əsas olmamışdır. Torpaq sahəsinin qalan 67.09 ha hissəsi isə dövlət mülkiyyəti olmaqla sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kollu örüş torpaqları olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun Dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi müəyyən edilməlidir. Ağsu Sutikinti” ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı qərarı və xx.xx.2011-ci il tarixli barışıq sazişi və həmin barışıq sazişi tərtib edilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnamə: ııı. Komitənin vəzifələri 8.8. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əmlakı barəsində sərəncam vermək, dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək, bu məqsədlə tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparmaq; 8.15. qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz dövlət əmlakını, o cümlədən dövlət müəssisələrinin istifadəsində və dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi torpaqları icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək; 8.69. öz səlahiyyətləri daxilində dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq;.. İş materiallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas olaraq "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı qərarına, 6335 manat pul məbləğinin xx.xx.2011-ci il tarixdə "xxxx" ASC-nin hesabına ödənilməsinə, bununla da təsərrüfatın hesabında olan tikililərin və 80 ha torpaq sahəsinin ona təhvil verilməsinə istinad edir. Bununla belə yuxarıda qeyd edildiyi kimi "xxxx" ASC dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya istifadə hüququ ilə satılmasına səlahiyyətli olmamış, tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış barışıq sazişi Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadı ilə təsdiq edilsə də, dövlət əmlakının idarə edilməsi üzrə səlahiyyətli orqan olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Buna görə də "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokolu, xx.xx.2011-ci il tarixli barışıq sazişi və həmin barışıq sazişini təsdiq edən Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadı iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas ola bilməz. İddia olunan torpaq sahəsi üzərində inşa edilmiş “1 mərtəbəli, 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması” tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, tikililərin yerləşdiyi torpaq sahəsinin təyinatı “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlara aiddir. Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Göründüyü kimi “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlarda sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti nəzərdə tutulmuşdur. İddiaçı isə həmin torpaq sahəsində sadalanan fəaliyyət sahələrinə tamamilə zidd olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasında maraqlıdır. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqların istifadəsi məqsədinə birbaşa ziddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi onun istifadəsinə qanuni əsaslarla və buna səlahiyyətli olan subyekt tərəfindən verilməmişdir və eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə də mövcud deyildir. Belə ki, "xxxx" ASC-nin Direktorlar (müşahidə) şurasının yığıncağının xx.xx.2011-ci il tarixli 1 saylı protokolu ilə əsas vəsait və tikililərin iddiaçının mülkiyyətinə verilməsinin qərara alınması və cəmiyyətə məxsus olan yardımçı təsərrüfatın qalıq balans dəyərinin - 6335 manatın cəmiyyətin kassasına ödənilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun və Torpaq Məcəlləsinin tələbləri baxımından sözügedən tikililər üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün yetərli deyil. Bunun üçün yuxarıda qeyd edildiyi kimi sözügedən tikililərin "xxxx" ASC-nin mülkiyyətində olması, iddiaçı tərəfindən dəyəri ödənildikdən sonra həmin tikililərə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin mövcudluğu və eyni zamanda torpaq sahəsinin təyinatının “yaşayış məntəqələrinin torpaqları”na aid olması tələb olunur. Beləliklə, şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun, B003874 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş torpaq sahəsi (78.92 ha) üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.