Məhkəmə qərarları › İş №2-1(116)-651/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-651/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-651/2021 16.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X17, cavabdehin nümayəndəsi Hacı-X4, üçüncü şəxs X2, üçüncü şəxs X8, üçüncü şəxs X18, üçüncü şəxslər X8 və X18 vəkili X22 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X19 və X9 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X10 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X10 adına 1987-ci ilin iyun ayında tərtib edilmiş "Fərdi yaşayış fondu yaşayış evinin texniki pasportu"nda Qax rayon Çinarlı kəndində sənəd üzrə 2500 kv.m, faktiki isə 2582,5 kv.m torpaq sahəsində yerləşən evin olması göstərilmişdir. Həmin sənəddə A literi ilə yaşayış evi, B literi ilə tövlə, V literi ilə talvar və sair qeyd olunmuşdur. XDS-in 27.06.1988-ci il tarixli 12 nömrəli qərarına əsasən Qax rayon Çinarlı kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı yaşayış evi X10 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və bu barədə Qeydiyyat vəsiqəsi verilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına əsasən, Qum kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına istinadən, Qax rayon Çinarlı kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmiş və 2003-cü ildə onun adına JN-048F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına istinadən, Qax rayon Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi X11, X5, X8, X18 ümumi mülkiyyətinə verilmiş və 2003-cü ildə onların adına JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına istinadən, Qax rayon Çinarlı kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi X10, İddiaçı, X12, Nümayəndə, X7, X13 ümumi mülkiyyətinə verilmiş və 2003-cü ildə onların adına JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçının anası X25 30.01.2001-ci ildə vəfat etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, X19 və X9 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmiş, lakin sonuncu 23.02.2021-ci il tarixli **********98 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri JN-050F kod 40312028 nömrəli, JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərində göstərildiyindən, eyni zamanda texniki pasport və JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahələrinin ölçüləri fərqli olduğundan fərdi yaşayış evinin və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan başqa, X19 və X9 məxsus şəhadətnamələrin hissəvi ləğv edilməsinin İdarənin səlahiyyətinə aid olmaması qeyd edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilərkən texniki pasportda göstərilən "B" və "V" tikililəri səhvən X19 və X9 məxsus "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilmişdir. Cavabdeh iddiaya qarşı 29.04.2021-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Üçüncü şəxslər X26 və X28 iddianı qəbul etməyərək izahatlarında bildirdilər ki, JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə onların ailəsinin mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin bir hissəsi İddiaçı tərəfindən zəbt edilmiş və həmin yerdə qanunsuz tikili inşa edilmişdir. Onlar İddiaçı həmin torpaq sahəsindən çıxarılması və qanunsuz tikililərin sökülməsi barədə iddia ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş, bu səbəbdən İddiaçı Şəki İnzibati Məhkəməsinə hazırkı iddianı vermişdir. Üçüncü şəxs X14 da iddianı qəbul etmədi və izahatında bildirdi ki, anası X23 29.10.2009-cu ildə vəfat etmiş və anasının miras əmlakı ona qalmışdır. Lakin İddiaçı onun anasından qalan həyətyanı torpaq sahəsinin bir hissəsində qanunsuz olaraq dam tikmişdir. O, pozulmuş hüquqlarının bərpası üçün Qax Rayon Məhkəməsinə iddia vermiş, bu səbəbdən İddiaçı Şəki İnzibati Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 01.06.1987-ci il tarixli texniki pasportdan görünür ki, Qax Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən X20 0,25 ha torpaq sahəsi verilmişdir. Həmin texniki pasportda sözügedən torpaq sahəsi üzərində "B" və "V" tikililərinin olması qeyd edilmiş, həmin tikililərin 1960-cı ildə tikildiyi göstərilmişdir. - İşdə olan, 01.08.1988-ci il tarixli "Qeydiyyat vəsiqəsi"ndən görünür ki, Qax rayon Çinarlı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X10 adına qeydə alınmışdır. - İşdə olan, JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına əsasən, 0,11 ha torpaq sahəsi X25 və onun ailə üzvlərinin adına verilmişdir. - İşdə olan, JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, 0,09 ha torpaq sahəsi X27 və onun ailə üzvlərinin adına verilmişdir. - İşdə olan, cavabdehin 23.02.2021-ci il tarixli **********98 nömrəli imtina məktubundan görünür ki, 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri JN-050F kod 40312028 nömrəli, JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərində göstərildiyindən, eyni zamanda texniki pasport və JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahələrinin ölçüləri fərqli olduğundan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan başqa, X19 və X9 məxsus şəhadətnamələrin hissəvi ləğv edilməsinin İdarənin səlahiyyətinə aid olmaması qeyd edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İddiaçının mövqeyi bundan ibarətdir ki, mərhum anası X10 adına olan iyun 1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri anasının və ailə üzvlərinin adına olan JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə deyil, səhvən X6 adına olan JN-048F nömrəli, habelə X8 və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. İddiaçının tələbinə görə, həmin JN-048F və JN- 049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər müvafiq hissələrdə ləğv edilməli, qeyd olunan texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X10 adına çıxarış verilməlidir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci cümləsində isə deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Göründüyü kimi, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 01.01.2001-ci ilədək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas hesab edilir. İddiaçının mərhum anası X20 münasibətdə belə bir sənəd mövcuddur. Lakin bununla yanaşı, iddiaçının bəhs etdiyi həyətyanı torpaq sahəsinin bir hissəsi X6 adına olan JN-048F nömrəli və X8 və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. Qeyd olunan texniki pasport əsasında mərhum X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün göstərilən JN-048F nömrəli və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin müvafiq hissələri ləğv edilməli, bunun üçün isə həmin şəhadətnamələrin qanunsuz olması müəyyən edilməlidir. İşdə olan JN-048F, JN-049F və JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" bölmələrindən görünür ki, hər üç sənəddəki sxemlər bir-birini tamamlayır və qeyd olunan 0,05 ha, 0,09 ha və 0,11 ha torpaq sahələri bir-biri ilə qonşudurlar. Hər üç torpaq sahəsi mülkiyyətçilərə Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarı əsasında verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, Qax rayonu Çinarlı kəndində mülkiyyətinə həyətyanı torpaq sahələri verilən şəxslərin siyahısından X20 və ailə üzvlərinə, X21 və ailə üzvlərinə, X15 və ailə üzvlərinə aid hissədən çıxarış tələb olundu, lakin 23.04.2021-ci il tarixli **********68 nömrəli cavab məktubundan məlum oldu ki, Qax rayonu Çinarlı kəndinin ("Qum" təsərrüfatının) həyətyanı torpaq sahəsinin verilməsinə dair subyektlərin ümumi siyahısı arxivdə aşkar edilməmişdir. Bundan sonra məhkəmə tərəfindən eyni məzmunlu sorğu Qax Rayon Dövlət Arxivinə göndərildi və cavab alındı. Həmin 19.05.2021-ci il tarixli 42 nömrəli cavab məktubundan məlum oldu ki, Qum kənd (XDS icraiyyə komitəsi) İƏD üzrə nümayəndəliyinin 1975-2000-ci illərin təsərrüfatbaşına kitabları arxivə təhvil verilməmişdir. Eyni zamanda, Qax Rayon Dövlət Arxivi tərəfindən Qum kəndi "Oktyabr" kolxozunun "Qaytanlanmış torpaq kitabı" və Qax RİH başçısının Qum kənd İƏD üzrə nümayəndəliyinin (Çinarlı kəndi üzrə) 2001-2005-ci illərin təsərrüfatbaşına kitabından sorğuda adları qeyd olunan şəxslərə məxsus təsərrüfatdan arxiv çıxarışı məhkəməyə göndərilmişdir. Həmin sənədə əsasən, X3 0,25 ha, X11 0,25 ha, X6 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Göründüyü kimi, məhkəmənin etdiyi sorğulara baxmayaraq, torpaq islahatı zamanı, iddiaçının və üçüncü şəxslərin ailələrinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin ölçüsünü və həmin ölçülərin JN-048F, JN-049F və JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən ölçülərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Məhkəmə hesab edir ki, belə olan halda, üçüncü şəxslərin adlarına olan JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qanunsuz olması iddia oluna və həmin sənədlər ləğv edilə bilməz. Bu səbəbdən də hazırkı iddianın təmin edilməsi mümkün deyil. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X19 və X9 məxsus müvafiq olaraq JN-049F və JN- 048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X10 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar