Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-651/2023 15.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüququ yaranan 60 yaşı tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququ yaranan 60 yaşı tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən o, xx.xx.1960-cı ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuş, hazırda 62 yaşı var. O, xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək Bakı Neft Texnikumunda əyani təhsil almış, 1978-1980-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış və aşağıda qeyd etdiyi iş stajına malikdir. xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1984-cü illərdə ayrı-ayrı təşkilatlarda işləmiş, xx.xx.1984-cü ildən Azqaztikinti İdarəsində “Telman" adına sahəyə 3-cü dərəcəli çilingər olaraq işə qəbul edilmiş, sonra isə xx.xx.1985-ci ildə həmin idarədə 2-ci dərəcəli qaz qaynaqçısı, xx.xx.1988-ci ildə 4-cü dərəcəli qaz qaynaqçısı olaraq işləmiş və xx.xx.1994-cü ildə qaz qaynaqçısı işindən azad edilmişdir. xx.xx.2006-cı ildən xx.xx.2007ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən hazıradək X1 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində işləyir. X1 İstismar İdarəsindən verilən və iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli 01/SB-64 saylı Arayışda onun işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş peşədir və həmin sahədə 12 il 6 aydan çox iş stajı mövcuddur, ümumilikdə isə təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 30 ildən çox iş stajı var və hazıradək həmin sahədə işləməkdədir. İşlədiyi “əl ilə qaynaqda elektrik qaynaqçısı” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən kateqoriyaya aiddir və onun 60 yaşı bitdiyi vaxta 30 il iş stajı vardır. 57 yaşı bitdiyi vaxtdan güzəştli şərtlə pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin onun hüququ həmin vaxt yaranmadığından tələbindən imtina edilmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı aşağıdakı qaydada əsaslandırmışdır.: “İddiaçı iddia ərizəsində qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün qanunvericilikdə nəzərədə tutulan yaş həddinə (60 yaş) çatdığı və 30 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajının olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçı daha öncə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi iddiaçının ümumi iş stajının 21 il 5 ay 06 gün olmaqla, tələb olunan müddətdən (25 il) az olduğu, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Qeyd etmək istəyirik ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 60 yaşına çatmışdır. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun mübahizəsiz qəbul edilən ümumi iş stajı 25 ildən az 21 il 5 ay 6 gün olmaqla aşağıdakı dövrlərdən ibarətdir: xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 14 il 10 ay. Belə ki, 2006-2022-ci illərə münasibətdə qeyd etməliyik ki, iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə (xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə cəmi - 16 il 9 ay 30 gün əmək fəaliyyətinə əsasən) cəmi 14 il 10 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21,2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bu səbəbdəndə qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənilməyən əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Həmçinin qeyd edək ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33691,09 manat təşkil edir. Göründüyü kimi, İddiaçı ümumi iş stajı 21 il 5 ay 06 gün olmaqla qanunvericilikdə nəzərdə tutulan müddətdən azdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yasa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır”. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - NZ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Fərman oğlu 1978- 1980-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. - İT seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış və xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1984-cü illərdə ayrı-ayrı təşkilatlarda işləmiş, xx.xx.1984-cü ildən Azqaztikinti İdarəsində “Telman" adına sahəyə 3-cü dərəcəli çilingər olaraq işə qəbul edilmiş, sonra isə xx.xx.1985-ci ildə həmin idarədə 2-ci dərəcəli qaz qaynaqçısı, xx.xx.1988-ci ildə 4-cü dərəcəli qaz qaynaqçısı olaraq işləmiş və xx.xx.1994-cü ildə qaz qaynaqçısı işindən azad edilmişdir. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən hazıradək X1 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində işləyir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X2 filialının xx.xx.2022-ci il tarixli 787 nömrəli Arxiv Arayışından görünür ki, Şəki 8 nömrəli təmir tikinti sahəsinin işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə əsasən İsmailov Natiq 1987,1988 və 1989-cu illərdə əmək haqqı almışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu; - “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli arayışı. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X3 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. 4) iddiaçının pensiyanın təyin edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixində qüvvədə olan normalara əsasən pensiya kapitalı tələbi mövcud olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çox (26 il 07 ay 24 gün), güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 12 il 06 aydan artıq (12 il 8 ay 12 gün) olmaqla aşağıdakı kimi hesablanmalıdır. xx.xx.1978 - xx.xx.1980-ci ilədək Sovet Ordu sıralarında hərbi xidmət keçmiş; (2 il 1 ay 14 gün) xx.xx.1981 - xx.xx.1982-ci ilədək, Kirov adına Maşınqayırma zavodu; (1 il 2 ay 28 gün ) xx.xx.1982 - xx.xx.1984-cü ilədək DİŞ nəznində OVO gözətçi işləmiş; (1 il 2 ay 24 gün) xx.xx.1984 - xx.xx.1994-cü ilədək “Telman” adına Azqaztikinti İdarəsində çilingər və qaz qaynaqçısı işləmiş; (09 il 4 ay 16 gün) xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən tələb olunan xx.xx.2020-ci ilədək X1 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində; (cəmi 12 il 8 ay 12 gün) İddiaçının pensiya kapitalı tələbinə dair cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki,cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının 33877,06 manat pensiya kapitalının olduğu qeyd edilmişdir.Cavavdehin xx.xx.2023-cü il tarixli etiraz məktubundan görünür ki,iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü ilədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməmişdir.Bu baxımdan da hesablanan 33877,06 manat pensiya kapitalı cavabdehin mübahisələndirmədən qəbul etdiyi sosial sığorta stajına uyğun hesablanmışdır.Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1984-xx.xx.1994-cü ilədək “Telman” adına Azqaztikinti İdarəsində çilingər və qaz qaynaqçısı işlədiyi dövr onun sosial sığorta stajına daxil edildiyindən hesab edilir ki,onun pensiya kapitalı ümumi sosial sığorta stajına uyğun indeksləşdirilməklə 2020-ci il üçün tələb olunan minimum pensiya kapitalından-34560 manatdan artıqdır. İddiaçının işlədiyi “əl ilə elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2020-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.