Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-653/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 nömrəli iclas protokolu, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Xosrov kəndində yerləşən 0.12 ha (1200 kv.m) ölçüdə torpaq sahəsinin dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi), torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 nömrəli iclas protokolu, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Xosrov kəndində yerləşən 0.12 ha (1200 kv.m) ölçüdə torpaq sahəsinin dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi), torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3012/2023 nömrəli qərardadı ilə Ağdaş Rayonu Xosrov Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolu ilə iddiaçıya 0.12 ha torpaq sahəsinin ayrılıb verilməsi qərarı alınmışdır. 2007-ci ilin yanvar ayında bələdiyyə sədrinin müavinin və digər bələdiyyə üzvlərinin iştirakı ilə həmin vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları yerində ölçülərək müəyyən edilmiş və naturada ona tanıdılaraq təhvil verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon Torpaq şöbəsinin mütəxəssisi tərəfindən həmin torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. xx.xx.2007-ci il tarixdə torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar tələb olunan 240 manat pul vəsaiti iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra Ağdaş bələdiyyəsi tərəfindən ona ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsinin sxematik planı (ayrılmış torpaq sahəsinin yerquruluşu planı) hazırlanmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər (surətlər) ekspetiza edilərək araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 saylı iclas protokolu ilə fərdi ev tikintisi üçün 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinini mövcud tələblərinə uyğun aparılmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən əlavə edilmiş sənədlər içərisində torpaqların alqı-satqısına dair akt yoxdur və həmçinin evə dair heç bir sənəd təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin mülkiyyətinə 240 AZN ödəniş edilmişdir.
3. A seriyalı 072309 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı iclas protokolunun qərarı ilə İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
4. DTXK-nın Ağdaş rayon şöbəsinin rəyindən görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
5. Ağdaş RİH Memarlıq və tikinti şöbəsinin məktubundan görünür ki, Şöbə 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılmasına etiraz etməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-4999/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı iclas protokolunun qərarı ilə ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə verilmiş A 072309 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin naturada sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir İddiaçı Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı iclas protokolunun qərarı ilə ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə verilmiş A 072309 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı (az yararlı) torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş Rayonu Xosrov Bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatlarə və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A 072309 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A 072309 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən və iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin 495 kv.m hissəsi başqa şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi həmçinin sənəd üzrə olan başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli qəbzə əsasən Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin hesabına ödənilmişdir.İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə torpaq sahəsinə dair ilkin texniki sənəd arasında qismən uyğunsuzluq mövcuddur.Oxşar işlərlə bağlı məhkəmə təcrübəsinə əsasən bu hallarda mülkiyyət hüququ qeydə alınaraq texniki sənəd faktiki istifadə vəziyyətinə uyğunlaşdırılma aparılmalıdır. Təqdim olunmuş rəyə əsasən iddiaçının istfadəsində iddia olunandan artıq torpaq sahəsi olduğundan və natura istifadə olunan torpaq sahəsi üst-üstə düşmədiyində iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmalıdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair alğı-satqı aktının tərtib olunmaması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Alğı-satqı aktının olmaması barədə məhkəmə əlavə olaraq qeyd edir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir. Əgər alğı-satqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. Ümumiyyətlə qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alğı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Alğı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alğı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Ağdaş Rayonu Xosrov Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 3 nömrəli qərarına əsasən İddiaçın ayrılmış Ağdaş rayonu Xosrov kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq Çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə