Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-654/2021 17.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Zakirli Rabiyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı “Cavabdeh 19.11.2019-cu il tarixli 2/1917/T-8-068 nömrəli imtinasının qanunsuz hesab edilməsi və İddiaçı hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17.03.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddiasında dəqiqləşmə aparmış və “yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17.03.2021-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 31.07.2002-ci il tarixdən 20.09.2016-cı il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, 20.09.2016-cı il tarixində “Hərbi vəzilə və xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 42.0.2 maddəsinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. 2-ci qrup hərbi əlildir. İddiaçı mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi almaq üçün qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyini əsas gətirərək yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun iddiaçıya şamil olunmadığını bildirmişdir. İddiaçı tələbinin hüquqi əsasını “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzası ilə, cavabdeh imtinasının hüquqi əsasını həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzası və 7-ci bəndi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 31.03.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmişdir. İddia tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 19.11.2019-cu il tarixli imtina məktubu, AR MN-nin Mənzil-İstismar İdarəsinin 03.04.2021-ci il tarixli 1392 nömrəli arayışı, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xxxxxxx0002 nömrəli 14.11.2016-cı il tarixli elektron informasiya sitemindən çıxarışı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin 09.02.2021-ci il tarixli 3 nömrəli arayışı, cavabdeh orqanın 31.03.2021-ci il tarixli 2/227/126 nömrəli etiraz məktubu, EZ seriyalı ******* nömrəli hərbi biletin surəti, MN MHKH-nın 26.10.2016-cı il tarixli 1066 nömrəli qərarı, Qəbələ rayon Dövlət Arxivinin 19.03.2021-ci il tarixli 44 nömrəli arayışı və ona əlavə olunmuş təsdiq edilmiş sənədlərin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan Qəbələ RİH-nin 19.11.2019-cu il tarixli imtina məktubunun məzmunundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş, iddiaçıya Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyinə görə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən pulsuz torpaq sahəsi almaq və digər hüquqların şamil olunmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin 09.02.2021-ci il tarixli 3 nömrəli arayışından görünür ki, iddiaçı 31.07.2002-ci il tarixdən 20.06.2006-cı il tarixədək müdavim kimi, 20.06.2006-cı il tarixdən 20.09.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, xidmət müddətində baş leytenant hərbi rütbəsi almış və 20.09.2016-cı il tarixdə xəstəliyinə görə istefaya buraxılmışdır. İş materiallarında olan EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı Qəbələ RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, 20.09.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.08.2016-cı il tarixli 0579 nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 03.04.2021-ci il tarixli 1392 nömrəli arayışından görünür ki, iddiaçı Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İş materiallarında olan 26.10.2016-cı il tarixli 1066 nömrəli MN MHKH-nın qərarından görünür ki, Qəbələ RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı xəstəlik - diaqnoz “xroniki affektiv pozuntu, tsiklotimiya. Vertebrogen lümbalgiya” olaraq qeyd edilmiş, xəstəliyin hərbi xidmət dövründə alındığı göstərilmişdir. İş materiallarında olan ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xxxxxxx0002 nömrəli 14.11.2016-cı il tarixli elektron informasiya sitemindən çıxarışından görünür ki, iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik almışdır. İş materiallarında olan DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09.02.2021-ci il tarixli arayışından görünür ki, iddiaçının adına Qəbələ rayonu inzibati ərazi vahidi üzrə Çarxana kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0.34 ha həyətyanı torpaq sahəsi (JN 050F, kod ********) vardır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan, yuxarıda sadalanan sənədlərdən müəyyən olunur ki, iddiaçı 31.07.2002-ci il tarixdən 20.09.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.08.2016-cı il tarixli 0579 nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 14 il 1 ay 20 gün həqiqi hərbi xidmət etmiş və baş leytenant hərbi rütbəsi almışdır. Hal-hazırda ikinci dərəcə əlildir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. Həmin Qanunun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Göründüyü kimi, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsində nəzərdə tutulmuş zabitlərin həqiqi hərbi xidmətini keçmiş və xəstəliyə görə istefaya buraxılmışdır. İddiaçı 14 ildən artıq müddətdə həqiqi hərbi xidmət keçdiyi, baş leytenant hərbi rütbəsində, xəstəliyə görə ehtiyata buraxıldığı üçün hazırki iddia tələbində qeyd edilmiş tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasını və 7-ci bəndini əsas gətirərək, yəni iddiaçının 15 təqvim ilindən az xidmət dövrü olduğu üçün müraciətin təmin olunmasından imtina etmişdir Hazırki iş üzrə iddia tələbinin hüquqi əsası “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında birbaşa nəzərdə tutulmuşdur. Belə ki, həmin norma yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin (gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları) yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməli olmasını birbaşa tənzimləyir. İstinad olunan normada yalnız müddətindən artıq xidmət hərbi qulluqçularının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin edilməsi üçün fərqli qaydalar müəyyən edilmişdir. Belə ki, müddətindən artıq xidmət hərbi qulluqçulara münasibətdə 15 təqvim ili və daha çox xidmət edilməsi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların isə azı 5 təqvim ili xidmət etməsi tələb olunur. Bu isə onu deməyə əsas verir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasında qeyd edilmiş 15 təqvim ili və daha çox xidmət etmə tələbi istefaya və ya ehtiyata buraxılma səbəbindən asılı olmayaraq bütün hərbi qulluqçulara münasibətdə şamil olunsa idi, onda müddətindən artıq xidmət hərbi qulluqçulara münasibətdə 15 təqvim ili və daha çox xidmət edilməsi ilə bağlı ayrıca qaydanın müəyyən edilməsinə ehtiyac qalmazdı. Eyni zamanda, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçulara isə azı 5 təqvim ili xidmət etməsi tələbinin müəyyən edilməsi də əhəmiyyətsiz olardı. Qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasında ümumi qayda olaraq xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnu müəyyən etmiş, 2-ci bəndin 3-cü abzasında isə öz iradəsindən asılı olmayaraq (yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə) ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara münasibətdə xüsusi müddət müəyyən etməmişdir. Təhlil olunan Qanunun 12ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında qeyd olunan 15 təqvim ili və daha çox xidmət müddəti tələbi göründüyü kimi müddətindən artıq xidmət hərbi qulluqçularına şamil edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına və həmin maddənin 7-ci bəndinə istinad edərək yaşına, səhhətinə ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin yaşayış sahələri ilə təmin edilməsi üçün 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət etmə tələbinin olmasını bildirmişdir. Məhkəmə cavabdehin gətirdiyi həmin dəlillə razılaşmır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələbinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Odur ki, cavabdehin etirazın əsası olaraq istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzası və həmin maddənin 7-ci bəndi ilə, həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzası müqayisəli şəkildə təhlil edilərkən aydın olur ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzası və 12-ci maddənin 7-ci bəndi ümumi normalar müəyyən etdiyi halda, müvafiq qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzası xəstəliyə görə istefaya buraxılmış zabitlərlə bağlı daha konkret münasibətləri tənzimləyərək, 15 təqvim ili ilə bağlı tələb müəyyən etmir. Müddətlə bağlı tələbin müəyyən edildiyi hərbi qulluqçuların dairəsini isə konkretləşdirir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 7-ci bəndinə istinad olunduğu halda onda yuxarıda qeyd edildiyi kimi, həmin qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında müddətindən artıq xidmət hərbi qulluqçulara və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçulara münasibətdə fərqli tənzimləmənin aparılmasına ehtiyac qalmaz, bütövlükdə norma öz əhəmiyyətini itirmiş olardı. Əks yanaşma “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü bəndinin də tələblərini pozmuş olardı. Belə ki, həmin bənddə deyilir: heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında nəzərdə tutulmuş hüququnu pozmuşdur. Müvafiq normada müddətlə bağlı xüsusi tələb müəyyən edilmədiyindən, İddiaçı cavabdeh Qəbələ RİH-dən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına salınmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı baş leytenant hərbi rütbəsi ilə xəstəliyinə görə ehtiyata buraxıldığı üçün onun yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsinə heç bir hüquqi maneə mövcud deyildir. Həmçinin iddiaçının yaşayış sahəsi ilə təmin olunması da iş materialları ilə müəyyən edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər) Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-654/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-654/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver