Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-655/2022 17.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1987-ci il tarixli 66 №-li doğum haqqında akt qeydində adının “Arzu” adından “Ceyhun” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ Rayon Qeydiyyat Şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona, İddiaçı məxsus doğum haqqında akt qeydində adının “Arzu” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Ceyhun” kimi yazılaraq düzəliş olunması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “xx.xx.1987-ci il tarixli 66 №-li doğum haqqında akt qeydində adının “Arzu” adından “Ceyhun” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının ilkin doğum haqqında akt qeydində adı “Arzu” olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş doğum haqqında şəhadətnamədə və bütün digər sənədlərdə adı “Ceyhun” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında ilkin doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçının doğum haqqında şəhadətnaməsi ilə doğum haqqında akt qeydi arasında ziddiyyət mövcuddur və həmin zidiyyətin aradan qaldırılması mümkün olmamışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2012-ci il tarixdə verilmiş, AZE 0******* №-li şəxsiyyət vəsiqəsində, AO ******* №-li hərbi biletdə, B210658 №-li orta təhsil haqqında attestatda xx.xx.1987-ci il təvəllüdlü İddiaçı barəsində məlumatlar qeyd edilmişdir. - Xİİİ-ЖГ 329951 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. - xx.xx.1987-ci il tarixli 66 №li doğum haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1987-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası – X2, anası X1 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı doğum haqqında akt qeydində “Arzu” qeyd edilməsinə baxmayaraq ona təqdim edilmiş doğum haqqında şəhadətnamədə və bütün digər sənədlərdə adı “Ceyhun” olaraq qeyd edilmişdir. İstinad olunna doğum haqqında şəhadətnamədə iddiaçının adını “Ceyhun” qeyd edən orqanla, ilkin doğum haqqında akt qeydində “Arzu” adını yazan orqan eyni qurum – Qəbələ rayon Məlikli kənd İƏD üzrə nümayəndəliyi olmuşdur. Bu isə o deməkdir ki, müvafiq akt qeydində yol verilmiş yanlışlığı aradan qaldıraraq “Ceyhun” adının qeyd edildiyi şəhadətnaməni təqdim edən orqan, özündə saxladığı müvafiq akt qeydləri kitabına düzəliş etməmişdir. İddiaçı isə uzun illər ərzində onda olan doğum haqqında şəhadətnamənin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. xx.xx.1987-ci il tarixli 66 №-li doğum haqqında akt qeydində (X5 barəsində tərtib edilmiş) iddiaçının adının “Arzu” adından “Ceyhun” adına düzəliş edilməsi öhdəliyi cavabdeh Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.