Məhkəmə qərarları › İş №2-1(116)-656/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-656/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-656/2023 08.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 131 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 131 nömrəli sərəncamının qanunsuz olduğuna görə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Mingəçevir Şəhər Xalq X3 Heyətinin 07 iyul 1995-ci il tarixli, 144 nömrəli qərarı ilə maşın bazarının təşkili üçün Mingəçevir şəhəri “Azərrezintexnika” İB-nin şərq hissəsindəki boş sahədən iddiaçıya daimi istifadə üçün 0,5 ha (200x25) torpaq sahəsi ayrılmışdır. Bundan sonra Mingəçevir Şəhər XDM-nin həmin qərarı nəzərə alınaraq Cavabdeh başçısının 24 avqust 1995-ci il tarixli 758 nömrəli sərəncamı ilə həmin 0,5 ha torpaq sahəsində ona maşın satışı bazarının təşkilinə icazə verilmişdir. Bir müddət maşın satışı bazarı kimi fəaliyyət göstərdikdən sonra Cavabdeh başçısının 20 sentyabr 2004-cü il tarixli, 1171 nömrəli yazılı razılığı ilə maşın satışı bazarının yerində mal-qara bazarı təşkil olunmuş və həmin vaxtdan hal-hazıradək malqara bazarı kimi fəaliyyət göstərirdi. Lakin iddiaçının xəbəri və məlumatı olmadan, habelə onun razılığı olmadan Cavabdeh başçısı maşın bazarının təşkilinə icazə verilməsi haqqında şəhər icra hakimiyyəti başçısının 758 №-li 24 avqust 1995-ci il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə 07 oktyabr 2022-ci il tarixii 131 nömrəli sərəncam imzalamış və sərəncam iddiaçıya poçtla göndərilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh başçısının bu sərəncamı əsassız və qanunsuzdur, ləğv edilməlidir. İlk növbədə torpaq sahəsindən davamlı olaraq istifadə olunduğu halda sərəncamın əsaslandırma hissəsində göstərilir ki, guya iddiaçı uzun müddətdir ki, torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Bu tamamilə həqiqətə uyğun deyil və torpaq sahəsindən 18 ildir ki, fasiləsiz olaraq mal-qara bazarı kimi istifadə olunur. İkincisi, torpaq sahəsi iddiaçı Mingəçevir Şəhər XDM-nin qərarı ilə daimi istifadəyə ayrıldığı halda, sərəncamın qərar hissəsində 1-ci bənddə qeyd olunur ki, Cavabdeh başçısının 758 №-li 24 avqust 1995-ci il tarixli Nəbi Rzayevə torpaq sahəsi ayrılması barədə sərəncamı qüvvədən düşmüş hesab edilsin. Halbuki, həmin sərəncamla iddiaçıya torpaq sahəsi ayrılmamışdır, həmin sərəncamla ona XDM-nin qərarı ilə ayrılmış torpaq sahəsində bazar təşkilinə icazə verilmişdir. Daha sonra, sərəncamın 3-cü bəndində göstərilir ki, iddiaçının istifadəsində olan 0,5 ha torpaq sahəsi dövlət torpaq fonduna qaytarılsın. İddiaçı bununla bağlı qeyd edir ki, 0,5 ha torpaq sahəsinin onun daimi istifadəsinə ayrılması haqqında Mingəçevir Şəhər XDM Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli 144 №-li qərarı qüvvədədir, bu qərarın qanunamüvafiq qaydada ləğv olunması barədə hər hansı bir qərar yoxdur və belə olan halda şəhər icra hakimiyyəti başçısının istifadədə olan 0,5 ha torpaq sahəsinin dövlət torpaq fonduna qaytarılması sərəncamı birmənalı olaraq qanunaziddir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 2166 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Mingəçevir şəhər Xalq X3 Heyətinin 07 iyul 1995-ci il tarixli 144 nömrəli qərarı ilə maşın bazarının təşkili məqsədi ilə iddiaçı X10 şəhəri “Azərrezintexnika” X6 hissəsindəki boş ərazidən 0,5 ha torpaq sahəsi ayrılmışdır. Lakin XDM-nin Rəyasət Heyətinin torpaq ayrılması haqqında qərarı şəhər İcra Hakimiyyəti başçısının torpaq ayrılması barədə Sərəncamı ilə təsdiqlənməmişdir. Belə ki, Mingəçevir şəhər X11 torpaq ayırma səlahiyyətlərinə malik olmamışdır. Məclisin iclasının qərarının şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiqlənməsi lazımdır. Buna baxmayaraq iddiaçı həmin qərara istinad edərək ayrılmış ərazidən maşın bazarı kimi istifadə etməyə başlamışdır. Cavabdeh XDM-nin Rəyasət Heyətinin qərarına istinad edərək iddiaçı N.Rzayevə həmin ərazidə maşın bazarı təşkil etməyə icazə verən 24 08.1995-ci il tarixli 758 nömrəli Sərəncam vermişdir. Lakin N.B.Rzayev maşın bazarı təşkil edə bilməmiş və şəhər İcra Hakimiyyətinə ayrılmış ərazidə mal bazarının təşkil edilməsinə icazə verilməsini xahiş etmişdir. Cavabdeh başçısı ərazidə mal bazarının təşkil edilməsinə icazəni adi məktubla vermiş, halbuki, həmin icazə sərəncam formasında verilməmişdir. İşin hallarından göründüyü kimi iddiaçı ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir və hal-hazırda da etmir. Məhkəmənin nəzərinə çatdırılır ki, Mingəçevir şəhərində iş qabiliyyəti olan əhalinin xeyli hissəsi işsizdir və şəhər ərazisində işsizlik problemi çox ciddidir. Bu halın aradan qaldırılması üçün ölkənin Prezidenti cənab İlham Əliyevə müraciət olunub və cənab Prezidentin Sərəncamı ilə keçmiş “Azərrezintexnika” İstehsalat Birliyinin ərazisi Sumqayıt Sənaye parkına ərazidə 3 ədəd fabrikin tikintisi üçün verilmişdir. Hal-hazırda həmin ərazidə layihə-smeta işləri aparılır və iddiaçı N.Rzayevin mal bazarı kimi istifadə etdiyi sahə Sənaye parkına ayrılmış torpaq sahəsinin giriş hissəsinə düşür. Bu səbəbdən də, həmin torpaq sahəsinin geri alınması məsələsi yaranmış, məsələ araşdırılmış və müəyyən edilmişdir ki, N.Rzayevə ayrılmış torpaq sahəsindən o təyinatı üzrə uzun müddətdir istifadə etmir, mal bazarı isə mütəmadi deyil, vaxtaşırı, ayda 1 ya 2 dəfə bir neçə saat ərzində fəaliyyət göstərir. Qeyd olunanlara əsasən şəhər İcra Hakimiyyəti başçısının 131 nömrəli xx.xx.2022ci il tarixli Sərəncamı verilmişdir. Cavabdeh hesab edir ki, Cavabdeh başçısının 131 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı qanunauyğun verilmiş və ləğv edilməsi üçün əsas yoxdur. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı çıxarılana qədər onun qanuni istifadəsində olan 0,5 ha torpaq sahəsində cavabdehə və başqa şəxslərə torpaq-qazıntı, tikinti, quraşdırma və sair hərəkətləri etməkdən və işlər görməkdən çəkinmək vəzifəsinin həvalə edilməsi və qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 15(116)-5/2023 nömrəli qərardadı ilə İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Qeyd olunan qərardaddan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 15(107)-4/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 15(116)-5/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 04 oktyabr 2022-ci il tarixli 131 nömrəli Sərəncamının ləğv edilməsi tələbinə dair işə baxılıb yekun məhkəmə qərarı çıxarılana qədər “Azərrezintexnika” X6 hissəsindəki boş sahədən (cizgiyə uyğun olaraq) ayrılmış 0,5 ha torpaq sahəsində Cavabdehnə torpaq-qazıntı, tikinti, quraşdırma və sair hərəkətləri etmək və işlər görmək qadağan edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 15(107)-4/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən sərəncam xx.xx.2022-ci il tarixində qəbul edilmiş, iddiaçıya çatdırılması üçün poçt xidmətinə təqdim edilmiş, iddia ərizəsinə əlavə olunmuş zərfin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə sərəncamın təsdiq olunmuş surətini almış, xx.xx.2022-ci il tarixdə poçta verilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə cavabdehin sərəncamını mübahisələndirmişdir ki, belə olduğu halda iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İş materiallarında olan: X5 filialının xx.xx.2022-ci il tarixli, T-215 nömrəli arxiv arayışında qeyd olunur ki, xx.xx.2004-cü il tarixli, 1171 nömrəli məktub filialda mühafizə olunmur və 2022-ci ilin sərəncamları təhvil verilməmişdir. Arxiv arayışına əlavə olunmuş Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli, 758 nömrəli sərəncamının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin sərəncamda X9 Mingəçevir şəhər Xalq X3 Heyətinin xx.xx.1995-ci il tarixli, 144 nömrəli qərarı əsasında “Azərrezintexnika” İB-nin şərq hissəsindəki boş sahədən (cizgiyə uyğun olaraq) ayrılmış 0,5 ha (200x25) sahədə sahibkar kimi öz vəsaiti hesabına maşın satışı bazarının təşkilinə icazə verilmişdir. Mingəçevir ŞİH başçısının iddiaçıya ünvanladığı xx.xx.2004-cü il tarixli, 1171 nömrəli məktubunda qeyd olunur ki, ayrılmış sahədə “Baytarlıq təbabəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun müvafiq şərait yaratmaqla və şəhər Baytarlıq müfəttişliyində qeydiyyatdan keçməklə “Baytarlıq qeydiyyatı Şəhadətnaməsi” aldıqdan sonra orada mal-qara bazarının təşkilinə etiraz edilmir. İddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubuna əlavə edilmiş: Mingəçevir Şəhər Xalq X3 Heyətinin xx.xx.1995-ci il tarixli, 144 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, torpaq komissiyasının rəyi nəzərə alınaraq, N.Vəzirov küçəsi 5, mənzil 28-də yaşayan N.B.Rzayevə maşın satışı bazarının təşkili üçün “Azərrezintexnika” İB-nin şərq hissəsindəki boş sahədən (cizgidə qeyd olunan yerdə) 0,5 ha (200x25) sahənin ayrılması qərara alınmışdır. Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli, 758 nömrəli sərəncamının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin sərəncamda X9 Mingəçevir şəhər Xalq X3 Heyətinin xx.xx.1995-ci il tarixli, 144 nömrəli qərarı əsasında “Azərrezintexnika” İB-nin şərq hissəsindəki boş sahədən (cizgiyə uyğun olaraq) ayrılmış 0,5 ha (200x25) sahədə sahibkar kimi öz vəsaiti hesabına maşın satışı bazarının təşkilinə icazə verilmişdir. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 131 nömrəli sərəncamının təsdiq olunmuş surətində qeyd olunur ki, “Cavabdeh başçısının 758 nömrəli 24 avqust 1995-ci il tarixli Sərəncamı ilə X2 “Azərrezintexnika” X6 hissəsindəki boş ərazidən maşın bazarının təşkili üçün 0,5 ha torpaq sahəsi ayrılmışdır. X1 uzun müddətdir ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə etmir və həmin ərazidə maşın bazarı fəaliyyət göstərmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarına aşağıdakı hallarda xitam verilir: - kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində, qeyri kənd təsərrüfatı təyinatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə. Qeyd olunanları, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasını rəhbər tutaraq qərara alıram: 1.Cavabdeh başçısının 758 nömrəli 24 avqust 1995-ci il tarixli, X2 maşın bazarının təşkil edilməsi üçün torpaq sahəsi ayrılması barədə Sərəncamı qüvvədən düşmüş hesab edilsin. 2.Sərəncamın surəti X8 ünvanına göndərilsin. 3.X2 “Azərrezintexnika” İB-nın şərq hissəsindəki boş ərazidən ayrılmış 0,5 ha torpaq sahəsi dövlət torpaq fonduna qaytarılsın.” Məhkəmə işin hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. “İnzibati icraat haqqında Qanun”un 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Sadalanan normaların tələblərinə əsasən mübahisələndirmə haqqında iddialarda mübahiələndirilən inzibati aktın qanuniliyinə qiymət verilir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisəyə səbəb olmuş torpaq sahəsinin ayrılması barədə qərarın ləğvi əsası kimi sərəncamda aşağıdakılar göstərilmişdir: “kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə”. Azərbaycan Respublikasının “Torpaq məcəlləsi”nin 73-cü maddəsinə əsasən:

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Məcəllənin 75-ci maddəsinə görə:

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.

6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Torpaq Məcəlləsinin 73.1-ci maddəsinin 7 və 8-ci abzaslarına əsasən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi və torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi əsaslarına aiddir ki, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu hallarda torpaq üzərində icarə hüququna məhkəmə tərəfindən xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli sərəncamında Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasına istinad edilsə də, əsas qismində 9-cu abzasda nəzərdə tutulmuş “kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə” müddəasına istinad edilmişdir. Bununla bağlı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Topraq Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinin həm 8-ci, həm də 9-cu abzaslarında nəzərdə tutulan hallarda, yəni cavabdeh tərəfindən xitam əsası kimi göstərilmiş halda torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə tərəfindən xitam verilir. Belə ki, qanunverici normanın tələbində torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməli olmasını qeyd edilmişdir. Lakin, cavabdeh Torpaq Məcəlləsinin tələblərinə əməl etmədən torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh etirazında torpaq sahəsinin təyinatına uyğun istifadə edilməməsini əsas gətirsə də, sərəncamda əsas olaraq kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilməməsini göstərmiş, eyni etirazda iddiaçının torpaq sahəsini mütəmadi deyil, vaxtarşırı, ayda 1 ya 2 dəfə istifadə etdiyini qeyd etmişdir. Halbu ki, cavabdeh iddiaçı tərəfindən torpaq sahəsindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu hesab edirdisə bu barədə iddiaçıya məlumat verməli, pozuntuların aradan qaldırılmasını tələb etməli, pozuntular aradan qaldırılmadığı halda müvafiq tələblə məhkəməyə müraciət etməli idi. Beləliklə, cavabdeh mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 131 №-li sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı barəsində qanunsuz inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 131 nömrəli sərəncamı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar