Məhkəmə qərarları › İş №2-1(116)-657/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-657/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-657/2020 02.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Dövlət X1 əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2014-cü il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ali təhsil illərinin əmək pensiyası stajına daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək, ali təhsil aldığı illərin onun sosial sığorta daxil edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbində dəqiqləşmə aparmış və “xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Dövlət X1 əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2014-cü il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazı: Cavabdeh orqan etirazında bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə hüququ yarandığı üçün xx.xx.2006-cı ilədək: 1969.07.01--1971.08.23 = 02-01-22 1976.08.07--1976.11.01 = 00-02-24 1979.01.02--2006.01.01 = 26-11-29 cəmi= 29-03-15 xx.xx.2006-cı ildən 6 il 11 ay staj və 3407.20 manat pensiya kapitalı ilə 192.52 manat əmək pensiyası təyin edilmişdir. Hal-hazırda 352.81 manat əmək pensiyası alır. Təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddia təmin olunacağı təqdirdə pensiyası hesablanaraq 364.99 manat olacaq. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan ЛВ seriyalı 014074 nömrəli diplomun təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı 1972-ci ildə “S.M.Kirov” adına Azərbaycan Dövlət X4 daxil olmuş və 1983-cü ildə həmin institutu bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. İş materiallarında olan xx.xx.1970-ci il tarixli Əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Dövlət X1 əyani təhsil almışdır. İş materiallarında olan ******* nömrəli Hərbi biletin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli 11-11-39/12 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx xxxx 1972-ci il tarixli 145 nömrəli əmrlə ADBTİ-nin yüngül atletika idman növü ixtisası üzrə pedaqoji fakültənin İ kursuna qəbul olunub. 1976-cı ildə İddiaçı dövlət attestasiyasından qeyri-müvəffəq qiymət aldığı üçün ADBTİ-dən xaric edilmişdir. Müvafiq ali təhsil müəssisəsindən əldə olunan məlumata əsasən SSRİ Nazirlər Kabineti yanında Fiziki tərbiyə və idman üzrə Dövlət Komitəsinin xx xxxx 1982-ci il tarixli xx-xx/2279 nömrəli məktubuna və SSRİ Ali Təhsil Nazirliyinin xx xxxx 1974-cü il tarixli, 245 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin Dövlət İmtahan Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq İddiaçı ADBTİ-nin xx xxxx 1983-cü il tarixli, 65 nömrəli əmri ilə “Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası” və “Fiziologiya" fənlərindən dövlət imtahanından müvəffəq qiymət alaraq məzun olmuş və ona “Bədən tərbiyəsi müəllimi” ixtisası verilmişdir. Eyni zamanda bildirilir ki, ADBTİ tərəfindən onun adına yazılmış ЛВ seriyalı 014074 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədidir. İş materiallarında olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2020-ci il 376/R-04 nömrəli məktubunda qeyd edilir ki, vətəndaş İddiaçı xx xxxx 1972-ci il tarixli 145 saylı əmrlə (§1) hazırlıq fakültəsindən Azərbaycan Dövlət X2 pedaqoji fakültəsinin əyani təhsil üzrə İ kursuna daxil olmuşdur. 1972-1976-cı illərdə o, əyani fakültədə təhsil almış, tam kursu başa vurmuş, lakin Dövlət İmtahanından qeyri-kafi qiymət aldığı üçün xx xxxx 1976-cı il tarixli 706/68-C saylı əmrlə (§10) İnstitutdan xaric edilmişdir. 1977-ci ildə o, təkrarən Dövlət İmtahanına buraxılmış, lakin yenə də qeyrikafi qiymət alaraq xx xxxx 1977-ci il tarixli C-49/0617 saylı əmrlə (§10) Azərbaycan Dövlət X6 bitirməsi haqqında diplom almaq hüququnu itirmişdir. Lakin SSRİ Nazirlər Sovetinin xx xxxx 1982-ci il tarixli 01-xx-xx/2279 saylı məktubu və SSRİ Ali Təhsil Nazirliyinin xx xxxx 1974-cü tarixli 245 saylı əmri ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, İddiaçı Azərbaycan Dövlət X3 x xxxx 1983-cü il tarixli P-65 saylı əmri ilə müstəsna hal kimi 3-cü dəfə Dövlət İmtahanına buraxılmışdır. Dövlət İmtahanını müvəffəqiyyətlə vermiş vətəndaş İddiaçı diplom verilməsi haqqında xx xxxx 1983-cü il tarixində P-78 saylı əmr verilmişdir. Həmin ildə ona ЛВ seriyalı 014074 nömrəli (qeydiyyat №493, verilmə tarixi xx xxxx 1983cü il) diplom verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu, ЛВ seriyalı 014074 nömrəli diplomun təsdiqlənmiş surəti, xx.xx.1970-ci il tarixli əmək kitabçasının surəti, ******* nömrəli hərbi biletin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli etirazı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli 11-11-39/12 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2020-ci il 376/R-04 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İşdə olan cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçıya əmək pensiyası təyin edilmişdir. Hal-hazırda iddiaçı 352.81 manat əmək pensiyası alır. Təhsil illəri iddiaçının sosial stajına daxil edilərsə onun pensiya məbləği artaraq 364.99 manat təşkil edəcəkdir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı əyani təhsil müddətinin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.1972-ci il tarixdə daxil olduğu və xx.xx.1976-cı il tarixdə bitirdiyi Azərbaycan Dövlət X1 əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2014-cü il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1972-ci il tarixdə daxil olduğu və xx.xx.1976cı il tarixdə bitirdiyi Azərbaycan Dövlət X1 əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulmalıdır. İddiaçıya pensiyanın yenidən hesablanması tarixinin tələbdə qeyd olunan xx.xx.2014-cü il tarixdən deyil xx.xx.2017-ci il tarixdən hesablanması ilə bağlı məhkəmə bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarında “pensiyanın yenidən hesablanması” tələbinə dair işlər üzrə hüququn tələbi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı işdə olan ərizəsindən və cavabdeh orqanının xx.xx.2020-ci il tarixli imtina məktubunda görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2014-cü il tarixdə yaranmış və o, təhsil illərinin sığorta stajına daxil edilməsi, pensiyasının yenidən hesablanması və ödənilməsi üçün cavabdeh inzibati orqana xx.xx.2020-ci ildə müraciət etmişdir. Əgər iddiaçıya pensiyanın yenidən hesablanaraq ödənilməsi onun hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən hesablanarsa “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Dövlət X1 əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar