Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-658/2021 25.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-753F nömrəli şəhadətnamədə düzəliş edilərək, X9 adının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair KOD 40601004 JN-753F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə paylı mülkiyyətçi kimi adı göstərilmiş X9 adının mülkiyyətçilər siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 09.03.2021-ci ildə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinin paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Aqrar İslahatı aparılan zaman iddiaçının ailə üzvləri iddiaçı, X11 və X3 ibarət olmuşdur. İddiaçının ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair KOD 40601004 olan JN-753F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilmişdir. JN-753F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olaraq iddiaçının ata adı “Kamil” kimi göstərilmiş və onun ailə üzvünə aid olmayan və ümumiyyətlə tanımadıqları X13 adlı bir nəfərin adı da qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 dekabr 2020ci il tarixli, 2(025)-1288/2020 saylı qətnaməsinə əsasən torpaq sənədinin eyni zamanda iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, X9 adının şəhadətnamədən çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 25.01.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan mülkiyyətçinin adının çıxarılaraq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və “Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-753F nömrəli şəhadətnamədə düzəliş edilərək, X9 adının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan 19.04.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, JN-753 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə paylı mülkiyyətçi kimi adı göstərilmiş X9 adının çıxararaq reyestirdən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinin tələblərinə uyğun olaraq Qəbələ rayon məhkəməsinin 23.12.2020-ci il tarixli, 2(025)-1288/2020 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş və JN-753F saylı Torpağın Mülkiyyətə Verilməsinə X7 Mahir Kamal oğluna aid hissədə ona məxsus olması faktı müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. İddia edilən torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətində və istifadəsindədir. Torpaq sahəsində iki ədəd fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-753F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı Kamil oğlu, X11, X13 və X5 verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1288/2020 nömrəli 23.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Qəbələ rayon AİK-nın 26.02.2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş JN-753F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçi İddiaçı aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ RİH başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin iddiaçıya verdiyi 25.02.2021-ci il tarixli arayışda qeyd edilir ki, 1996-cı il tarixində Aqrar İslahat aparılan zaman X13 adında şəxs bu ailənin təsərrüfat qeydiyyatında olmayıb və hal-hazırda da bu adda şəxs bu ailədə yaşamır. İş materiallarında olan Qəbələ Rayon Qeydiyyat Şöbəsinin 08.05.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X9 adına “Vətəndaşlıq vəziyyəti aktları”nın qeydiyyat informasiya sistemində doğum, ölüm, nikah, nikahın pozulması haqqında heç bir akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Qəbələ RİH başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə verdiyi 16.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, aparılan araşdırma nəticəsində torpaq sahibi İddiaçı təqdim etdiyi sənədlər əsasında məlum olmuş ki, X9 ailəyə heç bir yaxınlığı yoxdur və belə bir adamı tanımırlar. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair kod 40601004 JN-753F saylı şəhadətnamədə qeyd edilmiş 0,06 hektar torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən Qəbələ şəhərinin İnzibati sərhədləri daxilində yaşayış məntəqəsinə aid torpaqlarda yerləşir, uqodiyası çoxillik əkmələr olmaqla xüsusi mülkiyyətdədir. Sualda qeyd olunmuş 0.06 hektar torpaq sahəsiə dair sxem tərtib edilmişdir. İş materiallarında olan “Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətində 753-cü sırada İddiaçı, X12, X13 və X4 adları qeyd edilmişdir. Sənəddə həyətyanı torpaq sahəsinin 0.06 ha olması qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi JN-753F kod 40601004 nömrəli şəhadətnamədə adı qeyd olunan X13 aqrar islahat aparılan zaman İddiaçı ailə təsərrüfatında qeydiyyatda olmamış və hazırda da sözügedən şəxs həmin ailədə yaşamır. Məhkəmə araşdırması zamanı X9 iddiaçı və onun ailə üzvləri ilə və həmçinin həmin təsərrüfatla hər hansı bir hüquqi bağlılığının olması aşkar edilməmişdir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 3 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-753F nömrəli şəhadətnamədə düzəliş edilərək, X9 adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcin ona aid edilməsini xahiş etdiyi üçün həmin xərc iddiaçıya aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-753F nömrəli şəhadətnamədə düzəliş edilərək, X9 adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulur. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X15 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-658/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-658/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver