Məhkəmə qərarları › İş №2-1(116)-658/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-658/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-658/2024 24.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı X1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli **********503800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli **********503800 nömrəli qərar ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2022-ci ilin mənfəət vergisi bəyannaməsini kameral qaydada yoxlayan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanunsuz əlverişsiz inzibati akt olan 31 avqust 2023-cü il tarixli **********503800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla cəmi 18665 manat gəlirə xərclər nəzərə alınmadan 3399.39 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanının hesablamasında xərc kimi yalnız 1350 manat əmək haqqı, 318.05 manat isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı xərc kimi qəbul edilmiş, təqdim edilmiş 18665 manat malların istehsalına sərf edilmiş mal-material xərclərinin isə olmadığı, yəni faktiki olaraq həmin malların,material və digər vasitələr (xərclər) olmadan hazırlandığı qəbul edilmişdir. Yuxarıda göstərilənlərdən isə göründüyü kimi İddiaçı MMC tərəfindən xərclərin uçotu qanunvericiliyə, mühasibat uçotuna uyğun aparılmamışdır. Belə olan halda vergi orqanı mənfəət vergisini Vergi Məcəlləsinin yuxarıda sadaladığımız normalarının tələblərinə uyğun olaraq ya analoji vergi ödəyicisinin gəlirlərində verginin xüsusi çəkisini göstərən əmsalı İddiaçı MMC-nin gəlirinə vurmaqla, yaxud Vergi Məclləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik 20% olmaqla hesablamalı idi. Lakin, vergi orqanı müəssisəmizə mənfəət vergisini qanunvericiliyin tələblərinə əməl etmədən hesabladığı üçün rentabellik (18665-1668.05)* 100/18665=91% olmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi göstəricilər olmadan təqdim edilmişdir. Elektron qaimə məlumatlarına əsasən iddiaçı tərəfindən 2022-ci ilin may və iyun aylarında 18665 manat dəyərində mallar təqdim edildiyinə görə mənfəət vergisi bəyannaməsində uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən də vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********043600 nömrəli məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba cavab verilmədiyi üçün əlaqəli məlumatlara əsasən vergilərin hesablanması təmin edilmişdir. Belə ki, yoxlanılan dövr üzrə vergi ödəyicisinin gəlirləri 18665 manat ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 3500.00 manat dəyərində “İşıq Dairə”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 15165.00 manat dəyərində “kondisianer stendi” təqdim edilmişdir), xərclərinin isə 1668.05 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 104.1-ci və 105.1-ci maddələrinin tələblərinə uyğun olaraq (18665-1668.05)*20%=3399.39 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin xərclərinin tərkibi aşağıdakı kimi olmuşdur: 2022-ci ilin 2-ci rübü üzrə: 750 manat əmək haqqı Əmək haqqı fondundan hesablanmış 154.50 manat MDSS haqları Əmək haqqı fondundan hesablanmış 15 manat icbari tibbi sığorta haqları Əmək haqqı fondundan hesablanmış 3.75 manat işsizlik sığortası haqları 2022-ci ilin 4-cü rübü üzrə: Əmək haqqı fondundan hesablanmış 118 manat MDSS haqları Əmək haqqı fondundan hesablanmış 12 manat icbari tibbi sığorta haqları Əmək haqqı fondundan hesablanmış 3 manat işsizlik sığortası haqları Alınmış malın dəyəri 11.80 manat Beləliklə, Cəmiyyət tərəfindən 2022-ci il ərzində 18665,0 manat dəyərində 2 ədəd “kondisioner stendi” və 5 ədəd “işıq dairə” adlı elektron qaimə-faktura təqdim edildiyini, bəyannamə məlumatlarına əsasən 2022-ci ilin əvvəlinə mal qalığının qalmadığını, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura və elektron alış aktlarının əldə edilmədiyini, idxal-ixrac əməliyyatlarının aparılmadığını, kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) alınması ilə bağlı təsdiqedici sənədlərin təqdim olunmadığını və bununla da qarşı tərəflərin vergidən yayınmasına səbəb olduğunu, malları göstərilən xidmətin tərkib hissəsi kimi satdığını rəsmiləşdirməsinə baxmayaraq, həmin malların istehsalı ilə bağlı müvafiq avadanlığın və işçi qüvvəsinin olmadığını, həmçinin, təqdim edilmiş xidmətlərin tərkib hissəsi olan malların dolayısı ilə cəmiyyət tərəfindən alınıb satıldığı qənaətinə gəlindiyini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması QaydasTnda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlərin olmadığını, bununla da Cəmiyyət tərəfindən 2022- ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparmadığı üçün Vergi Məcəlləsinin 106.1,20-ci maddəsinə əsasən müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyini, vergi ödəyicisinin əldə etdiyi gəliri (xərci) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (xərcin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyini, vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı nəzərə alınaraq iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********50300 nömrəli qərar;

2. İddiaçı Nizamnaməsi.

3. 16.02.2023-cü il tarixli **********153900 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında Uyğunsuzluq məktubu;

4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********509900 nömrəli qərar; Əsaslandırma hissəsi:

Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia əriazəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1 -ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstüyünlüdür. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Maddə 13.2.82 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş, belə sübutlar müəyyən olunmamışdır. Həmçinin, iddia ərizəsindən və iddiaçının izahatından görünür ki, onun tərəfindən satış məqsədi ilə alınan mallara dair qaimələr verilməmiş, gəlirin əldə olunmasına çəkilən xərcin məbləğinə dair sübut mövcud olmamışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Mübahisə yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli **********503800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar