Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-659/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********901900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğv edilməsi və hesablanmış 2544.39 manat borcun şəxsi hesab vərəqindən silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********901900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğv edilməsi və hesablanmış 12221 manat borcun şəxsi hesab vərəqindən silinməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin hüquqi yardımı əsasında iddiaçı, tələbini dəqiqləşdirmiş və cavabdeh tərəfindən 12221 manat borc hesablanması ilə bağlı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 12221 manat borcun şəxsi hesab vərəqindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə cavabdeh orqan tərəfindən 12221 manat borc hesablanması ilə bağlı qərar qəbul edilməmiş, iddiaçının hesab vərəqəsində olan məlumatlar əsasında xx.xx.2021-ci il tarixli **********901900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilərək, icra edilməsi üçün Şəki rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmənin xx.xx.2022-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı yenidən hüquqi yardım edilmiş və iddiaçı, ilkin iddia ərizəsinə uyğun iddia tələbini dəqiqləşdirərək “tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğv edilməsi və hesablanmış 12221 manat borcun şəxsi hesab vərəqindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-659/2022 nömrəli qərardadı ilə 9676.61 manat borc məbləğinin şəxsi hesab vərəqindən silinməsi ilə bağlı iddia tələbi üzrə icraata xitam verilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********901900 saylı qərarına əsasən ondan 9549,35 manat əsas, 2671,65 manat faiz olmaqla ümumilikdə 12221 manat vergi borcu tutulmalıdır. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Sözügedən borc məbləği əsassız olaraq hesablanmış və hazırkı qərar qanunsuz qəbul edilmişdir. Cavabdeh xx.xx.2022-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üçün ödəməli olduğu gəlir vergisinin 1107.38 manat, xx.xx.2021-ci il tarixdə 2020-ci ilin gəlir vergisi üçün ödəməli olduğu gəlir vergisinin 672.90 manat olması barədə bəyannamələr təqdim edilmiş və həmin bəyannamələr 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixinə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində vergilər üzrə mövcud olan borcu özü tərəfindən bəyan edilmiş vergilər üzrə borcdan və həmin borca görə hesblanmış faizlərdən ibarətdir. Göründüyü kimi, iddiaçının şəxsi hesab vərəqəsində cavabdeh tərəfindən vergilər üzrə hesablanmış borc məbləği mövcud deyil. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli **********901900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərardan görünür ki, iddiaçının əsas vergi üzrə 9 549,35 manat, faiz uzrə 2 671.65 manat olmaqla ümumilikdə 12.221,00 manat məbləğində borcla bağlı qərar xx.xx.2021-ci il tarixdən icraya yönəldilmiş, 12.221,00 manat vergi borcunun İddiaçı məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0223100 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 300 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 7264,97 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı 6964,97 manat müəyyən edilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********222400 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 240 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2691,51 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı 2451,51 manat müəyyən edilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********109000 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 7264,97 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 7264.97 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 4357.48 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 2907,49 manat müəyyən edilmişdir. Həmin qərara əsasən ləğv edilmiş əvvəlki qərarın nömrəsi **********0223100 qeyd edilmişdir. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişdən görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 15,533.53 manat, o cümlədən vergilər üzrə 12,188.62 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 3,244.91 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcunun olması qeyd edilmişdir. - Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişdən görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 12,164.68 manat, o cümlədən vergilər üzrə 9,449.35 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 2,615.33 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcunun olması qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli **********222700 nömrəli xəbərdarlıqdan görünür ki, iddiaçıya cəmi 11.980.07 manat vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisələndirilən qərar xx.xx.2021-ci il tarixdə qəbul olunsa da iddiaçıya hansı tarixdə çatdırılması ilə bağlı sübut təqdim edilməmişdir. İddiaçı, sözügedən qərarı xx.xx.2021-ci il tarixdə mübahisələndirmişdir. Odur ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Həmçinin, iddia mahiyyət etibarilə qismən əsaslıdır. Şəxsi hesab vərəqindən 9676.61 manat borc məbləğinin silinməsi hissəsində cavabdeh orqan iddiaçının müraciətini təmin etmiş və tələbin həmin hissəsində mübahisə aradan qalxmışdır. Odur ki, “xx.xx.2021-ci il tarixli **********901900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğvi və 2544.39 manat borc məbləğinin silinməsi barədə” iddia tələbi hazırkı məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “borcun hesablanması barədə inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. İnzibati orqan tərəfindən ilkin inzibati akt olaraq Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0223100, xx.xx.2021-ci il tarixli **********222400 və xx.xx.2021-ci il tarixli **********109000 nömrəli qərarlar təqdim edilsə də təqdim edilmiş qərarların heç biri iddiaçıya 12.221,00 manat vergi borcunun hesablanması barədə olmamışdır. Cavabdeh orqanın təqdim etdiyi Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişdə iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 15,533.53 manat, **********4 nömrəli bildirişdə xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 12,164.68 manat, xx.xx.2021-ci il tarixli **********222700 nömrəli xəbərdarlıqda 11.980.07 manat vergi borcunun olması bildirilsə də sözügedən sənədlərdə qeyd edilmiş borc məbləğinin hesablanması ilə bağlı inzibati akt qəbul edilməmişdir. İş materiallarında olan mübahisələndirilən qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli qərar “tələbin icraya yönəldilməsi” haqqındadır. Cavabdeh orqanın iddia ərizəsinə etiraza əlavə etdiyi sənədlərdən görünür ki, eyni tarixdə (xx.xx.2021) qəbul edilmiş “vergi borcunun tutulması” haqqında qərarın nömrəsi də, “tələbin icraya yönəldilməsi” haqqında qərarın nömrəsi (**********901900) və məzmunu ilə eynidir. Yəni, faktiki olaraq hər iki qərar “tələbin icraya yönəldilməsi” haqqındadır. Odur ki, ilkin inzibati aktın mövcudluğu ilə bağlı şərt yerinə yetirilmədiyindən və mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qəbul edilmədiyindən iddiaçı, xx.xx.2021-ci il tarixli **********901900 nömrəli “tələbin icraya yönəldilməsi” haqqında qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Şəxsi hesab vərəqəsində olan 2544.39 manat borc məbləğinə münasibətdə isə müəyyən edilir ki, 1780,28(1107,38+672,90) manat əsas borc, əsas vergi borcuna hesablanmış 624,11 manat faiz borcu və 140 manat maliyyə sanksiyası iddiaçının özünün təqdim etdiyi gəlir vergisi bəyannaməsinə uyğun hesablanmışdır. Ümumilikdə 2544.39 manat borc məbləğinin yaranma əsası iddiaçının təqdim etdiyi gəlir vergisi bəyannaməsində qeyd edilmiş məlumatlar olduğundan iddiaçının həmin məbləğin şəxsi hesab vərəqindən silinməsini tələb etməsi anlaşılan deyil. Belə ki, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi fəaliyyəti ilə vergi orqanında qeydiyyata alınmış iddiaçı (mikro sahibkarlıq subyekti) 2019-cu il üzrə vergi dövründə ümumi gəlirlərinin 130.725 manat, xərclərinin 108.577.32 manat olduğunu qeyd etmişdir. Cavabdeh orqan vergiyə cəlb olunan gəlir olaraq ilkin mərhələdə 22147.68 manat (130.725 – 108.577.32) müəyyən etmiş və VM-nin 102.1.30-cu maddəsinin tələbinə əsasən vergiyə cəlb olunan gəlirlər üzrə güzəşt olaraq 16610.76 manat məbləği (75 fazi) vergiyə cəlb olunan gəlirdən çıxaraq (22147.68 -16610.76) 5536.92 manat vergiyə cəlb olunan gəlir məbləğini müəyyən etmişdir. Həmin məbləğ üzrə ödənilməli gəlir vergisini isə 1107.38 manat hesablamışdır. Həmçinin iddiaçı, 2020-ci il üzrə vergi dövründə ümumi gəlirlərinin 80 746 manat, xərclərinin 67 288 manat olduğunu qeyd etmişdir. Cavabdeh orqan vergiyə cəlb olunan gəlir olaraq ilkin mərhələdə 13 458 manat (80 746 – 67 288) müəyyən etmiş və VM-nin 102.1.30-cu maddəsinin tələbinə əsasən vergiyə cəlb olunan gəlirlər üzrə güzəşt olaraq 10093.50 manat məbləği (75 faiz) vergiyə cəlb olunan gəlirdən çıxaraq (13458-10093.50) 3364.50 manat vergiyə cəlb olunan gəlir məbləğini müəyyən etmişdir. Həmin məbləğ üzrə ödənilməli gəlir vergisini isə 672.90 manat hesablamışdır. Odur ki, iddiaçı təqdim etdiyi bəyannamələrə uyğun hesablanmış 1780.28 manat (1107.38+672.90) əsas vergi borcu və həmin vergi borcuna hesablanmış 624,11 manat faiz borcu və 140 manat maliyyə sanksiyasının şəxsi hesab vərəqindən silinməsini cavabdeh orqan tələb etməkdə haqlı olmamışdır. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: (-) 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi... 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 96. Vergitutma obyekti 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. 97.3. Gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. 101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********901900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarı ləğv edilir. İddiaçı şəxsi hesab vərəqindən 2544.39 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-659/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-659/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver