Məhkəmə qərarları › İş №2-1(116)-66/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-66/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-66/2022 10.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Zarağan kəndində yerləşən mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Zarağan kəndində yerləşən mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən verilən 08.12.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən hərracdan alqı-satqı yolu ilə əldə edilən 0,03 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs iddiaçıya həmin 0,03 ha torpaq sahəsindən istifadə etməyə imkan vermir və iddiaçı sözügedən torpaq sahəsinə plan-ölçü sənədi ala bilmir. Belə ki, üçüncü şəxs cavabdeh orqanın mütəxəssislərinə planölçü sənədinin hazırlanmasına şərait yaratmır. İddia tələbində qeyd edilən 0,03 ha torpaq sahəsi JN-065F nömrəli şəhadətnaməyə əsasən üçüncü şəxs və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin hərrac yolu ilə iddiaçıya satılmış hissəsidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 06.01.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, 0,03 ha torpaq sahəsinə dair notariat qaydada təsdiq olunmuş bölgü planı təqdim edildiyi təqdirdə iddiaçının müraciətinə qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır. Cavabdeh orqan 05.05.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında faktiki istifadədə olan tropaq sahəsinə baxış keçirilmiş və ərazidə aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, JN-065F sylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsindən hərrac yolu ilə 0,03 ha hissə satılıb. X1 payına düşən torpaq sahəsi ilə bağlı pay bölgüsü aparılmamış və müvafiq bölgü sxemi hazırlanmamışdır. Notariat qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsi JN-065F saylı şəhadətnamə əsasında X5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsində deyil, X6 məxsus 0,06 ha torpaq sahəsinin üzərinə düşür. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının, iddiaçının nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə olan JN-065F nömrəli şəhadətnamənin təsdiq edilmiş surıətindən görünür ki, Qəbələ rayon AİK-nın 29.11.1997-ci il tarixli 26 saylı qərarı ilə 0,27 ha həyətyanı torpaq sahəsi X8, X7 və X3 mülkiyyətinə verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-824/2017 nömrəli 13.06.2017-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X4 İddiaçı xeyrinə 1850 manat məbləğində pul, həmçinin 200 manat məbləğində yardım xərci və iddiaçının iddia qaldırarkən ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. İşdə olan 26.10.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, qərarın icra edilməsi məqsədilə icra və probasiya şöbəsinə məktub ünvanlanmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli 8(025)-95/2018 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-824/2017 nömrəli 13.06.2017-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə borclunun mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması və satılması hesabına borcun ödənilməsi barədə Qəbələ rayon İcra və probasiya şöbəsi təqdimat vermiş, təqdimat təmin edilmiş, JN-065F nömrəli şəhadətnaməyə əsasən X5 adına 3 nəfər ailə üzvləri ilə birlikdə olan 0,27 ha həyətyanı torpaq sahəsindən X5 payına düşən hissəsindən 0,03 ha hissəsinin üzərinə həbs qoyulmuş, tələb həmin torpaq sahəsinə yönəldilmiş və həmin torpaq sahəsinin satılması hesabına borcun ödənilməsi qərara alınmışdır. Qərardadın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. İşdə olan “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, X6 məxsus Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsindən 0,03 ha hissə 2100 manata İddiaçı satılmışdır. Hərracda torpaq sahəsinin satılması zamanı bölgü sxemi tərtib edilməmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli 8(025)-129/2019 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli 8(025)-95/2018 nömrəli qərardadına əsasən 0,03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İşdə olan 08.12.2020-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonunun Zarağan kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan 18.05.2021-ci il tarixli ŞM-082 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmədiyi üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. JN-065F nömrəli şəhadətnamə əsasında X5 mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsi, Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayonu Zarağan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən Qəbələ rayonu Zarağan kəndi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, uqodiyası çoxillik əkmələrdir. Sözügedən 0,27 ha torpaq sahəsi mülkiyyətçi X5 istifadəsindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin maddənin 5-ci hissəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya iddia tələbində qeyd edilən 0,03 ha torpaq sahəsi üçüncü şəxs və onun ailə üzvlərinə AİK-nın qərarı ilə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsindən üçüncü şəxsin payına düşən hissədən hərracla satılmış və bununla bağlı iddiaçının adına çıxarış tərtib edilmişdir. Lakin torpaq sahəsinin bölgü sxemi tərtib edilmədiyindən faktiki sərhədləri məlum deyildir. Cavabdeh orqanın etiraz məktubu və ona əlavə edilən sxemdən isə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üçüncü şəxs və ailə üzvlərinin mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin deyil, üçüncü şəxsə məxsus digər ərazidə yerləşən 0,06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Belə ki, iddiaçının müraciəti əsasında onun faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, faktiki istifadə edilən torpaq sahəsi iddiaçıya hərracla satılmış və 0,27 ha torpaq sahəsinin üçüncü şəxsə məxsus payının sərhədləri daxilində deyil, ümumiyyətlə digər ərazidə və üçüncü şəxsə məxsus başqa 0,06 ha torpaq sahəsində yerləşir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə iddia tələbində qeyd edilən və adına çıxarış tərtib edilmiş 0,03 ha torpaq sahəsi fərqli ərazidə yerləşir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Zarağan kəndində yerləşən mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar