Məhkəmə qərarları › İş №2-1(116)-66/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-66/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-66/2023 21.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Mustafayeva (Şahvələdova) Esmira Hümmət qızı, Mustafayeva (Muxtarova) Pərvin Hümmət qızı və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə onlara verilmiş, JN-213 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,60 ha pay torpaq sahəsinin 1,16 ha hissəsini (11605,55 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə onlara verilmiş, JN-213 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,60 ha pay torpaq sahəsinin 1,16 ha hissəsini (11605,55 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılara xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlaraq, bildirilmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verilmiş və Şəki rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış, Şəki rayonu İnçə kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin istifadəsində olan 2,6 ha torpaq sahəsinə dair (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın Məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Məhkəmə tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2022-ci il tarixdə iddiaçılara göndərilmiş, lakin ötən müddət ərzində onlar tərəfindən ödəniş həyata keçirilməmiş, həmçinin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı3 bank rekvizitləri bir daha təqdim olunmuş və məhkəmə iclası mütəxəssis rəyi təqdim edilənədək təxirə salınmışdır. Həmçinin iddiaçılar hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbzi məhkəməyə təqdim etməmişlər. İddiaçıların nəzərlərinə çatdırılmışdır ki, iddia tələbinə hüquqi qiymət verilməsi üçün cavabdeh orqandan mütəxəssis rəyinin alınması zəruridir. Müvafiq rəy olmadan tələbdə qeyd olunan torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün deyil. Odur ki, 30 (otuz) gün müddətində mütəxəssis rəyinin əldə edilməsi üçün tələb olunan xidmət xərcinin təqdim edilmiş hesaba ödənilməsi və müvafiq qəbzin məhkəməyə təqdim edilməsi iddiaçılara təklif olunmuş, əks təqdirdə İPM-nin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılacağı bildirilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvan sahibləri tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır. Lakin ötən müddət ərzində mütəxəssis rəyinin əldə edilməsi üçün tələb olunan xidmət xərcinin təqdim edilmiş hesaba ödənilməsi və müvafiq qəbzin məhkəməyə təqdim olunması iddiaçılar tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPMin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır." Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Mustafayeva (Şahvələdova) Esmira Hümmət qızı, Mustafayeva (Muxtarova) Pərvin Hümmət qızı və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə onlara verilmiş, JN-213 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,60 ha pay torpaq sahəsinin 1,16 ha hissəsini (11605,55 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar