Məhkəmə qərarları › İş №2-1(116)-660/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-660/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-660/2022 07.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı “övladı X4 məxsus doğum haqqında akt qeydinə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh Vətəndaşlıq X3 kitabında olan övladı X4 məxsus doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixinin “20.12.2006-cı il“ olmamasının müəyyən edilməsi və düzgün olaraq 26.01.2002-ci il” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar İddiaçı2 ilə X6 birgə nikahından X7 adlı övladları doğulmuş, Aydən Abdullayevanın doğum haqqında akt qeydində doğum tarixi 20.12.2006-cı il olaraq qeyd edilmişdir. Qəbələ RPŞ-nin 25.12.2017-ci il tarixli “yaş həddinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi tərəfindən Aydən Abdullayevanın 27.12.2017-ci il tarixdə tibbi müayinəsi keçirilmiş və onun sümük yaşının 15-15.5 ilə uyğun olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçılar Aydən Abdullayevanın doğum akt qeydində doğum tarixinə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. Cavabdeh, müraciətin təmin edilməsindən imtinasını Qəbələ rayon Zirik kənd İƏD-də tərtib edilmiş 22.01.2008-ci il tarixli 02 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixinə düzəliş edilməsi üçün heç bir əsasın olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, övladı qış fəslində, dekabr ayında doğulmuşdur və doğum tarixinin ekspert rəyinə əsasən 26.01.2002-ci il olaraq qeyd edilməsini istəyir. Məhkəmə iclasında iddiaçıya izah edilmişdir ki, istinad olunan ekspert rəyində övladının sümük yaşının 15-15.5 ilə uyğunluğu müəyyən edilmişdir ki, bu da övladının 27.06.2002-27.12.2002-ci il tarixlər aralığında doğulması deməkdir. Yəni, tələbdə qeyd olunan tarix ekspert rəyində qeyd olunan tarixlə uyğun gəlmir. İddiaçı məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək övladı X4 məxsus doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixinin “20.12.2002-ci il” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh 12.11.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - Qəbələ rayon Polis şöbəsinin 15.01.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X1 doğum tarixinin 20.12.2006-cı ildən deyil, 26.01.2002-ci ildən hesablanması və material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, müvafiq qərarın qəbulu zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 634 №li rəyinə istinad edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 634 №li rəyindən görünür ki, canlı şəxsin məhkəmə tibbi müayinəsi 27.12.2017-ci il tarixdə həyata keçirilmiş, müayinə olunan qadının (Aydən Abdullayevanın) sümük yaşının 15-15.5 ilə uyğun olduğu qeyd edilmişdir. - Az-T 015547 №-li “nikah haqqında” şəhadətnamədən görünür ki, İddiaçı2 ilə X9 arasında 08.05.1996-cı ildə nikah bağlanmışdır. - Az-T 156696 №-li “doğum haqqında” şəhadətnamədən və 22.01.2008-ci il tarixli 02 №li doğum akt qeydindən görünür ki, X1 20.12.2006-cı ildə Qəbələ rayonu Zirik kəndində doğulması barədə 22.01.2008-ci ildə doğum haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılmış, atası İddiaçı2, anası İddiaçı1 qeyd edilmişdir. - Qəbələ rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş, 2017-ci il tarixli HK-1/1204 saylı materialda olan X5 izahatından və doğum haqqında tibbi şəhadətnamənin kötüyündən görünür ki, Aydən Abdullayevanın doğum tarixi olaraq 20 dekabr 2006-cı il göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq X3 haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq X3, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası:

2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyində 27.12.2017-ci il tarixdə müayinə olunan Aydən Abdullayevanın sümük yaşı 15-15.5 ilə uyğun olduğu müəyyən edilmişdir. Müayinə olunma tarixinə münasibətdə 15-15.5 il aralığı o deməkdir ki, Aydən Abdullayevanın doğumu 27 iyun 2002-ci ildən – 27 dekabr 2002-ci il aralığında olmuşdur. Qəbələ rayon polis Şöbəsindən tələb edilmiş təhqiqat materiallarındakı izahatlarında və hazırkı iddia ərizəsində iddiaçılar, Aydən Abdullayevanın 26.01.2002-ci ildə tarixdə doğulmasını və bunun müvafiq ekspert rəyi ilə təsdiq olunmasını bildirsələr də, təhqiqat materiallarında olan uşağın doğumu haqqında tibbi şəhadətnaməni tərtib etmiş feldşer (X8) uşağın doğum tarixi olaraq 20 dekabr tarixinin bildirildiyini göstərmiş, müvafiq tibbi şəhadətnamənin kötüyündə də tarixin ay və gün qrafasında “20 dekabr” qeyd edilmişdir. İddiaçının doğum tarixinin 26 yanvar 2002-ci il olaraq qeyd edilməsi yuxarıda məzmununa istinad olunan ekspert rəyində qeyd edilmiş yaş aralığına da uyğun deyildir. İddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında övladının qış fəslində, dekabr ayında dünyaya gəldiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, Aydən Abdullayevanın doğum akt qeydinə düzəliş edilərək, doğum tarixi 20 dekabr 2002-ci il qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan, doğum tarixinə düzəliş edilməsi üçün heç bir əsasın olmaması bildirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə X1 doğum haqqında akt qeydində düzəliş edilərək, doğum tarixinin “20.12.2002-cı il” qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar