Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-661/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "ona 01.06.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Oğuz rayonu Baş Daşağıl kəndində yaşayır. O, 1976-cı və 1977-ci illərdə Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü işləmişdir. İddiaçı 01.09.1977-ci ildən 07.03.1980-ci ilədək X7 Texnikumunda təhsil almış və dövlət ixtisas komissiyasının 07.03.1980-ci il tarixli qərarı ilə ona aqronom ixtisası verilmişdir. O, 17.11.1982-ci ildən 01.02.1991-ci ilədək X9 Zavodunda mövsümi fəhlə, sonra texniki mikroskopçu, daha sonra mühasib köməkçisi işləmişdir. O, 01.02.1991-ci ildən 09.02.2007-ci ilədək X4 baş mühasib vəzifəsində işləmişdir. İddiaçı 01.06.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 15 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı 29.10.2021-ci il tarixli **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, 01.09.1976-cı ildən 07.03.1980-ci ilədək olan təhsil dövrü, eyni zamanda, əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla onun sığorta stajı 13 il 3 ay təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13 il 3 ay sığorta stajına uyğun olaraq 9822,36 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28000 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd olunmuş 17.11.1982-ci ildən 01.02.1991-ci ilədək X9 Zavodundakı və 01.02.1991-ci ildən 01.01.2006-cı ilədək X3 əmək fəaliyyətinin araşdırılması zamanı qeyd olunan müəssisələrin hüquqi ünvanının aşkar edilməməsi və əmr kitablarının, əmək haqqı cədvəllərinin mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməməsi müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMFnin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "cavabdehin 29.10.2021-ci il tarixli **********1 nömrəli imtinasının qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən X9 Zavodunun və X5 hüquqi ünvanının aşkar edilməməsi və əmr kitablarının, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin müəssisələrdə işlədiyi dövrün araşdırılmasının mümkün olmamasına görə qeyd edilən dövrün sığorta stajına daxil edilməməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"yə tamamilə ziddir. Bundan sonra o, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, tələbini "cavabdehin 29.10.2021-ci il tarixli **********1 nömrəli imtinasının qanunsuz hesab edilməsi və hüququnun yarandığı vaxtdan, yəni 01.12.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin 02.02.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı 16.02.2022-ci il tarixli **********9 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 61,5 yaşla 01.06.2020-ci ildə yaranır. Şifahi məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, tələbini "01.06.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ВТ seriyalı 030416 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1977-ci ildən 07.03.1980-ci ilədək X7 Texnikumunda təhsil almış və dövlət ixtisas komissiyasının 07.03.1980-ci il tarixli qərarı ilə ona aqronom ixtisası verilmişdir. - İşdə olan, 146 nömrəli "Kolxozçunun əmək kitabçası"ndan görünür ki, İddiaçı 1976-cı və 1977-ci illərdə Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü, 17.11.1982-ci ildən 01.02.1991-ci ilədək X9 Zavodunda mövsümi fəhlə, texniki mikroskopçu, mühasib köməkçisi, 01.02.1991-ci ildən 09.02.2007-ci ilədək isə X4 baş mühasib vəzifəsində işləmişdir. - İşdə olan, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X8 filialının 29.12.2021-ci il tarixli 360 nömrəli məktubundan görünür ki, X9 Zavodunun və X5 işçi və qulluqçularının əmr kitabları və əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18.02.2022-ci il tarixli **********00 nömrəli məktubundan görünür ki, X9 Zavodu 20.06.2017-ci ildə, X6 isə 01.05.2007-ci ildə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na və "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları"na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilmişdir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində İddiaçı dair hər hansı məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, 01.06.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini iddia etmədiyinə görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1ci maddəsində deyilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 01.01.1993-cü ilədək qüvvədə olmuş "Dövlət pensiyaları haqqında" SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali, orta ixtisas təhsil müəssisələrində, məktəblərdə və kadr hazırlığı kurslarında təhsil alanlar dövlət pensiyası hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında əsasnamə"nin 109-cu bəndinə görə, ali və orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.) partiya məktəblərində, sovet partiya məktəblərində, həmkarlar hərəkatı məktəblərində, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və klinik ordinaturada olma müddətləri də ümumi iş stajına daxil edilir. İddiaçı təqdim etdiyi diplomdan görünür ki, o, 01.09.1977-ci ildən 07.03.1980-ci ilədək X7 Texnikumunda təhsil almışdır. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı zaman qüvvədə olan pensiya qanunvericiliyi təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutur. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 01.01.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Ona görə də iddiaçının təhsil aldğı 2 il 6 ay 7 gün müddət onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçının təqdim etdiyi "Kolxozçunun əmək kitabçası"ndan görünür ki, o, 1976-cı və 1977-ci illərdə Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü, 17.11.1982-ci ildən 01.02.1991-ci ilədək X9 Zavodunda mövsümi fəhlə, texniki mikroskopçu, mühasib köməkçisi, 01.02.1991-ci ildən 09.02.2007-ci ilədək isə X4 baş mühasib vəzifəsində işləmişdir. Onun Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü işlədiyi illərdə əmək iştirakı norması 180 adam/gün müəyyən edilmiş, o, 1976-cı ildə 239 adam günü, 1977-ci ildə isə 245 adam günü işləmişdir. Belə olan halda, həmin müddət üçün onun sosial sığorta stajı 2 il təşkil edir. Cavabdeh iddiaçının X9 Zavodunda və X4 işlədiyi müddətləri onun sığorta stajına daxil etməkdən imtina edir və bunu belə əsaslandırır ki, qeyd olunan müəssisələrin hüquqi ünvanı aşkar edilmədiyinə, onların əmr kitabları, əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyinə görə iddiaçının həmin müəssisələrdəki əmək fəaliyyətinin araşdırılması mümküm olmamışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X8 filialına sorğu edilərək X9 Zavodunun və X5 iddiaçıya aid əmrləri və əmək haqqı cədvəlləri tələb olunmuş, lakin filialın 29.12.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin sənədlər X8 filialına təhvil verilməmişdir. Bundan sonra İddiaçı göstərilən müəssisələrin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin nəzdinə verilməsi barədə məhkəməyə məlumat verdiyinə görə məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə analoji sorğu verilmiş, lakin Dövlət Xidmətinin 18.02.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, tələb olunan məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində aşkar edilməmişdir. Cavab məktubunda həmçinin göstərilmişdir ki, X9 Zavodu 20.06.2017-ci ildə, X6 isə 01.05.2007-ci ildə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na və "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları"na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.04.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə, 4.1.1-ci yarımbəndinin 1-ci abzasına görə, əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 01.01.1993-cü ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı iş üzrə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə məhkəmə həmin sənəddə olan məlumatları mötəbər hesab edir. Belə olan halda, iddiaçının 17.11.1982-ci ildən 01.02.1991-ci ilədək X9 Zavodunda, 01.02.1991-ci ildən 01.01.2006-cı ilədək isə X4 işlədiyi dövrün qarşılıqlı yoxlanmasının mümkün olmaması səbəbindən həmin müddətin onun sosial sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin dəlilləri əsassızdır. Eyni hüquqi mövqe analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-532/2020 nömrəli 25.02.2020-ci il tarixli, 2-1(102)-792/2020 nömrəli 17.03.2020-ci il tarixli, 2-1(102)-810/2020 nömrəli 04.03.2020-ci il tarixli qərarlarında da ifadə edilmişdir. İddiaçı X9 Zavodunda 17.11.1982-ci ildən 01.02.1991-ci ilədək işlədiyi müddət 8 il 2 ay 13 gün, X4 isə 01.02.1991-ci ildən 01.01.2006-cı ilədək işlədiyi müddət 14 il 11 ay təşkil edir. Həmin müddətləri iddiaçının X7 Texnikumunda təhsil aldığı və Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda işlədiyi müddətlərlə topladıqda (8 il 2 ay 13 gün + 14 il 11 ay + 2 il 6 ay 07 gün + 2 il) müddətlərin cəmi 27 il 7 ay 20 gün təşkil edər, bu isə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli və iddiaçıya hüququnun yarandığı 01.06.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.06.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-661/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-661/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver