Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-662/2020 03.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı "20 ildən artıq müddətdə istifadəsində olan 0,40 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq uzun müddətli icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ağdaş Bələdiyyəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı dövlət kadastr kitabında xx.xx.2013-cü il tarixli 253 nömrə ilə qeydə alınmış və AN 464184 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmiş 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı Ağdaş Bələdiyyəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə A seriyalı 464184 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmiş 0,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxs İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı Ağdaş Bələdiyyəsinə ərizə ilə müraciət edərək həmin 0,40 ha torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2019-cu il tarixli 247 nömrəli cavab məktubu ilə bundan imtina etmiş və həmin torpaq sahəsinin boşaldılmasını ondan tələb etmişdir. Bundan sonra İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı "20 ildən artıq müddətdə istifadəsində olan 0,40 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq uzun müddətli icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, həmin tələbini belə əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətində olsa da, 20 ildən artıqdır ki, onun istifadəsindədir. Bu səbəbdən də onun icarəsinə verilməlidir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli teleqramda iddianı qəbul etmədiyini bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də şifahi məhkəmə baxışı cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirildi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-464184 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Ağdaş Rayon Məşəd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 nömrəli qərarı əsasında Ağdaş Rayon Məşəd Bələdiyyəsinin adına 4000 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X3 kitabında xx.xx.2013-cü ildə 253 nömrə ilə uçota alınmışdır. - İşdə olan, Ağdaş Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 247 nömrəli məktubundan görünür ki, iddiaçının uzun illərdən bəri qeyri-qanuni istifadəsində olan 0,40 ha torpaq sahəsi Məşəd Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Həmin torpaq sahəsinin boşaldılması İddiaçı tələb edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Torpaq sahəsinin icarəyə verilməsi bələdiyyənin qərarı əsasında həyata keçirildiyinə, bələdiyyənin qərarı isə inzibati akt hesab edildiyinə görə hazırkı iddia məcburetmə haqqında iddiadır və mümkündür. Lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. İddiaçı torpaq sahəsinin ona icarəyə verilməsi barədə tələbini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddədə deyilir ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Göründüyü kimi, iddiaçı əvvəldən qeyri-qanuni istifadə etdiyi torpaq sahəsinin ona icarəyə verilməsini tələb etsə də, istinad etdiyi maddədə söhbət torpaq sahəsinin yalnız mülkiyyətə verilməsindən gedir, həmin maddədə torpaq sahəsinin icarəyə verilməsi barədə əvvəllər olmuş müddəa isə xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə maddədən çıxarılmışdır. Odur ki, iddiaçının istinad etdiyi maddə torpaq sahəsinin ona icarəyə verilməsini tələb etmək hüququ vermir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin normanın mənasına görə, bəzi istisnalar olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddədə sadalanan üstünlük hüquqları olmayan şəxslər torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən birbaşa onlara icarəyə verilməsini tələb edə bilməzlər. İşdən görünür ki, iddiaçı maddədə sadalanan üstünlük hüquqlarına malik deyil, bu səbəbdən də torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən birbaşa onun icarəsinə verilməsini tələb etməkdə haqlı deyil. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı "20 ildən artıq müddətdə istifadəsində olan 0,40 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq uzun müddətli icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-662/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-662/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver