Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-662/2025 18.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1996-cı il tarixdən hal-hazıradək çilingər vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququnun yarandığı tarixən güzətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1963-cü ildə Zərdab rayonu Əlvənd kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri 23 saylı orta texniki peşə məktəbində quraşdırıcı-çilingər ixtisası üzrə təhsil almışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə xx.xx.1983-cu il tarixdə Bakı şəhərində Qazanxana mexanizasiya zavodunda 3-cü dərəcəli Qazanxanaçı kimi başlamışdır. Qeyd edilən zavodda 1984-ci il ilə kimi işləmişdir. xx.xx.1984-ci il tarixdən xx.xx.1985-ci ilə kimi Mingəçevir Çuma əleyhinə şöbədə dezinfeksiyaedici, xx.xx.1985-ci il tarixdən xx.xx.1987ci il tarixədək Hidro-Elektro Quraşdırma idarəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci ilə kimi 8 saylı Qafqaz Quraşdırma idarəsində quraşdırıcı çilingər peşəsində işləmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixə kimi Azərb. DRES-in Elektrik və X3 və Avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində, xx.xx.2005- ci il tarixdən xx.xx.2012-cu il tarixədək elektrik sexinin "Alçaq və yüksək gərginlikli eleklirik avadanlıqlarını quraşdıran, sazlayan və xidmət edən briqadada 5-ci dərəcəli qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin briqadada 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində, xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin sexin "İşıqlandırma şəbəkəsində, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadasında 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmişdir. Qeyd edilən vəzifələr üzrə vəzifə funksiyalarını yerinə yetirərkən müxtəlif zərərli faktorların (aqressiv kimyəvi maddələrin, titrəmə, səs-küy, yüksək temperatur) təsirinə məruz qalmışdır. İş şəraiti ağır və zərərli olduğuna görə ona xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq məvacibinin 8% məbləğində xx.xx.2022-ci il tarixdən halhazıradək aylıq məvacibinin 12 % məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir Azərbaycan İstilik Elektrik Stansiyası MMC tərəfindən verilmiş “İşin Xarakteri haqqında" arayışa əsasən o xx.xx.1996-cı il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji blokunda, Qazan-Turbin sexində Mazut təsərrüfatında 33O\5OO kv-hq AQP sahəsində Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. xx.xx.1996-cı il tarixdən hal hazıradək həmin sahədə iş stajı 27 il 08 ay 10 gün təşkil edir. "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqanın (qurumun) təsdiq eldiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şənlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1996-cı il tarixdən hal-hazıradək işlədiyi elektirik çilingəri vəzifəsi güzəştli şərtlərlə ona pensiya təyin edilməsinə əsas verir. İddiaçı qeyd edilənlərlə bağlı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan, iddia tələbinə xx.xx.2024-cü il tarixli etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-113877/2024 nömrəli məktubla əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2- H- 113877/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik və X3 və avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində, xx.xx.2005xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən bugünədək paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işlədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filial tərəfindən İddiaçı sözügedən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" ASC "xxxx" MMC-nin 01,02.2024-cü il tarixli 13- 9/100/01-07-20 nömrəli məktubunda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Cavabdeh orqan analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1640/2023 nömrəli, 2-1(102)-1030/2023, xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024, 2-1 (102)-1410/2021, 2-1 (102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlarına istinad etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, A754666 nömrəli diplom, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-178, 07-179 və 07-180 nömrəli işin xarakteri haqqında arayışları, НЗ ******* nömrəli hərbi bilet, ИT-İ ******* №-li əmək kitabçasının surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının bitdiyi xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) 60 yaşına çatmalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşına çatmış və həmin tarixə onun 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirərək iddiaçının işlədiyi vəzifənin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri vəzifəsinə uyğun olmadığını bildirir. İş materiallarında olan Azərbaycan Elektrik Stansiya” MMC-nin işin xarakteri haqqında arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: - İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərbaycan DRES”in Elektrik və X3 və Avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 27, xx.xx.1996). xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək isə Elektrik sexinin “Alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarını quraşdıran, sazlayan və xidmət edən briqadasında” 5-ci dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində çalışmışdır (Əmr № 191/Ş, xx.xx.2005). xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin briqadada 6-cı dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmişdir (Əmr № 203/Ş, xx.xx.2012). xx.xx.2022-ci il tarixdən hal-hazıradək yeni təşkilati struktura əsasən həmin sexin “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadasında” 6-cı dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində əmək fəaliyyətini davam etdirir. İddiaçı xx.xx.1996-cı il tarixdən hal-hazıradək zərərli iş şəraitində, 8 saatlıq iş günü ərzində səs-küy, nisbi rütubət, əməyin ağırlığı və yeknəsəkliyi (monotonluğu), habelə əsəb, emosional və intellektual gərginlik faktorları ilə müşayiət olunan şəraitdə çalışmışdır. O, qeyd olunan dövrdə öz vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Mazut təsərrüfatında, 330/500 kV-luq APQ sahəsində və Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Zərərli iş şəraitində çalışdığına görə İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq əməkhaqqının 8%-i, xx.xx.2022-ci il tarixdən hal-hazıradək isə 12%-i miqdarında əlavə əməkhaqqı ödənilmişdir. Həmçinin Əmək qanunvericiliyinə əsasən zərərli iş şəraiti nəzərə alınmaqla ona əlavə məzuniyyət günləri verilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdən hal-hazıradək icra etdiyi “elektrik çilingəri” və “paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” hissəsinin “a” bəndinə uyğun gəlir. Burada qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət göstərən çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (vəzifə kodu 2140000a-18455) nəzərdə tutulmuşdur. Eyni zamanda, bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına da uyğundur. İddiaçı həmin sahədə kəsilməz iş stajı xx.xx.1996-cı ildən hal-hazıradək 27 il 8 ay 10 gün təşkil edir. "xxxx" MMC-də zərərli şəraitdə ümumi iş stajı da 27 il 8 ay 10 gün olmuşdur. Göründüyü kimi işin xarakteri haqqında təqdim edilmiş məlumatlar əsasında iddiaçının xüsusi iş stajının tələb olunan minimum 12 il 6 aydan artıq olması sübut olunur. Cavabdeh orqan iddiaçının işlədiyi vəzifənin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri vəzifəsinə uyğun olmaması ilə bağlı qənaətini əsaslandırmamış və işin xarakteri haqqında arayışda göstərilən məlumatları düzgün qiymətləndirmədən iddiaçıya imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.