Məhkəmə qərarları › İş №2-1(116)-663/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-663/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-663/2021 25.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "cavabdehin barəsində tərtib etdiyi 8917,30 manat məbləğində “vergi borcunun tutulması haqqında” 25.12.2019-cu il tarixli **********559700 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin barəsində tərtib etdiyi 8917,30 manat məbləğində “vergi borcunun tutulması haqqında” 25.12.2019-cu il tarixli **********559700 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 09.03.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə gün öncə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə çağırılmışdır. Orada iddiaçıya məlum olmuşdur ki, barəsində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 25.12.2019-cu il tarixində “Vergi borcunun tutulması haqqında” **********559700 saylı Qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı əsas vergi üzrə 7085.92 manat, faiz üzrə 1831,38 manat olmaqla ümumilikdə 8917,30 manat məbləğində borcun tutulması qərara alınmışdır. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı hesab edir ki, qəbul edilmiş qərar əsassızdır və bu səbəblə də həmin qərarı qəbul etmir. İddiaçı iddia ərizəsində qeyd edir ki, qəbul olunan qərardan xəbərdar olmamışdır. Çünki, həmin vaxt o, hərbi xidmətdə olmuşdur. Bununla bağlı iddiaçı məhkəməyə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin 197 saylı 18.01.2021-ci il tarixli arayışını təqdim etmişdir. Bu arayışda iddiaçının 24.10.2018-ci il tarixindən 28.04.2020-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi xidmətdə olması bildirilir. Yəni qərar qəbul edilən vaxda iddiaçı hərbi xidmətdə olmuşdur. Faiz borcunun açıqlaması ilə bağlı vergi orqanının açıqlamasına diqqət yetirilsə görünər ki, sərəncamda olan borc dövrü 20.12.2018-ci il tarixdən başlayır. Həmin açıqlamada ödəmə tarixi 20.12.2018-14.02.2020-ci il tarixlərini əhtə edir. Yəni borc məbləği iddiaçının hərbi xidmətdə olduğu dövrü əhatə edir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 08.05.2021-ci il tarixli, **********586100 nömrəli vəsatətində qeyd etmişdir ki, qeyd olunan iddia ilə bağlı bildirilir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi 25.12.2019-cu il tarixli **********559700 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarın məhkəmədə mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb vergi ödəyicisinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi olmuşdur. Belə ki, vergi ödəyicisi vergi orqanına 2018-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi ilə 218,21 manat, 2018-ci ilin 4-cü rübü üzrə ÖMV bəyannaməsi ilə 21,0 manat, 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi ilə 189,54 manat, 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi ilə 431,92 manat, 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsi ilə 261,53 manat, 2019-cu ilin 1-ci rübü üzrə ÖMV bəyannaməsi ilə 21,0 manat, 2019-cu ilin mart ayı üzrə ƏDV bəyannaməsi ilə 61,82 manat, 2019-cu ilin aprel ayı üzrə ƏDV bəyannaməsi ilə 59,68 manat, 2019-cu ilin may ayı üzrə ƏDV bəyannaməsi ilə 120,01 manat, 2019-cu ilin 2-ci rübü üzrə ÖMV bəyannaməsi ilə 21,0 manat, 2019-cu ilin iyun ayı üzrə ƏDV bəyannaməsi ilə 309,60 manat, 2019-cu ilin iyul ayı üzrə ƏDV bəyannaməsi ilə 24,84 manat, 2019-cu ilin 3-cü rübü üzrə ÖMV bəyannaməsi ilə 21,0 manat, 2019-cu ilin 4-cü rübü üzrə ÖMV bəyannaməsi ilə 21,0 manat olmaqla, ümumilikdə 1782.15 manat məbləğ təşkil edən bəyannamələr təqdim etmiş və təqdim etdiyi bəyannamələrə vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlamaları ilə əlavə vergi məbləğləri hesablanmışdır. Keçirilmiş kameral vergi yoxlamaları ilə həmin yoxlamaların nəticəsinə dair qəbul edilmiş 04.02.2019-cu il tarixli **********481000 nömrəli qərarla 2018-ci ilin dekabr aryı üzrə 106,98 manat ƏDV-si, 19.03.2019-cu il tarixli **********954900 nömrəli qərarla 2018ci il üzrə 2643,89 manat fiziki şəxsin gəlir vergisi, 28.03.2019-cu il tarixli **********637300 nömrəli qərarla 2019-cu ilin yanvar ayı üzrə 558,08 manat ƏDV-si, 08.04.2019-cu il tarixli **********170300 nömrəli qərarla 2019-cu ilin fevral ayı üzrə 924,67 manat ƏDV-si, 21.05.2019-cu il tarixli **********766700 nömrəli qərarla 2019-cu ilin mart ayı üzrə 686,08 manat ƏDV-si, 21.06.2019-cu il tarixli **********151500 nömrəli qərarla 2019-cu ilin aprel ayı üzrə 505,16 manat ƏDV-si, 04.07.2019-cu il tarixli **********833000 nömrəli qərarla 2019-cu ilin may ayı üzrə 545,99 manat ƏDV-si və 06.09.2019-cu il tarixli **********255400 nömrəli qərarla 2019-cu ilin iyul ayı üzrə 326,16 manat ƏDV-si, ümumilikdə 6297,01 manat məbləğində vergilər hesablanmışdır. Sözügedən hesblama qərarları, 22.10.2019-cu il tarixli **********456200 nömrəli borc bildirişi və hazırda mübahisələndirilən qərar vergi ödəyicisinə elektron formada göndərilmişdir. Bundan sonrada borc məbləği ödənmədiyi üçün vergi qanunvericiliyində nəzərdə tutulmuş hərəkətlər yerinə yetirilmiş və həmin məbləğin dövlət büdcəsinə tutulması məqsədi ilə növbəti prosedur olaraq vergi orqanı təfindən 25.12.2019-cu il tarixli **********559700 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilərək icra olunması üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Mübahisələndirilən qərarlarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onların təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə yuxarı vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Tərəflər arasında bağlanmış 30.01.2017-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə əsasən vergi ödəyicisinin vəzifəsi vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir (30.01.2017-ci il tarixli müqavilə əlavə olunur). Buna baxmayaraq iddiaçı 30 gündən çox müddət keçdikdən sonra, yəni mübahisələndirilən qərar onun elektron qutusuna göndərildildikdən 14 ay sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı 26.02.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin Məhkəmənin nəzərinə çatdırılır ki, ilkin inzibati akt olan 04.02.2019-cu il tarixli, 19.03.2019-cu il tarixli, 28.03.2019-cu il tarixli, 08.04.2019-cu il tarixli, 21.05.2019-cu il tarixli, 21.06.2019-cu il tarixli, 04.07.2019-cu il tarixli və 06.09.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” Qərarlar vergi ödəyicisi tərəfindən hazırkı vaxtadək mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının iddia ərizəsində onun 24.10.2018-ci il tarixdən 24.04.2020-ci il tarixədək hərbi xidmətdə olmasını vurğulayaraq fəaliyətinin olmamasını və vergi orqanı tərəfindən hesablanan vergilərin əsassız olmasını bildirməsi həqiqəti əks etdirmir. Belə ki, iddiaçı həqiqətən hərbi xidmətdə ola bilər. Ancaq iddiaçı tərəfindən vergi orqanına yuxarıda qeyd edildiyi kimi onun hərbi xidmətdə olduğu dövrdə vergi orqanına bəyannamlər təqdim edilmiş, 17.07.2019-cu il tarixdə vergi orqanına vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) məlumatlarında dəyişiklik edilməsi və 31.01.2020-ci il tarixdə heç bir debitor və kreditor borclarının olmaması barədə ərizələr təqdim edilmişdir. Bu da onu deməyə əsas verir ki, qeyd olunan dövrlərdə iddiaçının adından sahibkarlıq fəaliyyəti göstərilmiş, lakin hal-hazırda iddiaçı tərəfindən vergi orqanının qəbul etdiyi qərarların əsassız olmasına dair iddia ilə deyil, İddiaçı onun adından sahibkarlıq fəaliyyəti göstərməsini həvalə etdiyi və ya etibar etdiyi şəxslərə qarşı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin verdiyi vəsatətdən görünür ki, hazırkı iddia üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan 04.02.2019-cu il tarixli, 19.03.2019-cu il tarixli, 28.03.2019-cu il tarixli, 08.04.2019-cu il tarixli, 21.05.2019-cu il tarixli, 21.06.2019-cu il tarixli, 04.07.2019-cu il tarixli və 06.09.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” Qərarlar iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hazırki qərarın mübahisələndirilməsi ilə iddiaçı istədiyi məqsədə çata bilməyəcəkdir. İddiaçı ilk növbədə mübahisəli qərarın verilməsinə əsas olan qərarları mübahisələndirməlidir. Bununla bağlı cavabdehin vəsatətinin surəti məhkəmə bildirişi ilə birlikdə iddiaçıya göndərilmiş, iddiaçı vəsastətə münasibət bildirməmiş və məhkəmə iclasına belə gəlməmişdir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "cavabdehin barəsində tərtib etdiyi 8917,30 manat məbləğində “vergi borcunun tutulması haqqında” 25.12.2019-cu il tarixli **********559700 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar