Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-664/2021 04.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə və İsmayıllı rayon İsmayıllı Bələdiyyəsinə qarşı “İsmayıllı rayon İsmayıllı kəndi oktyabr kolxozunun 21.07.1984-cü il tarixli qərarı ilə ayrılmış 0,38 ha torpaq sahəsinin qalan 0,07 ha hissəsinin ona ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə və İsmayıllı rayon İsmayıllı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayon İsmayıllı kəndi oktyabr kolxozunun 21.07.1984-cü il tarixli qərarı ilə ayrılmış 0,38 ha torpaq sahəsinin qalan 0,07 ha hissəsinin ona ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu “Oktyabr” kolxozunun 21.07.1984-cü il tarixli 04 saylı qərarı ilə İddiaçı qardaşı X2 istifadəsində olan 0,38 ha həyətyanı torpaq sahəsinin onun adına keçirilməsi qərara alınmışdır. Həmin vaxtdan sözügedən həyətyanı torpaq sahəsi iddiaçının istifadəsindədir. Həyətyanı torpaq sahəsində yerləşən, yaşayış sahəsi 44,0 m2, köməkçi sahəsi 37,8 m2, ümumi sahəsi 81,8 m2 olan üç otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququ İsmayıllı rayonu üzrə dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən onun adına qeydə alınmışdır. Həyətyanı torpaq sahəsinin 0,38 hektar olması tərtib olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda və İsmayıllı rayon dövlət arxivinin 14.04.2013-cü il tarixli 223 saylı arayışında öz əksini tapmışdır. Lakin İsmayıllı rayonunda torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi qeyd olunmuşdur. Mican kənd oktyabr adına kolxoz tərəfindən 1984-cü ildə iddiaçıya 38 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi islahatın qərarı ilə ona ayrılmadığından məhkəməyə müraciət etmiş və Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli 2-1(107)-221/2015 saylı qərarı ilə həmin torpaq sahəsinin 31 sotu hal-hazırda ayrılaraq ona verilmişdir. Digər 7 sotu hələ də ona ayrılmamışdır və məhkəmə qətnamələrində 34 sot göstərilsə də qalan torpaq sahəsi həmin ərazidə olmadığına görə ona ayrılmamışdır. Halbuki istifadəsində olan 38 sot torpaq sahəsinin 7 sotu qonşular tərəfindən zəbt edilmişdir. Müvafiq orqanların qərarları olmadığına görə o, həmin torpaq sahəsini əldə edə bilmir. Qeyd olunan məsələ ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etsə də müraciəti cavabsız qalmış və ona 34 sot torpaq sahəsinin ayrılması barədə sərəncam verildiyi bildirilmişdir. Lakin onun faktiki mülkiyyətində hal-hazırda 31 sot torpaq sahəsi vardır. İş materiallarına əlavə etdiyi sənədlərdən də görünür ki, ona kolxozun qərarı ilə 38 sot torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi qonşular tərəfindən zəbt edilmişdir və oda müvafiq orqanların qərarı olmadığına görə həmin torpaq sahəsini əldə edə bilmir. Beləliklə mübahisəli torpaq sahəsi ilk olaraq qardaşı X2 qanuni istifadəsində olmuşdur. Qardaşının vəfatından sonra İsmayıllı rayonu İsmayıllı kəndinin oktyabr kolxozunun 21.07.1984-cü il tarixli 04 saylı qərarı ilə qardaşı X2 istifadəsində olan həmin 0,38 ha həyətyanı torpaq sahəsinin onun adına keçirilməsi qərara alınmışdır. Həmin vaxtda sözügedən həyətyanı torpaq sahəsi istifadəsində olmuşdur. Həmin torpaq sahəsi istifadəsində olduğuna görə onun mülkiyyətinə verilməlidir. Həmin torpaq sahəsinin 0,31 ha hissəsi artıq məhkəmənin qərarı ilə ona ayrılmışdır və o həmin hissə ilə əlaqədar mülkiyyət hüququnu təsdiq edən sənədi almışdır. Qalan 0,07 hissəsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi onun üçün zəruri əhəmiyyət daşıyır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya 16 mart 2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində qeyd edilmiş hazırkı cavabdehlər – İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı rayon İsmayıllı Bələdiyyəsi iddia tələbinə cavab verməli olan orqan deyil. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 37-ci maddəsi baxımından da eyni tələbi müxtəlif cavabdehlərə yönəltməkdə haqlı deyildir (iddia tələbində də həmin inzibati orqanlar tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları əsaslandırmamışdır). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X4 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Hazırki mübahisədə nə İsmayıllı rayon İcra Hakimiyyətinin, nə də İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin pay torpaq sahəsinin bələdiyyə torpağından ayırmaqla vətəndaşın mülkiyyətinə vermək səlahiyyəti yoxdur. Belə ki, artıq islahat yekunlaşmış, islahatla bağlı tərtib edilmiş siyahılar arxivə təhvil verilmiş, torpaq sahəsinin yeni mülkiyyətçiləri formalaşmışdır ki, bununla da hər hansı bir vətəndaşa pay torpaq sahəsinin verilməsi mümkün deyildir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılmışdır ki, o, İsmayıllı rayon “Oktyabr” kolxozunun 21.07.1984-cü il tarixli 04 nömrəli qərarı ilə ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədləri (İsmayıllı rayon “Oktyabr” kolxozunun 21.07.1984-cü il tarixli 04 nömrəli qərarı, torpaq sahəsinin təhkim aktı, torpaq sahəsinin ayrıc aktı və ya ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən digər sənədlər və s.) təqdim etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaşadığı ərazi üzrə Ərazi idarəsinə müraciət etsin. Sonuncu müraciətinin təmin edilməsindən imtina etdiyi və ya müraciətini qanunla müəyyən olunmuş müddət ərzində cavablandırmadığı təqdirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaşadığı ərazi üzrə Ərazi idarəsinə qarşı sonuncunun hərəkət və ya hərəkətsizliyindən müdafiəyə dair iddia vasitəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunan nöqsanlara münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 19.03.2021-ci il tarixdə imza edilərək alınmış, lakin verilmiş müddət ərzində iddiaçı tərəfindən məktuba münasibət bildirilməmiş, nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən və iş üzrə hazırki cavabdehlər (İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı rayon İsmayıllı Bələdiyyəsi) həmin iddiaya cavab verməli olmadıqlarından iddia mümkün sayılmamalıdır. İddiaçıya bir daha izah olunur ki, iddia tələbində göstərilən məqsədə nail olmaq üçün o, İsmayıllı rayon “Oktyabr” kolxozunun 21.07.1984-cü il tarixli 04 nömrəli qərarı, torpaq sahəsinin təhkim aktı, torpaq sahəsinin ayrıc aktı və ya ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən digər sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaşadığı yer üzrə Ərazi idarəsinə müraciət etməli, sonuncunun müraciətin təmin edilməsindən imtina etdiyi yaxud müraciəti cavabsız saxladığı halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçı ərizəsindən görünür ki, onun tələbi öhdəliyin icrası haqqında iddia olsa da, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: Səfərov İddiaçı cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə və İsmayıllı rayon İsmayıllı Bələdiyyəsinə qarşı “İsmayıllı rayon İsmayıllı kəndi oktyabr kolxozunun 21.07.1984-cü il tarixli qərarı ilə ayrılmış 0,38 ha torpaq sahəsini qalan 0,07 ha hissəsinin ona ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-664/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-664/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver