Məhkəmə qərarları › İş №2-1(116)-665/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-665/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-665/2021 29.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, üçüncü şəxs X4 iştirakı ilə “İddiaçı Cavabdehnə qarşı iddiaçının üçüncü şəxs X4 mülkiyyətində olan ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması” öhədliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun üçüncü şəxs X4 mülkiyyətində olan ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, üçüncü şəxs X9 iddiaçının sabiq baldızıdır. Yevlax Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli 2(039)-449/2020 saylı qətnaməsi ilə iddiaçının Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və onun övladı 30.03.2011-ci il təvəllüdlü X6 ilə birlikdə həmin yaşayış evinə köçürülməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(039)- 449/2020 saylı Qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq aradan qaldırılmış və həmin qətnamənin qət etdi hissəsində yazılmış "Nərmin" sözünün “Nərminə” kimi oxunması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunmuşdur. Yetkinlik yaşına çatmamış qızı Fəridə Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında qeydiyyatda olsa da, iddiaçı həmin ünvanda qeydiyyatda deyildir. Eyni zamanda həmin ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə 27.11.2020-ci il tarixdə rəsmi müraciət etmiş, cavabdeh rəsmi müraciəti 30.11.2020-ci il tarixdə almış, lakin cavablandırmamışdır. Üçüncü şəxs iddiaya qarşı 18.03.2021-ci il tarixli etirazında bildirmişdir ki, iddia tələbində mübahisələndirilən yaşayış evinin mülkiyyətçisidir və o, mülkiyyətçi olaraq iddiaçı X1 onun mülkiyyətində olan evə qeydiyyata alınmasına razı deyildir. İddia tələbinə qarşı etirazı bildirməklə, həmin iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etiraza uyğun izahat vermiş, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilsə də, iddiaçının həmin evdə yaşamadığını bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona cavab verilmədiyindən, müraciət etməsini təsdiq edən sənədləri əlavə etməklə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciət 30.11.2020ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Həmçinin, iddiaçı tərəfindən poçt göndərişinin göndərilməsini təsdiq edən qəbz iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh məhkəmənin sərəncamına 03.05.2021-ci il tarixli 195-9517-1221 nömrəli cavab məktubunda göstərmişdir ki, vətəndaş X1 Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında pasport qeydiyyatına düşməsinin Yevlax RPŞ tərəfindən təmin edilməsi mümkün olmadığı vətəndaş İddiaçı izah edilmiş və rəsmi olaraq cavab verilmişdir. İş materiallarında olan Nikahın pozulması haqqında AZ-İ 339779 nömrəli 12.12.2019-cu il tarixli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X5 X7 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12.12.2019cu il tarixdə 305 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Hacıyeva soyadı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-449/2020 nömrəli mülki iş üzrə 19.05.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmış və onun övladı 30.03.2011-ci il təvəllüdlü X6 ilə birlikdə həmin yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmənin iş üzrə 26.11.2020-ci il tarixli qərardadı ilə 19.05.2020-ci il tarixli qətnamədə yol verilmiş yalnışlıq aradan qaldırılmış, qətnamənin qət etdi hissəsində yazılmış “Nərmin” sözünün “Nərminə” sözü kimi oxunması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsi məhkəmənin 10.03.2021-ci il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, 19.05.2020-ci il tarixli 2(039)-449/2020 saylı qətnamə 22.06.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 16.06.2021-ci il tarixli **********50 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərinə əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən mənzil 28.12.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında 29.12.2019-cu il tarixdə X2 vərəsələri X10 və X8 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Daha sonra mülkiyyətçilərin X9 ilə aralarında bağlanmış 22.01.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən üçüncü şəxs A.Əsədovaya bağışlanmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş Çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə 28.01.2020-ci il tarixdə tam pay hüququ əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzil hazırda da üçüncü şəxsin xüsusi mülkiyyətindədir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, artıq Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş 19.05.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla cavabdehin imtinasını istisna edən şərt öz təsdiqini tapmış, cavabdehin məhkəməyə təqdim etdiyi 03.05.2021-ci il tarixli məktubda göstərilən əsaslardan ibarət imtinası əsassız olmuşdur. İddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etdiyi mübahisəli mənzilə münasibətdə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanındığından və icraya yönəldildiyindən onun tələbi əsaslı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)-3309/2019 nömrəli analoji iş üzrə 27.11.2019-cu il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının istifadə hüququnun tanındığı fərdi yaşayış evinə qeydiyyata alınmaqdan ibarət tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı üçüncü şəxs X4 mülkiyyətində olan ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 8legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar