Məhkəmə qərarları › İş №2-1(116)-665/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-665/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-665/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “2013-cü ildə aldığı 0,12 ha həyətyanı torpaq sahəsinə Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “2013-cü ildə aldığı 0,12 ha həyətyanı torpaq sahəsinə Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2634/2022 nömrəli qərardadı ilə Şəki rayonu Baltalı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şəki rayonu Baltalı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 02/04 nömrəli qərarına əsasən Şəki rayonu Baltalı bələdiyyəsi tərəfindən iddiaçıya həyətyanı istifadə üçün 0.12 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin dəyəri 840 manat pul köçürməklə ödənilmişdir. Bundan sonra iddiaçıya həyətyanı istifadə üçün torpaq sahəsi ayrılmasına dair akt tərtib edilmişdir. Həmin akt DT Və XK Şəki rayon şöbəsinin müdir tərəfindən təsdiqlənmişdir. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi müraciətinə xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, Şəki rayonu Baltalı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, torpaq sahəsininin satılmasına dair qərar qəbul edilmişdir ki, bu da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, Bələdiyyələ dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və ə avələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun mövcud tələblərinə uyğun aparılmamışdır. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1.1-ci maddələrinə əsasən ərizələrinizin icrası mümkün olmamışdır. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi 09 dekabr 2022-ci il tarixli məktubunda iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrıldığı və müvafiq qaydada torpağın dəyərinin bələdiyyənin hesabına ödənildiyi bildirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 3-21-3-39/2-1494/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Şəki rayonu Baltalı Bələdiyyəsinin xx.xx.2013 tarixli 02/04 nömrəli qərarına əsasən iddiaçıya verilmiş torpaq sahəsi 1350 kv.m olub, döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuşdur. TEKUİS məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan ərazidir Halhazırda iddiaçı tərəfindən istifadə olunur, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi qismən eynilik təşkil edir. - A seriyalı 436700 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - Şəki rayonu Baltalı Bələdiyyəsinin 09 dekabr 2022-ci il tarixli məktubu və ona əlavə edilən sənədlər; - İddiaçının təqdim etdiyi xx.xx.2013-cı il tarixli ödəniz qəbzindən görünür ki, 840 manat məbləğində torpağın dəyəri Şəki rayon Baltalı Bələdiyyəsinin hesabına ödənilmişdir. - Şəki ŞİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli 03 nömrəli məktubundan görünür ki, Şöbə 1200 kv.m torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki rayonu Baltalı Bələdiyyəsinin xx.xx.2013 tarixli 02/04 nömrəli qərarı ilə İddiaçı şəxsi mülkiyyətinə ayrılan 1200 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2013-cı il tarixli ödəniş qəbzinə əsasən Şəki rayonu Baltalı Bələdiyyəsinin hesabına ödənilmişdir. Cavabdehin iddiaya qarşı dəlili – Şəki rayonu Baltalı bələdiyyəsinin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadan həmin torpaq sahəsinin iddiaçıya satması ilə bağlı olmuşdur. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşdiyi,faktiki olaraq həyətyanı torpaq sahəsi kimi istifadə olunduğu göstərilmişdir.Mütəxəssis rəyindən görünür ki,iddiaçının naturada istifadəsində 1350 kv.m torpaq sahəsi olub, döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuşdur. TEKUİS məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan ərazidir Hal-hazırda iddiaçı tərəfindən istifadə olunur, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi qismən eynilik təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Baltalı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 02/04 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq Çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar