Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-666/2021 28.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı1, iddiaçı və üçüncü şəxs Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızının nümayəndəsi İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçıların cavabdehə qarşı “iddiaçıların paylı mülkiyyətinə 0,24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair 06.11.2020-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan X7 mülkiyyətçilər sırasından çıxarılmaqla və Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızının mülkiyyətçilər sırasına daxil edilməklə hüquqların dövət qeydiyyatı haqqında yeni çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı (üçüncü şəxs Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızı) məhkəməyə müraciət edərək, iddiaçıların paylı mülkiyyətinə 0,24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair cavabdeh tərəfindən verilmiş 06.11.2020-ci il qeydiyyat tarixli və **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan X7 mülkiyyətçilər sırasından çıxarılmaqla və Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızı mülkiyyətçilər sırasına daxil edilməklə hüquqların dövət qeydiyyatı haqqında yeni çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə, Məhkəmənin icraatında olan 2-1(116)-659/2021 nömrəli və 2-1(116)-666/2021 nömrəli inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən 06.11.2020-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçıların paylı mülkiyyətinə 0,24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində üçüncü şəxsin də payı vardır. Lakin çıxarış verilən zaman mülkiyyət sənədində X4 yazılmalı olduğu halda cavabdeh səhv olaraq X5 ona və digər payçılara aid olmayan adları göstərmişdir. Buna görə də, çıxarışda səhv olaraq göstərilmiş X7 adının X2 düzəliş edilməsi ilə onlara çıxarış verilməsini, bu mümkün olmadığı halda isə məhkəməyə müraciət etmələri üçün imtina məktubunun verilməsini cavabdehdən xahiş etmişlər. Bu məqsədlə cavabdehə ərizə ilə müraciət edilmiş, onlara imtina cavabı verilmişdir. Cavabdehin 04.11.2020-ci il tarixli **********39 nömrəli imtina məktubunda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır. Ərizədə qeyd edilən **********53 reyestr nömrəli dövlət reyestrindən çıxarışdan X7 adının çıxarılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Cavabdeh iddiaya 14.04.2021-ci il tarixli **********99 nömrəli və 16.04.2021-ci il tarixli **********23 nömrəli etirazlarında göstərmişdir ki, 06.11.2020-ci il tarixli, **********06 reyesrt nömrəli çıxarışdan X7 adının çıxarılması və X1 adının yazılmaqla reyestrdən çıxarışın verilməsi Daşınmaz Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinin səlahiyyətləri daxilində deyil, bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində müvafıq qeydiyyat qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasındaaparılır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş 04.06.2021-ci il tarixli iddianın dəqiqiləşdirilməsi barədə ərizəyə qeyd edilməklə iddia tələbinə etiraz etmədiyini, iddianı qəbul etdiyini bildirmiş və öz imzası ilə təsdiq etməklə iddianın təmin olunmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi eyni məzmunlu izahat vermişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, üçüncü şəxs N.Əbdürəhmanova və X7 adına müvafiq olaraq 4/12, 4/12, 1/12 və 3/12 pay olmaqla, 30.10.2020-ci il qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********553 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilmişdir. Çıxarışın verilməsinə əsas qismində 06.11.2013-cü il tarixli **********06 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və 04.12.2013-cü il tarixli satıcılar İddiaçı1, İddiaçı2, X4 ilə X12 arasında bağlanmış daşınmaz əmlakın (torpaq sahəsinin) alqı-satqı müqaviləsi çıxış etmişdir. Belə ki, 06.11.2013-cü il tarixli çıxarışda hüquq sahiblərinin payları yuxarıda qeyd olunan şəkildə göstərilməklə, torpaq sahəsinin ölçüsü 0,24 ha qeyd edilmiş, alqı-satqı müqaviləsi ilə 0,12 ha torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir. 06.11.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 10.07.2013-cü il tarixli çıxarış və 23.10.2013-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında verilmişdir. RX seriyalı ******* nömrəli 10.07.2013-cü il tarixli çıxarışda hüquq sahibləri qismində İddiaçı1, X8, İddiaçı2 və X11 göstərilmişdir. Həmin çıxarışın verilməsinə əsas qismində isə, JN-063G KOD 40601004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 25.12.2008-ci il tarixli alqı-satqı müqaviləsi çıxış etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı1, X8, İddiaçı2 və X9 0,44 ha torpaq sahəsinin mülkiyyətə verildiyi qeyd olunmuşdur. Məhkəmənin arxiv sənədlərinin təqdim edilməsi barədə sorğusuna Azərbaycan Respublikası Əməlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli **********58 nömrəli cavab məktubuna əlavə edilmiş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş 1999-cu il tarixli Qəbələ rayonunun Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin arxiv nüsxəsində İddiaçı1, X8, İddiaçı2 və X7 adları göstərilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçılar tərəfindən mübahisələndirilən çıxarışın əsasında onlara yeni çıxarış verilmiş, hazıkı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olunmuş sənədlərin kökündə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının qərarı durmuşdur. Aqrar İslahat Komissiyasının qərarı şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 713 İİ-Q nömrəli Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, hazırkı iş üzrə də mübahisələndirilən çıxarışla iddiaçılara torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının ləğv edilməmiş qərarı olduğundan cavabdehin X7 adının çıxarışdan mülkiyyətçilər siyahısından çıxarılmasından imtinası əsaslı, imtinadan ibarət hərəkətləri qanunauyğun olmuşdur. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 saylı qərarı qüvvədə olduğu müddətdə onun əsasında verilmiş çıxarışın ləğvi və mülkiyyətçilərin siyahısının dəyişdirilməsindən ibarət iddia mümkün sayıla bilməz. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16.07.1996-cı il tarixli 155-İQ nömrəli Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Qanunun 22-ci maddəsinə görə, fziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Sözügedən qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə X7 adının Aqrar İslahat Komissiyasının adlı siyahısında, Komissiyanın qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilməsi iddiaçılara məlum olmasına baxmayaraq onlar tərəfindən mübahisələndirilməmişdir. Nə qədər ki, Aqrar İslahat Komissiyasının qərarı qüvvədədir, onun əsasında cavabdeh tərəfindən verilmiş çıxarış da mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1032/2021 nömrəli iş üzrə 01.06.2021-ci il tarixli qərarında analoji mövqedən çıxış edərək qeyd etmişdir ki, “...Hazırkı qərarın 36-cı bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarı üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Odur ki, hazırkı iş üzrə də mübahisələndirilən torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı Aqrar İslahat Komissiyasının ləğv edilməmiş qərarı olduğundan üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğundur... Qeyd edilməlidir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı qüvvədə olduğu müddətdə onun əsasında verilmiş ... “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” mübahisələndirilə bilməz. ...Nə qədər ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının ... qərarı qüvvədədir, onun əsasında cavabdehin verdiyi çıxarış da mübahisələndirilə bilməz”. Digər tərəfdən iddiaçılar **********06 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan X7 mülkiyyətçilər sırasından çıxarılmaqla və Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızının mülkiyyətçilər sırasına daxil edilməklə hüquqların dövət qeydiyyatı haqqında yeni çıxarışın verilməsini tələb etsələr də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin çıxarışın əsasında duran eyni reyestr nömrəli 10.07.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış mövcud olmuşdur ki, həmin çıxarışda da X7 adı hüquq sahibləri qismində qeyd edilmişdir. İddiaçılara müvafiq dəqiqləşmənin aparılması təklif olunsa belə, iddiaçılar tərəfindən iddia tələbi dəqiqləşdirilərkən müvafiq düzəliş aparılmamışdır. Bu isə onu deməyə əsas verir ki, hazırkı iddianın uğurluluq ehtimalında belə iddiaçılar arzuladığı məqsədə nail ola bilməyəcəkdir. İddiaçılar iddia ərizəsində və izahatlarında iddia tələbinin əsas dəlili kimi ailələrində X11 adlı şəxsin olmadığına, əslində bu şəxsin Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızı olduğuna, sadəcə cavabdeh orqan tərəfindən çıxarışın verilməsi zamanı adının və ata adının səhv qeyd edildiyinə istinad edirlər. İddia ərizəsinin göstərilən dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçılar çıxarışda üçüncü şəxsin adının Şövkət, ata adının isə Seymur kimi qeyd olunduğunu, əslində çıxarışda adı İddiaçı1 kimi göstərilən şəxsin N.Əbdürəhmanova olduğunu iddia edirlərsə, bu barədə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 307.2.5-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ümumi məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdirlər. Belə ki, MPM-in: 305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Odur ki, mülki icraat qaydasında həll edilməli olan məsələnin inzibati məhkəmə icraatı qaydasında həllinin tələb olunması inzibati prosessual qanunvericiliyin və məhkəmə təcrübəsinin tələbləri baxımından yolverilməzdir. Belə ki, bu növ tələb inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Həmçinin iddiaçılar çıxarışdan X7 mülkiyyətçilər sırasından çıxarılmaqla və Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızının mülkiyyətçilər sırasına daxil edilməklə hüquqların dövət qeydiyyatı haqqında yeni çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməklə faktiki olaraq üçüncü şəxsin mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdədirlər ki, bu növ tələbə də inzibati mühakimə icraatı çərçivəsində baxılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “iddiaçıların paylı mülkiyyətinə 0,24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair 06.11.2020-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan X7 mülkiyyətçilər sırasından çıxarılmaqla və Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızının mülkiyyətçilər sırasına daxil edilməklə hüquqların dövət qeydiyyatı haqqında yeni çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-666/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-666/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver