Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-666/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “X5 Aqrar İslahat Komissiyasının Qərarı ilə JN- 187 kod 90511028 saylı dövlət aktına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müqafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X6 və X15 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar İslahat Komissiyasının Qərarı ilə JN-187 kod 90511028 və JN-188 kod 90511028 saylı dövlət aktlarına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bununla bağlı müqafiq çıxarışın verilməsi ilə bağlı öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1382/2023 nömrəli qərardadı ilə “X5 Aqrar İslahat Komissiyasının Qərarı ilə JN-187 kod 90511028 saylı dövlət aktına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müqafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ayrıca icraata ayrılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-666/2024 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1999-cu ildə İddiaçı isə 187 saylı Dövlət aktı ilə 3,67 ha pay torpağı verilib. Lakin pay torpağı verilən ərazidə sürüşmə olduğu üçün başqa yerdən torpaq sahəsi ayrılıb (1999-cu ilin aprel ayında). Daha sonra isə 2000-ci ildən yanvar ayında Zərdab rayonu, Məlikumudlu kənd icra nümayəndəsi X8 ayrılmış torpaq sahəsinin saxta sənədlə zəbt etmiş və iddiaçını ordan qovmuşdur. Halbuki, Ağaverdi Novruzovun özünün həm torpaq sahəsinin yanında 189 saylı dövlət aktına əsasən 2,63 ha torpaq sahəsi vardır. Bu səbəbdən də qeyd edilənlərlə bağlı iddiaçının adına Aqrar İslahat Komissiyasının Qərarı ilə JN 188 kod 90511028 saylı dövlət aktına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, heç bir cavab verilməmişdir. Bu səbəbdən də, iddiaçı Məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının sənədlərin əslini təqdim edəcəyi təqdirdə ərizəsinə qanuna müvafiq qaydada baxılacağı barəsində xx.xx.2023-cü il tarixli cavab məktubu verildiyini bidirmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs işə iştirakının olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. İddiaçının xx.xx.2023-cüi il tarixli ərizəsindən görünür ki,iddiaçı cavabdehə ilkin tələblə müraiət etmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-187 saylı (kod ********) dövlət aktından görünür ki, 3.67 ha torpaq sahəsi Zərdab rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-cı il tarixli 10 saylı qərarı ilə X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.
3. Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi Zərdab rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-cı il tarixli 10 saylı qərarı.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərdab rayonu Məlikumudlu kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısında X6 və X9 adları qeyd edilmişdir.
5. 29.01.2021-ci il tarixli **********1 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zərdab rayonu Məlikumudlu kəndində istifadədə olan 2.63 ha torpaq sahəsində mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2542/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsassızdır. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Həmin Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı X6 və ailə üzvlərinə Aqrar İslahat Komissiyasının Qərarı ilə JN- 187 kod 90511028 saylı dövlət aktına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müqafiq çıxarışın verilməsinə nail olmaqdır. Cavabdeh naturada göstərilən torpaq sahəsi ilə dövlət aktında qeyd olunan torpaq sahəsinin eyni olmaması əsası ilə ilkin müraciətin icrasından imtina etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2- 2542/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarında mövcud olan, JN-187 kod 90511028 nömrəli Dövlət Aktının DVJ və TEKUİS bazasında yerləşmə vəziyyəti barədə müqayisəli sxem təqdim edilmişdir. JN-187 kod (********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” İddiaçı mülkiyətinə verilmiş 3.67 ha torpaq sahəsi 1.56 və 2.11 ha olmaqla Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi elektron baza məlumatlarında mütəxəssis tərəfindən aşkar edilməmişdir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 3.56 ha torpaq sahəsi JN-187 nömrəli Dövlət Aktının DVJ-də və TEKUlS-də yerləşmə vəziyyətinə uyğun deyil, belə ki, iddaçının naturada göstərdiyi 3.56 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş 3.67 ha (1.56 ha və 2.11 ha) torpaq sahəsindən kənar çevrədə yerləşir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 3.56 ha torpaq sahəsini 2.6 ha hissəsi **********51 reyestr nömrəli çıxarışla X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.64 ha torpaq sahəsi ilə və iddiaçının naturada göstərdiyi, iddia etdiyi 3.56 ha torpaq sahəsinin 0.38 ha hissəsi isə **********50 reyestr nömrəli çıxarışla X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.06 ha torpaq sahəsi ilə üstüstə düşür.İddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada göstərdiyi 3.56 ha torpaq sahəsinin qalan 0.58 ha hissəsi arxın mühafizə zolağı olaraq göstərilən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlara, bir hissəsi isə paydan artıq qalan dövlət mülkiyyəti olaraq göstərilən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı torpaqlara aiddir. JN-187 kod 90511028 qeyd edilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş əkinə yararlı torpaq sahəsi olmaqla iddiaçı tərəfindən faktiki istifadə olunmur. İddiaçının mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi qonşu torpaq mülkiyyətçiləri tərəfindən istifadə olunur. Əlavə olaraq bildiririk ki, idiaçının iddia etdiyi, naturada göstərdiyi 3.56 ha torpaq sahəsi X7 və ailə üzvləri tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin hər iki məlumat bazasına əsasən ( DWG və TEKUİS) yerləşmə vəziyyəti örənilmişdir.Təqdim edilən sxemdən görünür ki,iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi JN-187 kod 90511028 saylı dövlət aktına əsasən onun birgə mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi ilə eyni deyildir.İddiaçının naturada istifadəsində torpaq sahəsi yoxdur. İddia olunan torpaq sahəsi isə elektron baza məlumatlarında X4 mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Bu da torpaq sahəsi üzərində hüququn yaranmasına əsas vermir. Göründüyü kimi iddiaçı aqrar islahat zamanı ona ayrılmayan və faktiki olaraq da istifadəsində olmayan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmişdir. Yuxarıda qeyd olunan hallara əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığına dair əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “X5 Aqrar İslahat Komissiyasının Qərarı ilə JN- 187 kod 90511028 saylı dövlət aktına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müqafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə