Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-669/2020 19.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı "müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 31.01.1973-cü ildə anadan olmuş və Şəki rayon Baş Göynük kəndində yaşayır. O, 14.05.1991-ci ildən 25.02.1992-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, qanunla müəyyən edilmiş hərbi xidmət müddətini keçməmişdir. Bundan sonra o, 02.04.2002-ci ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 17.10.2003-cü ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının verilməsini xahiş etmiş, lakin sonuncu 28.09.2019-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, N və N nömrəli hərbi hissələrdə iddiaçının xidməti barədə arxiv sənədlərində məlumat olmadığından müvafiq qərar qəbul etmək mümkün deyil, inzibati məhkəməyə müraciət etməsi məqsədə uyğundur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 14.05.1991-ci ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Ukrayna Respublikasında N nömrəli hərbi hissədə xidmət etmiş, 1992-ci ilin fevral ayında Bakı şəhərinin Biləcəri Qəsəbəsinə gətirilmiş, oradan isə Güzuli rayonuna göndərilmişdir. Orada Başından zədə aldığına görə Şəkiyə öz evinə göndərilmiş, evdə müalicə olunub sağaldıqdan sonra Füzuliyə qayıtmışdır. Böyük Bəhmənli və Kiçik Bəhmənli kəndləri işğal olunduğuna görə o, evə qayıtmışdır. Daha sonra o, 2002-ci ildə hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissədə xidmət etmişdir. Məhkəmənin 26.02.2020-ci il tarixli sərəncamı ilə iddiaçıya Azərbaycan Respublikasının ərazisində hərbi xidmətdə olduğu hərbi hissələrin nömrələri və tarixlər barədə məlumat verməsi təklif edilmişdir. İddiaçı məhkəməyə yazdığı cavab ərizəsində 1992-ci ildə Füzuli rayonu ərazisində N və N nömrəli hərbi hissələrdə xidmətdə olduğunu bildirmişdir. Cavabdeh iddiaya qarşı 12.03.2020-ci il tarixli 11/1541 nömrəli etirazında bildirmişdir ki, iddiaçıya məxsus HЭ seriyalı ******* nömrəli hərbi biletdə İddiaçı döyüş zonasında hərbi xidmət keçməsi, döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması və hərbi döyüşlərdə iştirakını sübut edən qeydlər yoxdur. Bundan əlavə, AO seriyalı ******* nömrəli hərbi biletdə də iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi, döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması və hərbi döyüşlərdə iştirakını sübut edən qeydlər olmadığına görə iddia təmin edilməməlidir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, HЭ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı14.05.1991ci ildən 25.02.1992-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 02.04.2002-ci ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 17.10.2003-cü ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 04.09.2019-cu il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - İşdə olan, Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən verilmiş 05.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında İddiaçı barəsində heç bir məlumat yoxdur. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12.03.2020-ci il tarixli etiraz məktubundan görünür ki, iddiaçıya məxsus HЭ seriyalı ******* nömrəli hərbi biletdə İddiaçı döyüş zonasında hərbi xidmət keçməsi, döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması və hərbi döyüşlərdə iştirakını sübut edən qeydlər yoxdur. Bundan əlavə, AO seriyalı ******* nömrəli hərbi biletdə də iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi, döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması və hərbi döyüşlərdə iştirakını sübut edən qeydlər yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Srxivində iddiaçının N və N nömrəli hərbi hissələrdə xidmətini təsdiq edən məlumat yoxdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı 1992-1993-cü illərdə Füzuli rayonu ərazisində N və N nömrəli hərbi hissələrdə xidmət edərək döyüşlərdə iştirak etdiyini bildirsə də, bununla bağlı onun hərbi biletlərində heç bir qeydiyyat, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivində isə heç bir sənəd yoxdur. Eyni zamanda, işin həlli üçün əhəmiyyət kəsb edən aşağıdakı bir hal da müəyyən edildi. Belə ki, İddiaçı 02.05.2017-ci ildə cavabdeh DSMF Şəki şəhər şöbəsinə qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və s. barədə iddia ərizəsi ilə (iş № 2-1(84)-623/2017) Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsində bildirmişdir ki, 10.04.1991ci ildən 21.11.1996-cı ilədək "Qaya" təmir-tikinti kooperativində işləmiş, 02.04.2002-ci ildən 17.10.2003-cü ilədək isə hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, iddiaçı hazırda Füzuli rayonu ərazisində N və N nömrəli hərbi hissələrdə xidmət edərək döyüşdüyünü iddia etdiyi 1992-1993-cü illərdə o, "Qaya" təmir-tikinti kooperativində işlədiyini özü öz ərizəsində yazmışdır. İddiaçının 10.04.1991-ci ildən 21.11.1996-cı ilədək "Qaya" Təmir-Tikinti kooperativində işləməsi qeyd olunan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı 1992-1993-cü illərdə Füzuli rayonu ərazisində N və N nömrəli hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi xidmət keçməsi sübuta yetirilmədi. Belə olan halda, cavabdeh ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı "müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-669/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-669/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver