Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-669/2022 21.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin rabitə rəisi-tağım komandiri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin rabitə rəisi-tağım komandiri vəzifəsinə bərpa edilməsi barədə vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmri ilə iddiaçı Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Həmin əmrin verilməsi üçün əsas Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsi (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda) olmuşdur. Lakin, o, özünü xəstə hesab etmir və hərbi həkim komissiyasının rəyi ilə razı deyil. Ona görə də hərbi xidmətini davam etdirmək istəyir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır. - Azərbaycan Respublikasında ‘‘qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən göndərilmiş kapitan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə rəisi-rabitə taqım komandiri vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 1120 göndərişi ilə xx.xx.2020-ci il tarixdə iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş, həmin Poliklinikanın Hərbi Həkim komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya “keçrilmiş kəskin polimorf psixotik pozuntu” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və o “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız hesab edilərək “Hərbi vəzifə və hərbi xidmət hqaqqında’’ Azərbaycan Respublikası Qanununun 42.0.02.-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2021 -ci il tarixli 01619 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə rəisi-rabitə taqımının taqımının komandiri kapitan İddiaçı həqiqi hərbi xidmətdən istefaya buraxılaraq qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə göndərilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 79 nömrəli qərarından görünür ki, Ucar RHK tərəfindən 1999-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və SQ BKH-da xx.xx.2013-cü ildən xx.xx.2013- cü ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz:” Kəskin bel-oma radikuliti”, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi müalicə olunduğu xəstəlik diaqnoz:" Vertebrogen mənşəli kəskin bel- oma radikuliti, xx.xx.2014-cü ildən xx.xx.2014cü ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz: ‘‘Diskogen mənşəli bel-oma radikuliti. Kəskin faringit", xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə kimi müalicə olunduğu xəstəlik diaqnoz:”Vertebrogen mənşəli lumbalgiya”, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz: “ Diskogen mənşəli lumbalgiya. L4- L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Düyünlü ur, funksiyanın pozulmaması ilə. İkincili hissəvi adentiya, çənədə 2 dişin, əngdə 1 dişin olmaması ilə” 21,09.2015-ci ildən xx.xx.2015-ci ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz: “L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Onuğa sütununun bel şöbəsi funksiyasının pozulmaması ilə. Düyünlü ur, eutireoid forma. İkincili hissəvi adentiya, çənədə 2 dişin olmaması ilə" (Azərbaycan Respublikası SHXÇDXnin Ucar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 164 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 189 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 4900 nömrəli, xx.xx.2013-cü il tarixli 88 nömrəli, xx.xx.2014-cü il tarixli 5788 nömrəli, xx.xx.2014cü il tarixli 7833 nömrəli, xx.xx.2015-ci il tarixli 6099 nömrəli çıxarış epikerizləri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” və 2012-ci ildə aldığı və xx.xx.2019-cu ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş keçirilmiş travmanın nəticəsi diaqnoz: “Sol mil sümüyünün köhnə, kafi bitişmiş, sol dirsək sümüyünün bizəbənzər çıxıntısının oynaqaxili sınıqlıan” (MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2019-cu il tarixli 8881 ilə təsdiq edilir) “Travmadır, Hərbi Xidmət Dövründə Alnmışdır”. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 189 nömrəli arayışından görünür ki, verilir 1982-ci il təvəllüdlü Ucar rayon Bərgüşad kənd sakini ehtiyatda olan kapitan İddiaçı ondan ötrü ki, o xx.xx.1999-cu ildən xx.xx.2017-ci ilə qədər Azərbaycan Ordusunda xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0762 nömrəli xx.xx.2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusu sıralarından tərxis olunmuşdur və xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar raon şöbəsində hərbi qeydiyyatdadır. - xx.xx.2021-ci il tarixli 21321 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, MN Mərkəzi Hərbi Poliklinikasının qərarı ilə iddiaçı, “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər həqiqi hərbi xidmətdən İstefaya Buraxılsınlar: Kapitan İddiaçı, N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə rəisi - rabitə taqımının komandiri. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Mübahisələndirilən əmr xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Odur ki, iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia tələbi mahiyyət etibarilə əsassızdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə ilk növbədə hərbi qulluqçuların xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (.) 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (-); 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: (-) 42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; (-) Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ...
157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: ... b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda. . Həmçinin «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrin qəbul edilməsinə əsas xx.xx.2021-ci il tarixli 21321 №-li xəstəlik haqqında şəhadətnamə olmuşdur. Belə ki, sözügedən şəhadətnamə ilə müəyyən edilir ki, MN Mərkəzi Hərbi Poliklinikası iddiaçının həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı qərar qəbul etmişdir. İddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların təhlili onu göstərir ki, iddiaçı “xəstəliyə görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir və bunu özünü xəstə hesab etməməsi ilə əsaslandırır. Lakin, iddiaçı tərəfindən onun xəstəliyinə görə hərbi xidmətə yararsız hesab edilməsinə dair Şəhadətnamə mübahisələndirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, şəhadətnamənin məzmununa istinad edilməklə cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin rabitə rəisi-tağım komandiri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.