Məhkəmə qərarları › İş №2-1(116)-67/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-67/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-67/2024 11.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 0,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-971/2023 nömrəli qərardadı ilə Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-971/2023 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı 12 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 0.39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinə müraciət edərək, quçşuluğun inkişafı məqsədi ilə torpaq sahəsinin satılmasını xahiş etmişdir. Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin ehtiyat fondunun alqısatqı predmenti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya quşçuluğun inkişafı məqsədi ilə 0.50 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, iddiaçıya 0.50 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixdə pul vəsasiti Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin hesabına ödənilmiş və mədaxil qəbzi götürülmüşdür. Daha sonra ilə aralarında xx.xx.2005-ci il tarixdə Torpaqların alqı-satqı aktına dair iki akt tərtib olunmuşdur Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə imtina məktubunda vermişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay Rayonu Ərəbcəbirli kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilmiş və faktiki istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanılmışdır.Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması müəyyən edilmişdir. Həmçinin bildirilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı predmeti deyil, yalnız icarəyə vətəndaşlara verilə bilər. Buna görə də onun ərizəsinin icrası tərəfindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsi ərazisindən 0.50 ha torpaq sahəsi ayrılmış, iddiaçı 330801 manat bələdiyyənin hesabına ödəmişdir.

3. A seriyalı 016211 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, iddiaçı X1 quşçuluğun inkişafı məqsədi ilə 10000 kv.m torpaq sahəsi ayrılmış, X4 kitabında 97 nömrə ilə uçota alınmışdır.

4. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli ödəniz qəbzindən görünür ki, 330801 manat məbləğində torpağın dəyəri Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin hesabına ödənilmişdir.

5. Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə bələdiyyənin 0.50 ha torpaq sahəsinin iddiaçıya verilməsi rəsmiləşdirilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3414/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə ayrılmış 0.50 ha torpaq sahəsi ilə bağlı Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilən planda 0.50 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətlərini (naturada sahəsi, təyinatı (kənd təsərrüfatı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və.s) müəyyən etmək mümkün olmadı. İdarənin mütəxəssisinə naturada göstərilən, iddiaçı tərəfindən faktiki istifadə edildiyi bildirilən 0.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları, örüş uqodiyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Əlavə olaraq bildirilmişdir ki, naturada göstərilən 0.50 ha torpaq sahəsinin 0.11 ha hissəsi elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0005 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə üst-üstə düşür.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4830/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavədən görünür ki, mübahisəli torpaq sahəsinə baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən 0:50 ha torpaq sahəsinin tərkib hissəsi olan, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0005 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.11 ha torpaq sahəsi baxış zamanı iddiaçı tərəfindən istifadə olunduğu bildirilmişdir. Naturada göstərilən 0.50 ha torpaq sahəsi üzərində çoxillik əkmələr mövcuddur.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsi tərəfindən 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilən 0,39 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2004-cü il tarixdə Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki,iddia olunan torpaq sahəsi iddiaçıya Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsi tərəfindən 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə ayrılmışdır.Həmin qərara əsasən iddiaçıya ayrılan torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan,kənd təsərrüfatına yararsız (quşçuluğun inkişafı) məqsədi ilə ayrıldığı qeyd olunmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0005 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində də təyinat qeydində “quşçuluğun inkişafı” məqsədi ilə ayrıldığı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı, Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli qərarı ilə Hacıbaba Hümbət oğluna ayrılmış iddia olunan torpaq sahəsinə bitişik 1,0 ha torpaq sahəsinin də eyni təyinatlı olduğu və eyni məqsədlə ayrıldığı müəyyən edilmişdir.Verilmiş sorğuya cavab olaraq bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu bildirilmiş,ayrıldığı vaxtdan həmin məqsədi ilə istifadə olunduğu göstərilmişdir.Mütəxəssis rəyində torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması qeyd olunsa da həmin torpaq sahəsinin iddiaçıya satılan zaman kənd təsərrüfatına yararlı olması barədə əsaslı hər hansı sənəd təqdim edilməmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1955/2023 xx.xx.2023-cü il tarixli Qərarında da oxşar işlə bağlı qeyd olunan hüquqi mövqe təsbit olunmuşdur.) Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" nın 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hüquq münasibəti yaranan zaman qüvvədə olan) Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,39 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar