Məhkəmə qərarları › İş №2-1(116)-670/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-670/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-670/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsi sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən, cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-353/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsinə əsasən Oğuz rayon X4 1998-ci il 26 may tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş JN-299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət Aktının cizgisində göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinə verilmişdir.Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tərəfindən aidyyəti üzrə Qəbələ ASAN Xidmət Mərkəzinə müraciəti əsasında ona məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi sənəd üzrə koordinatları başqa vətəndaşlara məxsus pay torpaqları ilə üst-üstə düşür (arayışa əsasən). Bununla da hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh orqan 05 oktyabr 2023-cü il tarixli etiraz məktubunda bildirmişdir ki,iddiaçının iddia etdiyi 5,53 ha torpaq sahəsinin 2,02 ha hissəsi DWJ məlumatına əsasən JN-048 saylı Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin mülkiyyət hüququnun qeydə alındığı çıxarışla üst-üstə düşür. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-299 KOD 40500018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə 5.53 ha torpaq sahəsi verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-571/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Oğuz rayonu Baş Daşağıl kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X3 adı qeyd olunmuşdur.

4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2016-ci il 30 dekabr tarixli, 2-1(84)- 948/2016 qərarı ilə iddiaçının “JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktının koordinatlarının dəyişdirilməsi və əvvəlcədən mülkiyyətinə verilmiş 5.52 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə həvalə edilməsi tələbinə” dair iddia ərizəsi təmin edilməmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(107)-116/2017 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş,qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3926/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-105/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-353/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdsa bildirilir ki, iddiaçının “Oğuz rayon Aqrar islahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN-299, kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 5,53 hektar torpaq sahəsinin göstərilmiş cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq aradan qaldırılmış, torpaqların X9 İnformasiya Sistemində (TEKUİS) müvafiq düzəliş edilmişdir.

Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən göstərilən sərhəd daxilində torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından ibarətdir.Məhkəmə araşdırması iddia olunan torpaq sahəsinə münasibətdə aparılmışdır. Cavabdehin ilkin müraciətə imtina əsası iddiaçının iddia etdiyi 5,53 ha torpaq sahəsinin 2,02 ha hissəsi DWJ məlumatına əsasən JN-048 saylı Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin mülkiyyət hüququnun qeydə alındığı çıxarışla üst-üstə düşməsi ilə bağlıdır. Məhkəmənin sorğusu əsasında təqdim olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3926/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı və qeyrilərinə JN-299, Kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktı ilə verilmiş 5,53 ha torpaq sahəsi yerləşən, Oğuz rayonu Baş Daşağıl kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinin (DWG) 125 saylı bölgü çevrəsində dəyişiklik olmuşdur. Sözügedən çevrədə aparılmış dəyişiklik barədə 9 saylı Ərazi İdarəsinin istifadəsində olan elektron bazada məlumat mövcud deyildir. Ərazidə olan uyğusuzluqları aradan qaldırılması məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların X9 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalan”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların X9 informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planını əsas tutaraq 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 125 saylı bölgü çevrəsində çöl ölçmə işlərinə başlanılmışdır. Sözügedən ərazidə yerləşən torpaq sahələri ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olduğundan məhkəmə tərəfindən ilkin hüquqmüəyyənedici sənədlərin koordinatları və TEKUİS-ə uyğun araşdırılma aparılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmişdir. Təqdim edilən 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, iddiaçının “Oğuz rayon Aqrar islahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN-299, kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 5,53 hektar torpaq sahəsinin göstərilmiş cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq aradan qaldırılmış, torpaqların X9 İnformasiya Sistemində (TEKUİS) müvafiq düzəliş edilmişdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki,ilkin sənədlərdə torpaq sahələrinin konfiqurasiya və yerləşmə vəziyyətində uyğunsuzluq mövcud olduğundan,mülkiyyətçilər də faktiki olaraq uzun illər ərzində həmin torpaq sahələrindən Dövlət Aktlarının faktiki koordinatları üzrə deyil, müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq istifadə etmişdir. İddiaçının hazırkı iddia ərizəsi araşdırılarkən məlum olmuşdur ki,o ilkin olaraq tamamilə fərqli torpaq sahəsindən istifadə etmişdir.Bu xüsusatlar Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2016-ci il 30 dekabr tarixli, 2-1(84)-948/2016 qərarında təsbit edilmişdir.Qərarda qeyd edilir : “İşin Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, JN-299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət Aktının cizgisində göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.52 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Həmin torpaq sahəsi hazırda naturada mövcuddur.İddiaçı dövlət aktında qeyd olunan torpaq sahəsindən deyil,hazırda başqa torpaq sahəsindən istifadə edir”. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların X9 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların X9 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi;[39] kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlara yekun vuraraq xüsusi ilə qeyd edir ki,iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi (ölçü daxilində uyğunsuzluq və həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını uyğunlaşdırmaqla) sözügedən normaların tələblərinə əsaslanır.Odur ki,iddiaçının TEKUİS-ə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsini deyil,ilkin islahat xəritəsinə əsaslanan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.Yəni,iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır. Beləliklə, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən (cizgidə göstərilən sərhədlər daxilində) 5.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar