Məhkəmə qərarları › İş №2-1(116)-671/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-671/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-671/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı ““Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq ona rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ““Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq ona rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1988-ci il tarixdə 92 saylı əmrlə AR DİN-nin X1 62 saylı İsmayıllı peşəkar yanğın hissəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxxxxxx 1991-ci il tarixdə həmin idarədə yanğın təhlükəsizliyinə qarşı təlimatçı vəzifəsinə keçirilmişdir. xx xxxxxx 1992-ci il tarixdə 01 saylı əmrlə 59-cu MHYH-nin kiçik inspektoru vəzifəsinə təyin olunmuşdur. xx xxxx 1992-ci il tarixli 01 saylı əmrlə Azərbaycan Respublikası DİN-nin Yanğından Mühafizə orqanlarında xidmətə qəbul olunmuşdur. xx xxx 2006-cı ildə AR Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 1182 saylı sərəncanmına müvafiq olaraq Baş Dövlət X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilmiş, həmin Nazirliyin Kadr Siyasəti Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 1819/Ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun yaşa görə pensiyaya çıxmağı ilə bağlı iddiaçının ərizəsinə əsasən xidmətkeçməsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, fövqəladə hallar orqanlarında 25 ildən artıq xidmət keçdiyi üçün rütbəli bir əməkdaş olaraq pensiyaya çıxdığı üçün ona birdəfəlik müvainət ödənilməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının 35 il xidmət ili olmadığından müraciətinin təmin edilməsindən imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5295/2019 nömrəli xx.xx.2019cu il tarixli Qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan iş həmin gündən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən iddia tələbinə rəsmi münasibət (etiraz) bildirilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, xx.xx.1992-ci il tarixdən xidmətdə olan iddiaçı pensiya yaşına çatdığı üçün özü ərizə yazaraq fövqəladə hallar orqanlarından xaric edilməsini xahiş etmişdir. Ərizəsində özü sağlam hiss etdiyini və hərbi həkim komissiyasından keçmək istəmədiyini qeyd etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli 1819 nömrəli Əmrlə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.6-cı bəndi rəhbər tutularaq Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət yanğın nəzarəti idarəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İş materiallarında olan X4 İdarəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubuna əlavə edilmiş iddiaçının pensiya işindən müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya təyin edilmişdir. Onun təqvim üzrə xidmət illəri 29 il 06 ay 05 gün, güzəştli xidmət illəri 05 il 05 ay 15 gün olmaqla cəmi iş stajı 34 il 11 ay 20 gün təşkil etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdehin xx.xx.2019-cu il tarixli 37/Ç-00538 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli xx/xx-01586 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətləri, iddiaçının 010837 nömrəli xidməti vəsiqəsinin təsdiq edilmiş surəti, iddiaçının təqriri, təqdimatının surətləri, 1819 nömrəli xx.xx.2019-cu il tarixli Əmrin təsdiq edilmiş surəti, iddiaçının hərbi biletinin təsdiq edilmiş surəti, DSMF X4 İdarəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının pensiya işi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsinə əsasən yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Həmin Qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlil olması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə xitam verilir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçının ərizəsi nəzərə alınaraq onun fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Onun xidmətinə xitam verilən günə təqvim üzrə xidmət illəri 29 il 06 ay 05 gün, güzəştli xidmət illəri 05 il 05 ay 15 gün olmaqla cəmi iş stajı 34 il 11 ay 20 gün təşkil etmişdir. Göründüyü kimi iddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsinin tələbinə uyğun azı 35 il xidmət stajı olmamışdır. Yuxarıda sadalanan normalara və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının xidmətinə xitam verilən günə qədər azı 35 il stajı olmadığı üçün ona vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilməməsində ifadə olunan cavabdehin hərəkəti qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı ““Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq ona rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar