Məhkəmə qərarları › İş №2-1(116)-671/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-671/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-671/2022 23.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli iclas protokolunun qərarı ilə ona verilmiş və Ağdaş şəhəri Azadlıq küçəsində (keçmiş 42-ci yaşayış məhəlləsi) yerləşən, faktiki ölçüsü 0,0123 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağının qərarı ilə İddiaçı rayonun Maşad kəndindən həyətyanı sahə üçün 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Ağdaş Bələdiyyəsinin sədr müavini X21 və Bələdiyyənin mühəndisi X9 tərəfindən 4 nəfər Ağdaş rayon sakininin, o cümlədən X7 və X8 iştirakı ilə xx.xx.2020-ci ildə akt tərtib edilmiş və aktda göstərilmişdir ki, ünvan 1 ünvanda yaşayan X3 Rayon İcra Hakimiyyətinə və Ağdaş Bələdiyyəsinə ərizə verərək bildirmişdir ki, uzun müddət onun istifadəsində olan təxminən 0,02 ha torpaq sahəsinin bir hissəsini X4 Qocayevin qardaşı Elbrus Qocayevdən alqı-satqı yolu lə aldığı 0,06 ha torpaq sahəsinə qatıb həmin torpaq sahəsində qeyriqanuni fərdi yaşayış evi tikintisinə başlamışdır. İlqar Qocayev və Ramin Sədiyev arasında yaranmış mübahisəyə görə həmin şəxslərin iştirakı ilə hər iki torpaq sahəsi ölçüldü. İlqar Qocayevin əkdiyi çoxsaylı ağacların yanları dəmir setka ilə örtülmüşdür. Torpaq ölçülən zaman həmin torpaq sahəsi 116 kv.m oldu. X10 Elbrus Qocayevin satdığı 0,06 ha torpaq sahəsi ölçülən zaman … (oxunmur) kv.m müəyyənləşdi. Həmin torpaq sahələrinin ölçülməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi məktubla müraciət olunaraq həmin torpaq sahəsinin ölçülməsi üçün mütəxəssis istənilmiş, DƏDRX tərəfindən mütəxəssisin 10 gün müddətində veriləcəyi bildirilmiş, lakin buna baxmayaraq vətəndaşların təkidinə görə Bələdiyyə tərəfindən həmin torpaq sahəsi ölçülmüşdür. Akt tərtib olunan zaman İlqar Qocayevə və Ramin Sədiyevə bildirildi ki, torpağın ölçülməsində narazılıqları varsa, DƏDRX-nə özləri müraciət edə bilərlər. Bundan sonra Ağdaş Bələdiyyəsinin mühəndisi tərəfindən "Ağdaş şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 15 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerquruluşu planı" tərtib olunmuş və həmin sənəd Ağdaş Bələdiyyəsinin sədri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Sənəddə İddiaçı ayrılmış torpaq sahəsinin 0,0123 ha olması, döngə nöqtələrinin koordinatlarını isə aşağıdakı kimi göstərilmişdir: X Y 709372.210 4500993.128 709376.143 4501003.401 709363.243 4501005.017 709360.241 4500997.065 Bundan sonra Ağdaş Bələdiyyəsi cavabdehə xx.xx.2021-ci il tarixli 253 nömrəli məktub göndərərək, İddiaçı Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli qərarı ilə şəhərin Azadlıq küçəsində (keçmiş 42-ci yaşayış məhəlləsində) fərdi həyətyanı məqsədi üçün 200 kv.m həyətyanı torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinin Ağdaş Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında İddiaçı adına qeydiyyatda olduğunu və torpaqayırma sənədlərinin qeydiyyata alınaraq çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək 0,0123 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********87 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçıya Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmasına baxmayaraq, naturada sənədləşdirmək istədiyi faktiki torpaq sahəsi 0,0123 hektardır. Eyni zamanda, onun qonşusunun müraciəti ilə müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində mübahisə var və həmin ərazi uşaqların oynamaq və dincəlmək üçün yeridir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, faktiki olaraq torpaq sahəsi 0,0123 ha-dır. Mövcud vəziyyətlə razılaşaraq torpaq sahəsinin qeydiyyata alınması üçün yenidən cavabdehə müraciət etmiş, lakin cavabdeh onun tələbini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh iddiaya xx.xx.2022-ci il tarixli **********20 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, imtina məktubunda bəhs edilən, iddiaçı ilə mübahisəsinin olması barədə Ərazi İdarəsinə müraciət etmiş qonşu X6r. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Ağdaş Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, eləcə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Üçüncü şəxs Ağdaş Bələdiyyəsi iddiaya xx.xx.2022-ci il tarixli 263 nömrəli münasibətində bildirmişdir ki, Ağdaş şəhər sakini X14 xx.xx.2019-cu ildə bələdiyyəyə ərizə ilə müraciət edərək, şəhərin 42-ci məhəlləsində Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 nömrəli qərarı ilə ayrılmış, şəhadətnamə nömrəsi 1708A olan 0,08 ha həyətyanı torpaq sahəsində uzun müddət onun istifadəsində və zəbtində olan əlavə torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Bələdiyyə tərəfindən sənədləşdirmə işləri aparılarkən DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi rəsmi bildirmişdir ki, həmin torpaq sahəsi 0,02 ha deyil, 0,0123 ha olmaqla torpaq sahəsinin üzərindən elektrik xətti keçdiyi üçün torpağın həyətyanı sahə kimi sənədləşdirilməsi mümkün deyil. Bununla bağlı Ağdaş rayon PEŞ-ə və Qaz İstismar İdarəsinə məktubla müraciət olunmuş və göstərilən idarələr tərəfindən qaz və elektrik xəttlərinin yerləri dəyişdirilmişdir. Bu müddət ərzində İlqar Qocayevin qardaşı X12 həmin torpaq sahəsinə bitişik olan, ailəsinə məxsus 0,06 ha torpaq sahəsini X10 notarial qaydada satmışdır. Ramin Sədiyev həmin həmin torpaq sahəsində yaşayış evi tikdirmişdir. Həmin evin sərhədi də İlqar Qocayevin özünə sənədləşdirmək istədiyi 0,0123 ha torpaq sahəsi ilə bitişikdir. İlqar Qocayev sonradan Bələdiyyəyə gələrək bildirmişdir ki, onun əlində 1989-cu il Partiyanın XX Qurultayı adına kolxozun 0,06 ha torpaq sahəsi var. Bununla əlaqədar 0,02 ha torpaq sahəsi xx.xx.2021-ci ildə Bələdiyyənin baş kitabında qeydiyyata alınmış və İddiaçı adından onun nümayəndəsi İlqar Qocayev tərəfindən bildiriş əsasında 17,81 manat torpaq vergisi Ağdaş Bələdiyyəsinin hesabına ödənilmişdir. Bələdiyyə tərəfindən İddiaçı adına verilmiş yerquruluşu planı X18 Qocayevin adına olan şəhadətnamədə göstərilmiş 8788B qeydiyyatına uyğun verilmiş və bunun da səbəbi o, olmuşdur ki, həmin torpaq sahəsinin İddiaçı məxsus olduğunu İlqar Qocayev bildirmişdir. Mövcud qanunvericiliyə əsasən, bələdiyyə tərəfindən verilmiş torpaq sahələrinin yerquruluşları DƏDRX-in mühəndisləri tərəfindən araşdırılıb müvafiq koordinatlar qoyulduqdan sonra torpaq sahəsinin sənədləşdirilməsi aparılır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli iclas protokolunun qərarından görünür ki, İddiaçı Maşad kəndindən həyətyanı sahə üçün 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. - İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli **********87 nömrəli imtina məktubundan görünür ki, iddiaçının Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmasına baxmayaraq naturada sənədləşdirmək istədiyi faktiki torpaq sahəsi 0,0123 hektardır. Eyni zamanda, onun qonşusunun müraciəti ilə müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində mübahisə var, habelə həmin ərazi uşaqların oynamaq və dincəlmək üçün yeridir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli **********45 nömrəli məktubundan görünür ki, həmin torpaq sahəsinin təyinatı və uqodiyası həyətyanıdır. Sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla bələdiyyə mülkiyyətidir və hüquqların dövlət reyestrində qeydiyyata alınmamışdır. Torpaq sahəsinin sərhədləri arxa və sol qonşunun həyətyanı sahələri fiziki sərhədlə hasarlanmış hissələrdən ibarətdir. Ön küçə istiqamətində baxan hissədə və sağ tərəfdən həmin torpaq sahəsinin qismən şərti sərhədləri mövcuddur. Faktiki olaraq iddiaçı tərəfindən ağaclar əkilib və istifadə olunur. - İşdə olan, Ağdaş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 263 nömrəli məktubundan görünür ki, Bələdiyyə tərəfindən İddiaçı adına verilmiş yerquruluşu planı X18 Qocayevin adına olan şəhadətnamədə göstərilən 8788B qeydiyyatına uyğun verilmiş və bunun da səbəbi o, olmuşdur ki, həmin torpaq sahəsinin İddiaçı məxsus olduğunu İlqar Qocayev bildirmişdir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubundan görünür ki, X11 adına verilmiş JN-1708A kod 90301004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" və İddiaçı Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli iclas qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı sənəd Ərazi İdarəsinin arxivində mövcud deyil. Eyni zamanda, İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İddiaçı 0,0123 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasının əsası kimi, Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolunun qərarına istinad edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Həmin normalardan görünür ki, yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Lakin məhkəmə qeyd edir ki, bu halda, təqdim olunmuş kolxoz üzvlərinin ümumi yığıncağının qərarının konkret olaraq hansı torpaq sahəsinə aid olması müəyyən edilməlidir. Müəyyən edildi ki, iddiaçının bəhs etdiyi 0,0123 ha torpaq sahəsində onun evi, yaxud digər tikilisi, hətta hasarı da yoxdur, iddiaçı həmin torpaq sahəsindən heç bir vaxt istifadə etməmişdir. Əksinə, həmin torpaq sahəsi ilə bağlı mübahisə tamamilə başqa şəxslər (X14 və X15) arasında gedir. Belə ki, göstərilən torpaq sahəsi üçüncü şəxs Ağdaş Bələdiyyəsinin mülkiyyətində olmaqla X8 və X7 həyətyanı sahələrinin arasındadır. X1 müraciət edərək torpaq sahəsinin onun xeyrinə özgəninkiləşdirilməsini xahiş etmiş, X15 isə torpaq sahəsində ev inşa etmişdir. X14 bələdiyyə mülkiyyətində olan, özünün və X7 həyətlərinə bitişik yerləşən 0,0123 ha torpaq sahəsinin öz adına sənədləşdirilməsinə nail ola bilmədikdən sonra Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağının qərarını Ağdaş Bələdiyyəsinə təqdim edərək həmin qərarla İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin məhz sözügedən 0,0123 ha torpaq sahəsi ilə üst-üstə düşməsini iddia etməyə başlamış, hətta İddiaçı təmsil etmək üçün ondan xx.xx.2021-ci il tarixli etibarnamə də almışdır. Həmçinin, müəyyən edildi ki, Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağının qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin yerquruluşu planı, sxemi, yaxud onun dəqiq yerini müəyyən etməyə imkan verən hər hansı digər sənəd tərtib edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Ağdaş Bələdiyyəsi tərəfindən tərtib edilmiş "Ağdaş şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 15 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerquruluşu planı" ilə əlaqədar isə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq yeri kolxozun xx.xx.1989-cu il tarixli 4 nömrəli iclas protokolundan çıxarışda və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə xx.xx.1989-cu il tarixli aktda göstərilmədiyi halda, Ağdaş Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş yerquruluşu planında torpaq sahəsinin koordinatlarının dəqiq göstərilmişdir. Ağdaş Bələdiyyəsi 1989-cu ildə mövcud olmadığına görə iddiaçıya məhz həmin koordinatlarda yerləşən torpaq sahəsinin ayrılmasının hansı sənəd əsasında müəyyən edilməsi aydın deyil. Ona görə də məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Ağdaş Bələdiyyəsinə sorğu edilərək, 1989-cu ildə torpaq sahəsi İddiaçı ayrıldığı zaman tərtib edilmiş və torpaq sahəsinin dəqiq yerini müəyyən etməyə imkan verən sxem, yaxud hər hansı digər sənəd vardırsa, həmin sənədin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. X23 məhkəməyə belə bir sənəd təqdim edə bilməmiş və xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Bələdiyyə tərəfindən İddiaçı adına verilmiş yerquruluşu planı X18 Qocayevin adına olan şəhadətnamədə göstərilən 8788B qeydiyyatına uyğun verilmiş və bunun da səbəbi o, olmuşdur ki, həmin torpaq sahəsinin İddiaçı məxsus olduğunu İlqar Qocayev bildirmişdir. Göründüyü kimi, İddiaçı iddia etdiyi və Ağdaş Bələdiyyəsinə məxsus olan 0,0123 ha torpaq sahəsinin ona kolxoz qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edə biləcək heç bir sənəd yoxdur və Ağdaş Bələdiyyəsi həmin torpaq sahələrinin üst-üstə düşməsini təsdiq edən yerquruluşu planını hər hansı təsdiqləyici sənəd olmadan yalnız X8 təkidi ilə tərtib etmişdir. Digər tərəfdən, yerquruluşu sənədlərinin, o cümlədən yerquruluşu planının tərtib edilməsi Bələdiyyənin deyil, Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarının səlahiyyətlərinə aiddir. Belə olan halda, işdə olan Ağdaş Bələdiyyəsi tərəfindən tərtib edilmiş "Ağdaş şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 15 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerquruluşu planı" yerquruluşu sənədi kimi qəbul edilə bilməz. Eyni zamanda, 0,02 ha torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci ildə Bələdiyyənin baş kitabında aparılmış qeydiyyat da hər hansı sənədə deyil, yalnız X8 fərziyyəsinə əsaslandığına görə mötəbər sayılmır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağının qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və iddiaçının iddia etdiyi 0,0123 ha torpaq sahəsinin məhz həmin 0,06 ha torpaq sahəsinin bir hissəsi olmasını təsdiq edən heç bir sənəd mövcud olmadığına, Ağdaş Bələdiyyəsi tərəfindən tərtib edilmiş "Ağdaş şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 15 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerquruluşu planı" isə heç bir sənədə əsaslanmadığına görə iddia təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş rayonu "Partiyanın XX qurultayı" kolxozunun xx.xx.1989-cu il tarixli 4 nömrəli iclas protokolunun qərarı ilə ona verilmiş və Ağdaş şəhəri Azadlıq küçəsində (keçmiş 42-ci yaşayış məhəlləsi) yerləşən, faktiki ölçüsü 0,0123 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar