Məhkəmə qərarları › İş №2-1(116)-672/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-672/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-672/2022 07.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini N nömrəli hərbi hissə komandirinin 21.03.1992-ci il tarixli 1 №-li əmri ilə ştat cədvəlinə uyğun olaraq 4-cü bölüyün heyətinin siyahısında çavuş – İddiaçı “starşina” vəzifəsinə təyin edilməsi, ailəvi məsələ ilə bağlı 2-ci bölüyə ərizə ilə müraciət etməsi və N №-li hərbi hissə komandirinin 01.07.1992-ci il tarixli 65 №-li əmri ilə özünün ərizəsinə və batalyon komandirinin göstərişinə əsasən hissə əsgərliyindən azad edilməsi, lakin buna baxmayaraq hərbi xidmətdə olması və könüllü olaraq iştirak etməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə qarşı etirazını iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehiyata buraxılması ilə arxiv sənədlərində məlumatın olmaması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 29.11.2021ci il tarixli arayışından görünür ki, N №-li hərbi hissə komandirinin 21.03.1992-ci il tarixli 1№-li əmrilə İddiaçı “starşina” vəzifəsinə təyin olunmuşdur. Ərizəsinə və tabur komandirinin göstərişinə əsasən, İİ bölüyün əsgəri X1 N №-li hərbi hissə komandirinin 11.07.1992-ci il tarixli 65 №-li əmrilə hissə əsgərliyindən azad edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsinin 03.02.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı 24.11.1975-02.11.1977ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 21.03.1992-ci il tarixdə keçmiş Balakən RHK-dan qismən səfərbərliklə əlaqədar N №-li hərbi hissənin tərkibinə cəlb olunmuşdur. O, 21.03.1992-16.07.1992-ci il tarixədək N №-li hərbi hissənin tərkibində erməni təcavüzkarlarına qarşı müharibədə iştirak etmişdir. İddiaçı xidmət etdiyi hərbi hissəni özbaşına tərtk etdiyi üçün barəsində Qarabağ Hərbi prokurorluğu tərəfindən 28.02.2005-ci il tarixli HP-16/318 №-li Amnsitiya qərarı tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən İddiaçı 29.12.2005-ci ildə “Müharibə veteranı” adı və 070903 nömrəli vəsiqəsi verilmişdir. Azərbaycan respublikası Nazirlər Kabinetinin 18.07.2006-cı il tarixli 174 №-li qərarına əsasən, azərbaycan respublikası Hərbi Komissarının 15.08.2006-cı il tarixli 1668 №-li göstərişinə uyğun olaraq İddiaçı “Müharibə veteranı” vəsiqəsi etibarsız hesab edilərək, rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi Komissarlığına qaytarılmışdır. - Qarabağ Hərbi Prokurorluğu 28.02.2005-ci il tarixli “material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuş, Balakən rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmamış, N №-li hərbi hissənin sabiq əsgəri X1 barəsində tolanmış materiallar üzrə Azərbaycan respublikası CM-nin 334.1-ci maddəsi ilə cinayət işi başlanması, törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmaması əsasına görə CPM-nin 40.2.3-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar rədd edilmişdir. - Tərtər, Füzuli və Ağdam Hərbi Prokurorluğunun 07.02.2022, 14.03.2022 və 14.02.2022-ci il tarixli məktublarında iddiaçı barəsində cinayət işinin istintaq olunmaması və barəsində təqsirləndirici materialın olmaması barədə məlumat verilmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin 24.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - H3 seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçının qanuni əsaslarla tərxis olması barədə hər hansı qeydiyyat aparılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İş materiallarında ilkin müraciətin təmin edilməsindən imtina ilə bağlı cavabdehin məktubu əlavə olunmasa da (iddia ərizəsinə müvafiq sənəd qoşma olaraq qeyd edilməsinə baxmayaraq, iddia ərizəsinə əlavə edilməmiş, bununla bağlı 20.12.2021-ci il tarixdə akt tərtib edilmişdir) cavabdeh orqan, məhkəməyə ünvanladığı iddia tələbinə etirazda iddiaçının 11.07.1992-ci il tarixdən sonra ehtiyata buraxılması barədə məlumat olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunduğunu bildirmişdir. Odur ki, məhkəmə iddianın xüsusi mümkünlük şərtinə (yəni, ilkin olaraq cavabdehə müraciət edilməsi və imtina cavabı alındıqdan sonra məhkəməyə müraciət edilməsi ilə bağlı) əməl olunması qənaətinə gəlir. Həmçinin iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 29.11.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Müvafiq arayışda iddiaçının 11.07.1992-ci il tarixli 65 №-li əmrilə hissə əsgərliyindən azad edilməsi ilə bağlı qeydə münasibətdə isə nəzərə alınmalıdır ki, müvafiq qeyd iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması kimi qiymətləndirilə bilməz. Belə ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, məhkəmə iddiaçının xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı şərtin sübuta yetirilməməsi qənatətinə gəlir. İddia tələbinin əsassız olması həm də iddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğu 28.02.2005-ci il tarixli “material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının mövcudluğu ilə bağlıdır. Belə ki, müvafiq qərardan göründüyü kimi iddiaçı 1992-ci ilin iyul ayında ezamiyyətə göndərildikdən sonra bir daha qulluq yerinə qayıtmadığına görə barəsində Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə (Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)) cinayət işi başlanmış, daha sonra törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmaması əsasına görə CPM-nin 40.2.3-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar rədd edilmişdir Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “amnistiya haqqında” qərarı Dövlət müstəqilliyi günü münasibətilə, Hərbi cinayətlər törətmiş şəxslər barəsində qəbul edilmişdir. Müvafiq qərarın 9-cu bəndində deyilir: bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından və barəsində başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyindən cavabdehin “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar