Məhkəmə qərarları › İş №2-1(116)-672/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-672/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-672/2023 23.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Birinci Qarabağ müharibəsinin veteranı adının, statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin işlə məşğul olan şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Birinci Qarabağ müharibəsinin veteranı adının, statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin işlə məşğul olan şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-08731/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixli məhkəmə yardım məktubu göndərilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması şübhə doğurduğu bildirilmişdir.Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətində əks olunan iddiaçıya məxsus imza ilə iddia ərizəsində icra edilən imzalar bir birindən kəskin fərqlənir. Odur ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün İddiaçı həqiqiliyi notariat qaydada təsdiq olunmuş imzasının məhkəməyə təqdim olunması təklif olunmuşdur. Eyni zamanda, iddiaçı iş günləri və iş saatları daxilində şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim edə biləcəyi bildirilmişdir. Qeyd olunanlara münasibət bildiriməsi üçün 10 gün müddət təyin edilmişdir. Lakin iddiaçı yardım məktubuna münasibət bildirməmişdir. Əsaslandırma hissəsi Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı qeyd edilmiş göstərişlərdə ərizənin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Məcəllənin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən qeyd olunmalıdır ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, iddia ərizəsindəki imzanın iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşdən göründüyü kimi iddia ərizəsinin iddiaçı tərəfindən icra edilməsi müəyyən edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Birinci Qarabağ müharibəsinin veteranı adının, statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin işlə məşğul olan şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar