Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-672/2024 29.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı Səttər oğlunun, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Səttər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Səttər oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 1968-1974-cü illərdə Ağsu rayonu, Ağarx kəndi “Bakı” kolxozunda xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixinədək Ağsu rayon MTTMİB-də və xx.xx.1977-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağsu rayon 1 saylı konserv zavodunda işlədiyi müddət, həmçinin hərbi xidmət dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il. 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilmişdir ki, İddiaçı Səttər oğlunun sosial sığorta stajı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən 31.03,1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr nəzərə alınmaqla ümumilikdə 15 il 01 ay 12 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda işlədiyi dövlərdir Belə ki, sözügedən müəssisələrin əmrlər kitabı və əməkhaqqı cədvəlləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrə aid iddiaçı Ç. Nuriyevin əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. 15 may 2020-ci il tarixli Əmək pensiyaları haqqında ' Qanunun 1.0.1, 1.0.2 və 1.0.5ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə "Əmək pensiyaları haqqında'7 Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. Yuxarıda qeyd edilən təməl prinsipə əsasən vətəndaş əmək haqqı almadığı üçün həmin dövr sığorta stajı kimi hesablana bilməz. Odur ki, İddiaçı 01,01.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağsu rayon 1 saylı “Konserv” zavodunda işlədiyi illərin əmr kitabları və əməkhaqqı cədvəlləri saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, 01.01,2022-ci il tarixdən 180 manat, 01.01 2023-cü il tarixdən 220 manat müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Ağsu rayonu Dövlət Arxivində saxlanılan Ağarx kəndi “Bakı” kolxozunun 1968-1974-cü illər əməyin ödənişinə görə 3-cü staj kitabının 58-ci səhifəsinə əsasən İddiaçı əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1968 – 75 adam günü, 1969 – 6 adam günü, 1973 – 208 adam günü, 1974 – 20 adam günü. Ağsu rayonu Kommunal Təsərrüfatı şöbəsi üzrə xx.xx.1974-cü il tarixli 69 nömrəli əmrə əsasən 46-45 №-li Qaz-53 avtomaşınının sürücüsü İddiaçı sürücü qəbul edilmişdir. Həmin şöbənin xx.xx.1975-ci il tarixli 75 nömrəli əmrə əsasən İddiaçı idarəyə sürücü təyin edilmişdir. xx.xx.1976-cı il tarixli əmrə əsasən idarənin Qaz 53A markalı aseniz maşının sürücüsü İddiaçı işə çıxmadığına görə xx.xx.1976-cı il tarixdən sürücülük vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 290 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddi çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. - ИT-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978 – xx.xx.1979, xx.xx.1989 – xx.xx.1997, xx.xx.1979 – xx.xx.1986, xx.xx.1997 – xx.xx.2002. xx.xx.1986 – xx.xx.1988, xx.xx.1988 – xx.xx.1989, - Ağsu rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-5RA/2-xx-xx/2023 nömrəli məktubundan görünür ki, Ağsu rayon Ağarx kəndi “Bakı” kolxozunda 1968, 1969, 1976 və 1974-cü illər üzrə kişilər üçün müəyyən edilmiş minimum adam günü norması 240 gün olmuşdur. - Ağsu rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyesterində “Ağsu rayon MTTMİB” və “Ağsu Rayon 1 saylı Konserv Zavodu” qeydiyyatdadır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Səttər oğlunun sosial sığorta stajı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının suərtinə əsasən 01,11.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi dövr olmaqla ona 15 il 1 ay 12 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 107 nömrəli aktında qeyd edilən İddiaçı 01.01,1992-ci il tarixindən 31,03.1997-ci il tarixinədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Ağsu rayon 1 saylı konserv zavodunda olan əmək fəaliyyəti dövrünə aid əmrlər kitabı və əmək haqqı cədvəlləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən vətəndaşın mübahisəli iş stajı 10 il 9 ay 18 gün təşkil edir ki, həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdeh orqan iddiaçının 15 il, 1 ay, 12 gün sosial sığorta stajını mübahisələndirmir. Cavabdeh orqanın iddia tələbinə qarşı əsas dəlili iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olmaması ilə bağlıdır. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1992 - xx.xx.1997-ci il tarixlərdə Ağsu rayon MTTMİB-də və xx.xx.1997-xx.xx.2002-ci il tarixlərdə Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda işlədiyi dövləri (10 il 9 ay 18 gün) mübahisələndirir və bunu sözügedən müəssisələrin əmrlər kitabı və əməkhaqqı cədvəllərinin Ağsu rayon Dövlət Arxivinə təhvil verilməməsi ilə əsaslandırır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən 10 il, 9 ay, 18 gün sosial sığorta stajı iddiaçıya məxsus ИT-İ ******* №-li əmək kitabçasında öz əksini tapmışdır. Sözügedən əmək kitabçasının əsli iş materiallarında mövcuddur və icra edilmiş qeydlərdə hər hansı qaralama və ya düzəliş yoxdur. Həmçinin iddiaçının Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda işə girdiyi tarix xx.xx.1989-cu il olmuşdur. İddiaçının həmin müəssisədə xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdəki əmək fəaliyyəti müddətini cavabdeh orqan mübahisələndirmir. Belə olan halda cavabdeh orqanın əmrlər kitabı və əməkhaqqı cədvəllərinin Ağsu rayon Dövlət Arxivinə təhvil verilməməsinə istinad etməklə iddiaçının Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda xx.xx.1992-ci il tarixdən sonrakı müddəti, o cümlədən xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə Ağsu rayon MTTMİB-də işlədiyi dövrü mübahisələndirməsi əsaslı sayıla bilməz. Cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərlə nəyə görə razılaşmamasını əsaslandırmalı və həmin qeydlərin mötəbərliyinə şübhə altına alacaq əsaslı sübutlar təqdim etməlidir. İddiaçının əmək fəaliyyəti dövrləri ilə bağlı arxiv məlumatlarının olmaması əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə şübhə yaratmır. Əmrlər kitabı və əməkhaqqı cədvəllərinin arxivə verilməsini və qorunub saxlanmasını təmin etmək iddiaçının vəzifəsi olmadığından ümumiyyətlə qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. İşdə olan Ağsu rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə “Ağsu rayon MTTMİB” və “Ağsu Rayon 1 saylı Konserv Zavodu”-nun Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olması müəyyən edilir. Buna görə də, məhkəmə hesab edir ki, mübahisələndirilən 10 il, 9 ay, 18 gün müddət iddiaçının ümumi sosial sığorta stajında nəzərə alınmalıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq (10 il, 9 ay, 18 gün + 15 il 1 ay 12 gün) olduğundan onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı Səttər oğlunun 1968-1974-cü illərdə Ağsu rayonu, Ağarx kəndi “Bakı” kolxozunda, xx.xx.1992-xx.xx.1997-ci illərdə Ağsu rayon MTTMİB-də və xx.xx.1977- xx.xx.2002-ci illərdə Ağsu rayon 1 saylı konserv zavodunda işlədiyi, həmçinin hərbi xidmət müddəti nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.