Məhkəmə qərarları › İş №2-1(116)-674/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-674/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-674/2025 16.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, üçüncü şəxs X3, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X6 və onun ailə üzvlərinin qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X6 və onun ailə üzvlərinin qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunmasını, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-1(116)-2512/2024 nömrəli qərardadı ilə Zaqatala rayonu Gözbarax Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-1(116)-2512/2024 nömrəli qərardadı ilə Zaqatala rayonu X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-1(116)-674/2025 nömrəli qərardadı ilə X2, X8, X5, X1 Elvin Əmin oğlu və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: “Bildirirəm ki, 2006-cı il tarixdə ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədi ilə Zaqatala rayonu Mamrux Bələdiyyəsinə ərizə ilə müraciət etmişdim. Bələdiyyənin 2006-cı il tarixli 12 saylı iclas protokoluna əsasən iddiaçıya bələdiyyə ərazisindən 0.12 ha torpaq sahəsinin satılması barəsində qərar qəbul edilmişdir. Torpaq sahəsinin dəyəri olaraq hesablanmış 600 manat pul Mamrux Bələdiyyəsinin hesabına ödənilmişdir. 12 dekabr 2006-cı il tarixdə Mamrux Bələdiyyəsi ilə 0.12 hatorpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. 2011-ci il tarixdə Mamrux Bələdiyyəsinin inzibati binasında yanğın baş vermiş, yanğında iddiaçının sənədləri daxil olmaqla həmin illəri əhatə edən iclas protokolları və alqı-satqı müqavilələri yanaraq məhv olmuşdur. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. 2006-cı il tarixdən həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Sonradan məlum olmuşdur ki, Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi üzərində X6 və onun ailə üzvlərinin adına çıxarış verilmişdir. Sonuncuların mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh orqana Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın DƏDRX-də qeydə alınması, X6 və onun ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunmasına köməklik göstərilməsinə dair müraciət etmişdir.Cavabdeh orqan tərəfindən 04 iyun 2024-cü il tarixdə müraciətinə imtina verilmişdir. Cavabdehin iddia tələbinə etirazını çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunmasına səlahiyyətinin olmaması əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmədə iştiraklarını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı;

2. Zaqatala rayonu Mamrux bələdiyyəsinin Torpaqların alqı-satqısına dair aktı ;

3. Zaqatala rayonu Mamrux bələdiyyəsinin 2006-cı il tarixli 211 saylı iclasının protokolundan çıxarış;

4. X6 və digərlərinin ümumi birgə mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli çıxarış və plan ölçü sənədi

5. Zaqatala RAİK-in xx.xx.2003-cü il tarixli qərarı və ona əlavə edilən subyektlər siyahısı;

6. A seriyalı 239144 nömrəli Torpaq sahəsinin plan-ölçü sənədi;

7. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı aşağıdakı kimi ifadə edilmişdir.

1. X6 və onun ailə üzvlərinin qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması;

2. Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 16 dekabr 2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və onun nümayəndəsinə lazımi qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsinə iddia edir.Lakin,həmin torpaq sahəsi üzərində hazırkı iş üzrə üçüncü şəxslərin mülkiyyət hüququnun qeydə alındığını müəyyən etmiş və həmin qeydiyyatı da mübahisələndirir. Məhkəmə imtinanın əsaslarından olmasa da İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, İddiaçı Zaqatala rayon Mamrux bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə iddiaçıya ayrılmış0,12 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, Mamrux bələdiyyəsi tərəfindən təsdiqlənmiş sxemə əsasən X6 və ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən 0,20 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsinin hüdudları daxilində yerləşir. İddia olunan torpaq sahəsinin naturada istifadəçisi İddiaçıdur. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, Mamrux bələdiyyəsi tərəfindən təsdiqlənmiş sxemə əsasən üst-üstə düşür. İddiaçıya ayrılmış torpaq sahəsi və faktiki istifadə olunan torpaq sahəsi X6 və ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada istifadəsində olan 0,2744 ha torpaq sahəsi, X6 və ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən 0,20 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırlanmasına dair inzibati orqanın faktiki hərəkətlərinə dair iddia müddət baxımından mümkün iddia deyildir. Belə ki, Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-ci il tarixli 12 saylı qərarına əsasən ayrıldığı iddia olunan torpaq sahəsi Zaqatala RAİK-in xx.xx.2003-cü il tarixli qərarı ilə aqrar islahat zamanı X6 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Həmin torpaq sahəsinin yeri A seriyalı 239144 nömrəli Torpaq sahəsinin plan-ölçü sənədinə əsasən müəyyən edilir.Hazırda Zaqatala RAİK-in xx.xx.2003-cü il tarixli qərarı qüvvədə olduğundan və onun əsasında ümumbirgə mülkiyyətə verilmiş torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğvi də mümkün deyildir. Həmçinin,Məhkəmə qeyd edir ki,iddia ərizəsində ifadə olunmuş “X6 və onun ailə üzvlərinin qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ilkin sənədlərin ləğv olunması” əslində yuxarıda qeyd olunan sənədlərin mübahisələndirilməsini nəzərdə tutur. Lakin, Zaqatala RAİK-in xx.xx.2003-cü il tarixli qərarının ləğv olunması tələbinə dair cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi deyildir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Aqrar islahat dövrü tərtib olunan inzibati aktlar qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan İPM-nin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə dair digər sənədlərin də mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X6 və onun ailə üzvlərinin qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar