Məhkəmə qərarları › İş №2-1(116)-675/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-675/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-675/2022 12.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini 08.06.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılması, 30.09.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissənin komendant bölüyünün tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində olduğu dövr 1992-ci ilin iyun ayından oktyabr ayınadək müddəti əhatə etmiş, 1992-ci ilin oktyabr ayından sonra isə Beyləqan rayonunda, daha sonra isə Şəki rayonunda yaşamışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehiyata buraxılması ilə arxiv sənədlərində məlumatın olmaması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 06.09.2019-cu il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə üzrə N №-li hərbi hissə komandirinin 04.06.1992-ci il tarixli 31 №-li əmrində sıravi İddiaçı adı şəxsi heyətin siyahısında qranatatan vəzifəsində qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin iyulsentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin 24.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğun 25.02.2022-ci il, Ağdam Hərbi Prokurorluğunun 14.02.2022-ci il, Tərtər Hərbi Prokurorluğunun 28.01.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - H3 seriyalı ******* nömrəli hərbi biletdən, SHXÇDX-nin Ağdam rayon şöbəsinin 12.02.2022-ci il tarixli, məktuba əlavə etdiyi iddiaçının qeydiyyat kartasının surətidən görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması ilə bağlı hər hansı qeydiyyat aparılmamış, hərbi biletin 7-ci səhifəsində “Ağdamın müdafiəsində və erməni quldurlarından təmizlənməsində fəal iştirak edib” qeydi yazılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirazında iddia tələbinə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh inzibati orqan 17.07.2019-cu il tarixdə iddiaçıya ünvanladığı məktubunda bildirmişdir ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsi verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri hərbi hissələrdə nə vaxt xidmət etməsi qeyd edilməklə ətraflı ərizəsini göndərdiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 17.07.2019-cu il tarixli məktubu müraciətin təmin edilməsindən imtina cavabı kimi qiymətləndirir. Belə ki, cavabdeh inzibati orqan "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət edərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, əlavə sübutlara zərurət olduqda onları öz təşəbbüsü ilə toplamağa borcludur. Qeyd olunan tələb “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində öz öksini tapmış hüquq normalarından irəli gəlir: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 06.09.2019cu il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin iyul-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat yoxdur. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması iş materialları ilə müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də, 1992-ci ilin oktyabr ayınadək hərbi xidmətdə olmasını bildirmişdir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı, qanuni əsaslarla ehtiyata buraxılanadək hərbi xidmətini davam etdirməli idi. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 06.09.2019-cu il tarixli məktubunda göstərilən qeydlərin doğru olduğunu, iddiaçı barəsində məlumatların olmamasının səbəbinin, iddiaçının faktiki olaraq xidmətinin davam etdirməməsi ilə bağlı olduğunu göstərir. İddiaçının xidməti barədə (şəxsi heyətin siyahısına daxil edilməsi, döyüş əməliyyatlarında iştirakı və s.) cavabdeh orqana verilmiş sorğu cavablandırılmasa da, məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla tərxis olunması şərti sübut olunmadığından müvafiq sorğuların cavablarının əldə edilməsi zərurəti də aradan qalxmışdır. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar