Məhkəmə qərarları › İş №2-1(116)-677/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-677/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-677/2022 30.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı ”iddiaçıya əsassız olaraq, hesablanmış 917264,34 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ”iddiaçıya əsassız olaraq, hesablanmış 917264,34 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarının ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2021-ci il tarixli DVX seriyalı 005866 nömrəli AKT-ın tərtib olunmasına səbəb olan operativ vergi nəzarəti tədbiri, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas olan vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlara əsaslanaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinin tələbinə, eyni zamanda xx.xx.2021-ci il tarixli “Sahibkarlıq sahısində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış-a əsasən xx.xx.2021-ci il tarixli **********5206 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul edilərək, İddiaçı MMC-də (VÖEN: **********) plandankənar (növbədənkənar) yoxlama aparılmış, lakin vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirinin keçirilməsinə əsas olan mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatların mənbələrinin bəlliliyini təsdiq edən hər hansı bir təsdiqedicı sənəd yoxlama materiallarına əlavə edilməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd olunur ki, Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Lakin vergi ödəyicisinin təqdim etdiyi malların elektron qaimə- faktura əsasında təqdim edilməli olduğunu təsdiq edən hər hansı bir sübut mövcud olmadığı halda, vergi orqanı tərəfindən vergi ödəyicisi barəsində elektron qaimə- faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halları müəyyən edilərək, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən vergi ödəyicisinə 917264,34 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin təklif olunması barədə AKT tərtib olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinin tələbinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunanlardan əlavə, həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmçinin səyyar vergi yoxlamasından fərqli olaraq, operativ vergi nəzarəti əvvəlki dövrləri deyil, nəzarətin başladığı vaxtdan qurtardığı vaxta qədər olan dövrü əhatə edir və həmin dövr aralığında baş vermiş neqativ halları qeyd edir. Lakin bu nəzarət zamanı öz təsdiqini tapmadığı halda, əvvəlki dövrdə satış əməliyyatlarının aparılması ehtimal edilərək, akt tərtib olunmuş və həmin əsassız tərtib edilmiş akta istinad edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərar qəbul edilərək, cəmiyyətə 917264,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh xx.xx.2022-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı MMC (VÖEN: **********) iddia ərizəsində fəaliyyət göstərdiyi obyektlərdə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı elektron qaimə faktura təqdim etmədən malların təqdim edilməsinə görə tətbiq edilmiş 917264,34 manat maliyyə sanksiyasının qanunsuz olduğunu bildirərək, xx.xx.2021 -ci il tarixli **********7727 nömrəli ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “CASPİAN AOS" MMC tərəfindən verilmiş iddia ərizəsini aşağıdakı səbəblərdən əsassız hesab edirik: Uçot-baza məlumatlarına əsasən İddiaçı MMC xx.xx.2018-ci tarixindən “Meyvə və tərəvəzin topdan satışı” (əsas), “Ərzaq mallarının topdan satışı” və “Malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyətləri üçün vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-ci il tarixindən “Malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyəti üçün obyekt qeydiyyata (sahəsi 200 kv metr) aldığı və xx.xx.2020-ci il tarixindən “Ərzaq mallarının topdan satışı” fəaliyyəti üçün ikinci obyekt qeydiyyata (sahəsi 54 kv metr) aldığı görünür. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş İdarə) "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021 ci il tarixli **********5207 və **********5206 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 25631,4 manat dəyərində sənədli mal qalığının olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 9172643,4 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrıayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005566 nömrəli akt tərtib edilmişdir. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmaqdan imtina edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarı ilə İddiaçı MMC-yə 917264,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il **********139800 nömrəli məktubu ilə İddiaçı MMC-nin qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 09:48-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib) Əlavə olaraq bildiririk ki, operativ vergi nəzarəti tədbiri zamanı “CASPİAN AOS'' MMC- nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təqdim etdiyi arayışda malları 5 % ticarət əlavəsi ilə satdığını bildirmişdir. Həmçinin qeyd etmək istərdik ki, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığı 311515,5 manat məbləğində olmuş, operativ vergi nəzarəti zamanı mal qalığı 25631,36 manat məbləğində olmuş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər vergi ödəyicisi tərəfindən 8568160,9 manat (ƏDV-siz) dəyərində idxal və elektron qaimə faktura tətbiq olunmaqla 1523320,7 manat (ƏDV-siz) (5 faiz ticarət əlavəsi çıxıldıqda 1450781,6 manat) dəyərində malların satış (iş, xidmət, mal) əməliyyatları həyata keçirilmişdir ki, nəticədə iddiaçı tərəfindən 9172643,4 manat dəyərində mallar elektron qaimə-faktura təqdim edilməməklə topdansatış qaydasında təqdim edilmişdir. (311515,5+8568160,9-25631,36-1450781,6)*1,05*1,18=9172643,4. 1,05 - 5 faiz ticarət əlavəsi, 1,18 - 18 faiz X7 İşin hüquqi tərəfi ilə bağlı bildiririk ki, baza məlumatlarına əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2020-ci il **********083400 nömrəli və xx.xx.2019-cu il tarixli **********501600 nömrəli “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqnda ərizələri əsasında cəmiyyətin təsərrüfat obyektləri 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeydiyyata alınmışdır. Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin təsərrüfat obyektləri “Meyvə və tərəvəzin topdan satışı” adı altında fəaliyyət göstərmişdir. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin topdan satış olması, iqtisadi göstəriciləri və obyektlərinin anbar tipli olması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası”- nın 1.3.1 bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarf’na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1 -ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1 -ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 -cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci və 48-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərardan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (okyekdən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti 1-ci dərəcəli X2 tərəfindən həyata keçirilmişdir. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarından görünür ki, İddiaçı (Ünvanı: AZ0300. AĞDAŞ RAYONU. AĞDAŞ ŞƏHƏRİ. Y.NƏBİYEV. ev.7/14. VÖEN:**********) 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktııra verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsəırüfatdaxilı yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Yeıgı Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 917264.34 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 917264.34 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən barənizdə tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 005866 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2021 -ci il tarixli **********7727 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" Qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə , İddiaçınə göndərilmişdir. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Vergi Məcəlləsi Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərar qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1- ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqındaxx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2- ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə , həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. (Oxşa inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-330/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2- 1(102)-436330/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)330/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-945/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-740/2022 nömrəli qərarlarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7727 nömrəli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar