Məhkəmə qərarları › İş №2-1(116)-677/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-677/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-677/2023 22.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhər Bələdiyyəsi tərəfindən həyətyanı məqsədi ilə iddiaçıya satılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhər Bələdiyyəsi tərəfindən həyətyanı məqsədi ilə iddiaçıya satılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2648/2022 nömrəli qərardadı ilə Göyçay Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, İddiaçı adına həyətyanı məqsədi ilə Göyçay Şəhər Bələdiyyəsi tərəfindən ona satılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi tərəfindən məktubla İddiaçı adına həyətyanı məqsədi ilə Göyçay Şəhər Bələdiyyəsi tərəfindən ona satılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsindən imtina etmişdir. Cavabdeh Məhkəməyə təqdim etdiyi imtina məktubunda qeyd etmişdir ki, araşdırma zamanı Göyçay bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı qərarının və Göyçay bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 59 nömrəli torpaqların alqı-satqısına dair Aktının təsdiq edilmiş surətininin verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Respublikasının Qanunun 14-cü maddəsinə əsasən dayandırılaraq Göyçay rayon Arxivinə soğu verilmişdır. Göyçay rayon Arxivi tərəfindən Göyçay bələdiyyəsinin xx.xx.2004-cü il 05 saylı qərarının surəti təqdim edilmiş, lakin Göyçay bələdiyyəsi və ləğv edilmiş DTXKnın Göyçay rayon Şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-ci il tarixli 59 nömrəli torpaqların alqı-satqısına dair aktının surəti təqdim edilməmişdir. Həmçinin Göyçay şəhəri, 50-ci məhəllə, B.Səmidli küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zonasına düşüb-düşməməsi haqqında "xxxx" ASCnin X1 müqaviq sorğu verilmişdir. "xxxx" ASC-nin X2 tərəfindn qanunla müəyyən olunmuş müddətdə sorğu cavab verilmədiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Torpaqların alqı-satqısına dair Aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı tərəfindən Göyçay Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə iclasında baxılmış və ona Göyçay Bələdiyyəsi ərazisində 0,05 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli 04 nömrəli qərar qəbul edilmişdir.

2. 14.04.2004-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı torpaq sahəsi almaq üçün 303885 manat ödəniş etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2174/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinin koordinatları əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin təyinatı, uqodiyası, mülkiyyətçiləri və sair məlumatları təqdim edilməsi mümkün olmadı. Əlavə olaraq bildiririk ki, idarənin mütəxəssislərinə naturada göstərilən, üzərində fərdi yaşayış evi mövcud olan, iddiaçı tərəfindən faktiki istifadə edildiyi bildirilən 0.05 ha torpaq sahəsi elektron bazada mövcud olan AZCad məlumatlarına əsasən Göyçay rayonu Kürd kənd ərazi vahidinin sərhəddi daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, çoxillik əkmələr uqodiyalı, bələdiyyə mülkiyyətinə məxsus kənd tədərüfatına yararlı torpaq sahəsidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin məcəllənin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Göyçay şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı ilə ona ayrılan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır.Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını həmin qərarın mülkiyyət hüququnun yaranması üçün kifayət etməməsi, bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının olmaması ilə əsaslandırır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmaqla,uqodiyası kənd təsərrüfatına yararlı əkin sahəsidir. Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qərar əsassız olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözügedən torpaq sahələrinə aid olmadığından Göyçay şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsinin satılması əsassız olmuş və həmin qərar iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla əkinə yararlı torpaq sahəsidir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alına bilməz. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan örüş olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqan tərəfindən verilən məlumatlar sübut qismində qəbul edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan,iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı qərarın ziddiyyətli olması səbəbindən iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhər Bələdiyyəsi tərəfindən həyətyanı məqsədi ilə iddiaçıya satılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar