Məhkəmə qərarları › İş №2-1(116)-679/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-679/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-679/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “15.04.1991-ci il tarixdən 11.02.2015-ci il tarixə kimi ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “15.04.1991-ci il tarixdən 11.02.2015-ci il tarixə kimi ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1990-cı illərdə erməni silahlı birləşmələrinin ölkəmizə silahlı hücumları zamanı könüllü olaraq Göyçay rayon hərbi komissarlığına gedərək, vətənimizin ərazi bütövlüyünü düşməndən qorumaq üçün ordu sıralarına yazılmış və ölkəmizin Ermənistanla həmsərhəd rayonlarına ezam edilmişdir. Xidmət etdiyi Müdafiə Nazirliyinin tabeçiliyində olan özünümüdafiə və hərbi hissələrin tabeçiliyində xidmətə başlamışdır. Hərbi hissə tərəfindən bütün növ təminatlarla təmin olunmuşdur. Xidməti dövrü bir neçə il olsa da, xidmətdən sonra bəzi səbəblərdən Qarabağ Müharibəsi veteranı vəsiqəsini və adını 11 fevral 2015-ci il tarixində Müdafiə Nazirliyinin veteran adlarının verilməsi komissiyasına müraciət edəndən sonra almışdır. Komissiyanın müvafiq qərarı ilə ona Qarabağ Müharibəsi veteranı adı və vəsiqəsi verilərək aylıq nəzərdə tutulmuş müavinət ayrılmışdır. Lakin xidmət etdiyi 15 aprel 1991-ci il tarixindən 11 fevral 2015-ci il tarixinə kimi heç bir müavinət ödənilməmişdir. 29.12.2019-cu il tarixində ödənilməmiş müavinətin ödənilməsi barədə Cavabdehnə müraciət etsə də, 17.01.2020-ci il tarixində verilmiş cavabda əvvəlki illər üçün müavinətin ödənilməsini təmin etməmişlər ki, bu da qüvvədə olan sosial müavinətlər haqqında qanunvericilikdə ziddiyyət təşkil edir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının oxşar məzmunlu iddiasına Şəki İnzibati-İqtisadi məhkəməsi (Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23.12.2016 il tarixli, 2- 1(84)-1098/2016 saylı qərarı) tərəfindən baxılmış və iddiası təmin edilməmişdir. İddiaçı Cavabdehndən heç bir növ üzrə əmək pensiyası almır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq həmçinin, həmin müavinət növü ləğv olunduğundan 01.01.2020-ci ildən müavinətin təsnifat kodu ləğv olunduğunu həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait yalnız Prezident təqaüdünün təsnifat kodu üçün ayrıldığını və Dövlət büdcəsindən qanunla müəyyən edilmiş şəxslərə sosial yardım göstərilinəsi məqsədi ilə ödənilən pul vəsaitinin təyinatı üzrə düzgün xərclənməsinin təmin olunmasını nəzərə alaraq iddiaçının Cavabdehnə qarşı “15.04.1991-ci il tarixdən 11.02.2015-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş sosial müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbinin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)- 1098/2016nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “11.07.1995-ci il tarixdən fevral 2015-ci il tarixədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə işin faktiki hallarını, yuxarıda qeyd olunan prosessual normaları nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “15.04.1991-ci il tarixdən 11.02.2015-ci il tarixə kimi ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar