Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-68/2020 10.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı "1979- 1997-cı illərdə Qax rayon Qum kəndi “Oktyabr” adına kolxozda işlədiyi 17 il 3 ay sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 08.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci tarixdə Qax rayonu Çinarlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu il tarixdə Qax rayon Qum kənd “Oktyabr” adına kolxozda başlamışdır. O, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 29.05.2019-cu il tarixli **********9 nömrəli məktubla bundan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmənin 10.02.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1979-1997-cı illərdə Qax rayon Qum kəndi “Oktyabr” adına kolxozda işlədiyi 17 il 3 ay sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 08.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İddiaçının izahatı: İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəsinin izahatı: İddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qadınların yaş həddi (60 yaş) 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırıldığını nəzərə alaraq İddiaçı Nürəddin qızı 61 yaşının tamam olduğu 08.05.2019-cu il tarixdə qanunvericiliklə müəyyən olunan yaş həddinə çatmışdır. Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, sığorta olunan fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləğı 2017-ci ilin 1 iyul tarixindən 110,0 manat məbləğındə, 01.01.2018-ci il tarixdən 116,27 manat məbləğində, 01.01,2019-cu il tarixdən 119,76 manat məbləğində, 01.03.2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən 160,0 manat, 01.10.2019-cu il tarixdən 200,0 manat məbləğində müəyyən olunur) az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Qanunvericiliyə görə kolxozdakı əmək fəaliyyəti 1965-ci ilə qədər olan müddət üçün həmin ictimai təsərrüfatda müəyyən edilmiş minimum əmək iştirakı normasından asılı olmayaraq tam həcmdə nəzərə alınır. 01 yanvar 1966-cı il tarixdən sonra isə il ərzində tələb olunan əmək iştirakı norması yerinə yetirilmədikdə işlənilən müddətə uyğun olaraq hesablanır. Belə ki, vətəndaşın 1979-cu il tarixdən 1997-ci il tarixədək işlədiyi Qax rayonunun Qum kəndinin “Oktyabr” kolxozunda əmək iştirakı norması qadınlar üçün 1979 və 1980-ci illərdə 170 gün, 1981-1993-cü illərdə 180 gün, 1994-cü il tarixdən sonra 200 gün müəyyən edildiyini nəzərə alaraq sosial sığorta stajı 17 il 03 ay hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilən fəaliyyət müddəti hesab edilir və qulluğu faktiki olaraq yerinə yetirənlərə buna görə əmək stajı hesablanır. Bildirir ki, İddiaçı Nürəddin qızının 70 yaşından yuxarı ahıl anasına qulluq göstərdiyi və onun sosial sığorta stajına hesablanacaq 18 il 11 ay 29 gün müddət mübahisələndirilmir. Vətəndaşın mübahisələndirilən kolxozda işlədiyi 17 il 03 ay sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alındıqda ümumi müəyyən olunan 36 il 02 ay 29 gün sosial sığorta stajına görə yaşa görə əmək pensiyasıl hüququ yaranır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli və AZE 02322902 nömrəli X1 surətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin 29.05.2019-cu il tarixli, **********9 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Qax rayonu İcra Hakimiyyəti Qum kənd inzibati ərazi dairəsinin 17.05.2019-cu il tarixli 341 nömrəli və 29.01.2020-ci il tarixli 104 nömrəli və 29.01.2020 nömrəli 105 nömrəli arayışları, Qax rayon İcra Hakimiyyəti Qax rayon Dövlət Arxivinin 30.04.2019-cu il tarixli 89/1 nömrəli təsdiqlənmiş arayış, Qax rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın təsdiqlənmiş qərarı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin 07.08.2019-cu il tarixli **********9 nömrəli və 05.02.2020-ci il tarixli **********2 nömrəli məktubları, 06.08.2019-cu il tarixli və 04.02.2020-ci il tarixli aktlar, İ-ИЕ seriyalı 444460 nömrəli doğum haqqında şəhadətnamənin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1979-1997-cı illərdə Qax rayon Qum kəndi “Oktyabr” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olması Qax rayon Dövlət Arxivinin 30.04.2019-cu il tarixli 89/1 saylı arxiv arayışı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1979-1997-cı illərdə Qax rayon Qum kəndi “Oktyabr” adına kolxozda işlədiyi 17 il 3 ayın sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 08.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin üzərinə İddiaçı1979-1997-cı illərdə Qax rayon Qum kəndi “Oktyabr” adına kolxozda işlədiyi 17 il 3 ayın sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 08.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-68/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-68/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver