Məhkəmə qərarları › İş №2-1(116)-68/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-68/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-68/2021 23.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının vəkili X14, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X8, Üçüncü şəxs X27, Üçüncü şəxs X27 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayon Topçu Bələdiyyəsinə (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi, X42, X53) qarşı “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X9 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin X2 haqqında Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər İsmayıllı rayon Topçu Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X9 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi X2 haqqında olan Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarı və həmin ərazi üzərində onun mülkiyyət hüququnun qeydə alınması haqqında olan mülkiyyət hüququna dair JN-0531 KOD040727018 nömrəli Dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdeh orqanların üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 29.01.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon X9 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə Yeməkxana binasının tikintisi üçün 0,60 ha torpaq sahəsi ayrılmış, müvafiq dövlət orqanı tərəfindən cizgisi çəkilərək, naturada yerində tanıdılmışdır. Torpaq sahəsi həmin vaxtdan hal-hazırkı vaxta kimi dövlət mülkiyyətində olmaqla İddiaçı daimi istifadəsindədir. 1977-ci il tarixində həmin torpaq sahəsində, balans dəyəri 7870 manat olan ümumi sahəsi 81,6 kv.m, divarları qırmızı kərpicdən, üst örtüyü şiferdən olan yeməkxana binası tikilmiş və həmin vaxtdan hal-hazıra kimi “Topçu” yeməkxanası adı ilə fəaliyyət göstərir. Yeməkxana “AZƏRİTTİFAQ”xxxx“İsmayıllı rayon X35 Birliyinin” (yeni adı “xxxx” MMC) balansında olmuşdur. İddiaçı müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli (protokol № 02) qərarı və X25 20 sentyabr 2011-ci il tarixli (protokol № 106) qərarı ilə “xxxx” MMC ləğv edilərək mülkiyyəti “Topçu” yeməkxanası daxil olmaqla İddiaçı mülkiyyətinə verilmişdir. Ölkədə aparılmış islahatlarla əlaqədar “Topçu” yeməkxanasının tikintisi üçün ayrılmış 0,60 ha torpaq sahəsi, tikinti altında yerləşən torpaq sahəsi kimi dövlət mülkiyyətində saxlanılmış, İddiaçı daimi istifadəsində olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin icraatında olan iddiaçı X27 “Topçu” yeməkxanasını icarə müqaviləsinə əsasən işlədən X32 qarşı torpaq sahəsindən məcburi çıxarma və sair tələbinə dair mülki iş üzrə təqdim olunmuş sənədlərdən və məhkəmə araşdırmaları zamanı alınmış mütəxəssis rəyindən aydın olur ki, İsmayıllı rayon Topçu Bələdiyyəsinin 24.09.2003-ci il tarixli 09 saylı qərarı ilə X27 əri, mərhum X20 yaşıllıq salmaq və iaşə obyektinin tikintisi üçün 1,26 ha torpaq sahəsi satılmışdır. Bələdiyyənin Qərarında göstərilir ki, “Topçu kəndinin şimal zonasından, kəndin kənarından, uzun müddət istifadəsiz, kolluq sahədən 1,26 ha torpaq sahəsi Əliyev Farizə verilsin. Bələdiyyənin bu qərarına əsasən Fariz Əliyevin adına mülkiyyət hüququna dair JN-0531, KOD 40727018 nömrəli Dövlət Aktı verilmişdir. Dövlət qurumu Mülkiyyət sənədi hazırlayan zaman, naturada torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirmədən Əliyevə verilmiş torpaq sahəsinin koordinatları qərarda göstərildiyi kimi kollu, yararsız, istifadəsiz sahəyə deyil, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqına, İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış, 1977-ci ildən tikilərək fəaliyyət göstərən “Topçu” yeməkxanasının tikinti altında yerləşən, dövlət mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin 0,58 ha hissəsi daxil olmaqla onun üstünə vurulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, Fariz Əliyevin adına tərtib edilmiş JN-0531 nömrəli Dövlət Aktı qanunsuz olduğu üçün ləğv edilməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 12.02.2020-ci il tarixli, **********99 nömrəli etirazında qeyd etmişdir ki, İsmayıllı rayonu Topçu Bələdiyyəsinin qərarını və həmin qərar əsasında X15 adına hazırlanmış JN-0531 saylı saylı Dövlət Aktının ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə də müraciətin icrası mümkün olmamışdır. Məhkəmənin 07.05.2020-ci il tarixli qərardadı ilə X42 və X53 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə üçüncü şəxslər X42 və X53 25.06.2020-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq iddia tələbinə etirazlarını bildirmişlər. Məktubda qeyd edilir ki, onlar Dövlət Aktı üzrə 1,26 ha torpaq sahəsinin mülkiyyətçisi olan X19 hüquqi varisləri, qanun üzrə 1-ci növbəli vərəsələridirlər. X40 Topçu kəndindən olsa da, ətrafdakı Buynuz və Qurbanəfəndi kəndlərində də özünə şəxsiyyəti və gördüyü işləri ilə hörmət qazanan bir şəxs olmuşdur. Vaxtilə yaşının az olmasına baxmayaraq üç kəndin əhalisi tərəfindən bir ağsaqqal kimi də qəbul edilmiş və bütün ətrafı ona “bəy” deyərək müraciət edirdi. Faiz Əliyev ali təhsilini aldıqdan sonra kəndə qayıtmış və kolxozda bir sıra vəzifələrdə çalışmışdır. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Topçu kəndində yol kənarında olan yeməkxananı istifadə etməyə başlamışdır. X60 2013-cü ilin sentyabr ayının 14-də qəfil ölümündən sonra, ailəvi dostu olan Hakim Qəribov rəhmətlik Əliyevin ailə biznesinin idarə edilməsi üçün onun arvadı Naibə xanımın etibarından istifadə edərək Topçu yeməkxanasını işlətməyə başlamışdır. X61 dostunun qırxı çıxmamış 01.10.2013-cü il tarixindən Topçu yeməkxanasını işlətmək üçün Kooperativin keçmiş sədri M.X.Bağıyevlə Xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilənin surəti təqdim edilir. Halbuki Kooperativ ilk növbədə Faiz Əliyevin ailə üzvləri ilə həmin müqaviləni bağlamalı idi. Üçüncü şəxslər iddia tələbi ilə razı deyillər. Hesab edirlər ki, iddia ərizəsində qeyd edilənlər həqiqətin təhrif edilmiş formasında yazılıb, yəni ağ yalandır. Belə ki, iddia ərizəsinin birinci abzasında qeyd edilib ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsi 1975-ci ildə Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfində 0,60 ha torpaq sahəsini yeməkxana binasının tikintisi üçün ayırmışdır. Bəli, belə bir qərarın olması barədə arxiv arayışı və arxiv kitabından çıxarış var. Amma həmin sənədin heç bir yerində qeyd edilməyib ki, həmin torpağın müvafiq dövlət orqanı tərəfindən cizgisi çəkilsin və naturada yeri tanıdılsın. Yeməkxana binasının və yerləşdiyi torpaq sahəsinin İddiaçınə məxsus olması barədə heç bir qanuni cizgisi, qeydiyyatına alınmış sxemi və hər hansı bir mülkiyyət sənədi mövcud deyil və olmamışdır. Həmin yeməkxananın yerləşdiyi torpaq sahəsi dövlətə məxsus olmuş və 1996-cı il torpaq islahatından sonra Topçu kəndinin digər torpaqları kimi Bələdiyyənin mülkiyyətinə verilmişdir. Həmin qanunun 6-cı maddəsi dövlət torpaqlarının əhatə dairəsini tam edir. Belə ki, Qanuna görə Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Qanundan da göründüyü kimi, Yeməkxana binasının altında olan torpaq vaxtilə dövlətin torpağı olsa da, 1996-cı ildən sonra Bələdiyyəyə verilmişdir. Həmin Qanun 7-ci maddəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: - ümumi istifadədə olan torpaqlar; - fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; - ehtiyat fondu torpaqları. Belə ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavədən də göründüyü ki, Topçu bələdiyyəsinə Buynuz, Şirvanmeşə və Topçu kəndləri daxildir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərində də göstərildiyi kimi hazırkı iddiada mübahisələndirilən torpaq sahəsi Topçu Bələdiyyəsinə məxsus olmuş və X23 tam qanuni əsaslarla satılmışdır. X12 vicdanlı alıcıdır. Həmin torpağın üzərində yerləşən yeməkxana binası isə Kooperativə məxsus olsa da, uzun illər Əliyev Faizin qanuni istifadəsində olmuş və icarəçinin ölümündən sonra ailə üzvlərinə təklif edilməli idi. Amma Kooperativin keçmiş sədri üçüncü şəxslərə məlum olmayan səbəblərə görə Faizin qırxı çıxmamış yeni xidmət müqaviləsini Hakim Qəribovla bağlamışdir. 2013-cü ilin 01 oktyabr tarixində bağlanmış həmin müqavilədə yeməkxananın nə ölçüləri, nə də sahəsi göstərilməsə də, inventar dəyəri 215 manat, balans dəyəri isə 7870 manat müəyyən edilmişdir. Lakin Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, rəhmətlik Faiz Əliyev özünə məxsus olan həmin torpaq sahəsində Kooperativin balansında olmayan tikililər inşa etdirmiş və əsaslı abadlıq və yaşıllaşdırma işləri aparmışdır. Amma Kooperativ hansısa səbəbdən indiyə qədər üçüncü şəxslərə qarşı heç bir pretenziya irəli sürməmişdir. Topçu yeməkxanası xxxx MMC ləğv ediləndən sonra Kooperativə 2011-ci ildə verilmişdir. Faiz Əliyev isə Bələdiyyədən 1.26 ha torpaq sahəsini 2003-cü ildə almışdır. Ümumiyyətlə İsmayıllı X6 yeməkxanasını xxxx MMC-dən təhvil-təslim aktı ilə almamışdır, Kooperativ özü 2004-cü ilin dekabr ayında Dövlət qeydiyyatına alınmışdır. Topçu yeməkxanasının 1975-ci ildə verilmiş qərara uyğun ərazidə inşa edilib-edilməməsi də məlum deyil. X44 tərəfindən Faiz Əliyevə satılmış 1,26 ha torpaq sahəsinin yerləşmə yeri kimi Topçu kəndinin şimal tərəfi göstərilib, Topçu yeməkxanası isə kəndin girəcəyində sol tərəfdə yerləşməlidir. Hazırda Kooperativin balansında olan Topçu yeməkxanasının tikintialtı sahəsi 80 kv.m təşkil edir. Sözügedən 1,26 ha üçüncü şəxslərin mülkiyyətinizdə olan ərazidə yerləşən digər bütün tikililəri Əliyev Faiz öz şəxsi vəsaiti hesabına inşa etdirmişdir. Həmçinin 1.26 ha torpaq sahəsini alan zaman Əliyev Faiz həmin Topçu yeməkxanasının qanuni istifadəçisi olmuşdur. Kooperativ özü də qəbul edir ki, yeməkxana binası ayrıca, torpaq isə ayrıca özəlləşdirilməlidir. Yeməkxananın qanuni istifadəçisi olduğu üçün Əliyev Faizin torpaq sahəsini də özəlləşdirməsində qanunsuz heç nə yoxdur. Həm də, həmin torpaq bələdiyyə torpağı yox dövlət torpağı olsaydı, bələdiyyə həmin əraziyə görə onlardan vergi toplamazdı. İddiaçı İdarə Heyətinin sədri vəzifəsini icra edən X16 məhkəməyə 21.06.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlayaraq cavabdeh qismində İsmayıllı rayon Topçu bələdiyyəsini qeyd etmiş və “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X9 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin X2 haqqında Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.02.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı İdarə Heyətinin sədri vəzifəsini icra edən X16 məhkəməyə 21.06.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlayaraq cavabdeh qismində İsmayıllı rayon Topçu bələdiyyəsini, üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini qeyd etmiş və “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X9 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin X2 haqqında Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X28 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X10 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X42 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X27 vəkili Vəkil2 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X45 filialının 12.09.2019-cu il tarixli, 67/73 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı iclas protokolunda rayonun Kooperativlər ittifaqının nəzdində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı müvəkkillərinin 06.09.2011-ci il tarixli yığıncağında Kooperativin tabeliyində olan “xxxx” MMC-nin ləğv edilməsi və İddiaçınə birləşdirilmsi qərara alınmışdır. Qərarın surəti X22 göndərilmiş və təsdiq edilməsi xahiş olunmuşdur. X37 Heyətinin 20.09.2011-ci il tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29.12.2004-cü il tarixdə qeydiyyata alınmış, əvvəlki dövlət qeydiyyatı nömrəsi 07**-İİ-*** olmuş, dövlət qeydiyyatı nömrəsi (VÖEN) **********, əvvəlki qanuni təmsilçi X34, hazırkı qanuni təmsilçi isə X11r. İş materiallarında olan Topçu bələdiyyəsinin məhkəməyə ünvanladığı 17.02.2020-ci il tarixli 03 nömrəli məktubda qeyd edilir ki, 24.09.2003-cü il tarixli 09 nömrəli qərar həmin qərara aid müqavilə və torpağa dair digər sənədlərin əsli və ya surəti Topçu bələdiyyəsinin arxivində tapılmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 24.02.2020-ci il tarixli, **********04 nömrəli məktubunda qeyd edilir ki, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılmış və aşğıdakı hallar müəyyən olunmuşdur:

1. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində torpağın mülkiyyətə verilməsinə dair JN-0531 (kod 4********) saylı Dövlət Aktının əslinin digər nüsxəsi aşkar edilməmiş və həmin Dövlət Aktının kitab qeydiyyatı yoxdur, lakin sözü gedən JN-0531 saylı Dövlət Aktı Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmışdır.

2. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-0531 (kod 4********) saylı Dövlət Aktı yaşayış məntəqələri torpaqlarının sərhədləri daxilində yerləşir.

3. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaq sahəsinin faktiki (naturadakı) istifadə vəziyyətinin məkan göstəriciləri ilə JN-531 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir.

4. Torpaq sahəsinin faktiki (naturadakı) istifadə vəziyyətinin məkan göstəriciləri JN- 531 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların olduğundan Şəki İnzibati Məhkəməsi tərəfindən DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin qarşısına qoyduğu suallara konkret olaraq cavab verilməsi tərəfımizdən mümkün olmamışdır. İş materiallarında olan 487906 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 (Məmmədova) Naibə Sabir qızı ilə 20.08.1982-ci il tarixdə nikah bağlamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Qəbələ ərazi şöbəsinin iddiaçının vəkili Vəkil1 ünvanladığı 17.02.2020-ci il tarixli məktubda qeyd edilir ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli, 12 saylı qərarı ilə rayonun Kooperativlə İttifaqının nəzdində İsmayıllı rayonunun Topçu kəndi ərazisində, yolun kənarında yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi dövlət torpağı olmaqla “Topçu” yeməkxanasının istifadəsindədir və bu günədək həmin torpaq sahəsi hər hansı hüquqi və ya fiziki şəxs tərəfindən özəlləşdirilməmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı qərarı ilə 1.26 ha torpaq sahəsi yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi məqsədilə X19 mülkiyyətinə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 08.05.2006-cı il tarixdə 361 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 03.10.2011-ci il tarixli “icarə müqaviləsi”nin surətindən görünür ki, İsmayıllı RİİK-nin idarə heyətinin sədri X34 X29 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə görə Topçu yeməkxanası 03.10.2011-ci il tarixdən ilin mövsümündən asılı olmayaraq icarəyə götürdüyü əmlakı aktla tam təhvil verdiyi müddətə qədər Fazir Əliyevin istifadəsinə verilmişdir. İş materiallarında olan Topçu bələdiyyəsinin İsmayıllı rayon Notariat Kontoruna ünvanladığı 09.07.2019-cu il tarixli, 13 nömrəli məktubda qeyd edilir ki, mərhum X29 vəfat etdikdən sonra onun adına olan torpaqların vergisini mərhumun həyat yoldaşı X42 ödəyib və ödəməyə davam edir. İş materiallarında olan 01.10.2013-cü il tarixli xidmət müqavilə”nin təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı RİİK-nin idarə heyətinin sədri X34 ilə X43 arasında müqavilə bağlanılmış və müqaviləyə əsasən Topçu yeməkxanası H.Qəribovun istifadəsinə verilmişdir. Müqavilənin müddəti 2013-cü ildən sonra hər il bir il olmaqla artırılmışdır. Sonuncu 07.01.2020-ci il tarixli xidməti müqavilə İsmayıllı RİİK-nin idarə heyətinin sədri X16 ilə X43 arasında bağlanmış və müqavilənin müdəti 01.01.2020-ci il tarixdən 01.01.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 16.07.2020-ci il tarixli məktuba əlavə edilmiş dövlət aktlarının verilməsinə dair qeydiyyat kitabından JN-0531 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının verilməsinə aid hissənin təsdiq edilmiş surətindən görünür ki, qeydiyyat kitabında X19 adı qeyd edilmiş və göstərilmişdir ki, ona İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi məqsədilə 1.26 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 15.07.2020-ci il tarixli, **********286800 nömrəli məktubunda qeyd edilir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “İsmayıllı rayon İstehlak-İstehsal” Kooperativi tərəfindən 03 fevral 2005-ci il tarixdə təsis edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 22 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X62 tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin rəhbəri X38 olmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyatının “İsmayıllı Rayon İstehlak-lstehsal” Kooperativinə (VÖEN-**********) qoşulması yolu ilə ləğv edilməsi haqqında qərar “İsmayıllı Rayon İstehlak-İstehsal” Kooperativinin müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli yığıncağında qəbul edilmişdir. 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 10 iyul 2017-ci il tarixdə cəmiyyət dövlət qeydiyyatından çıxarılmışdır. Cəmiyyətin hüquqi varisi “İsmayıllı Rayon İstehlak-İstehsal” Kooperatividir. İş materiallarına təsdiq edilmiş surəti X45 filialı tərəfindən 04.08.2020-ci il tarixli məktubla əlavə edilən İsmayıllı rayonu Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı iclas protokolundan görünür ki, həmin tarixli qərara əsasən X64 kəndinin şimal zonasında, kəndin kənarında, kolluq sahədən 1.26 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.10.2020-ci il tarixli **********59 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 13 avqust 2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1. İsmayıllı rayonu Topçu kəndində yerləşən, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Mübahisəli torpaq sahəsinin 0,58 ha hissəsi JN-0531 KOD ********* nömrəli Dövlət Aktına əsasən X15 mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsində qeyriyaşayış tikililəri (bir ədəd təzə, bir ədəd köhnə yeməkxana binası) mövcuddur. 2. JN-0531 KOD ********* nömrəli Dövlət Aktında göstərilən 1,26 ha torpaq sahəsi İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı qərarına əsasən yaşıllıq salınması və iaşə obyektinin tikintisi məqsədi ilə X19 mülkiyyətinə verilmişdir. Sözügedən 1,26 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Həmin torpaq sahəsinin 0,58 ha hissəsi Topçu yeməkxanası tərəfindən iaşə obyekti kimi istifadə olunur. Torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir. İş materiallarında olan üçüncü şəxs X27 vəkili X17 məhkəmənin elektron kabinetinə daxil etdiyi ərizədə qeyd edilir ki, iş üzrə iddiaçı və hüquqi varisi olduğu təşkilatlar 2004-cü il dekabrın 29-da dövlət qeydiyyatına alınmışdır. X29 isə Topçu bələdiyyəsindən 1,26 ha torpaq sahəsini 2003-cü ildə almışdır. İddiaçının təqdimetdiyi sübutlardan və iddia ərizəsində qeyd etdiyi fikirlərdən aydın olur ki, o, mübahisəli torpaq sahəsinin 0,60 ha hissəsini öz istifadəsində hesab edir və "Topçu" yeməkxanasının altında yerləşən dövlət torpağı hesab edir. Belə olan halda hesab edir ki, bu iddia mümkünsüzdür. Ona görə ki, Topçu Bələdiyyəsi tərəfindən X3 1.26 ha torpaq sahəsi Bələdiyyənin Aktına əsasən Bələdiyyə ərazisində yerləşən torpaq kimi satılmışdır. Həmin aktın etibarsızlığına dair iddianı yalnız dövlət əmlakını idarə edən təşkilat, bu halda isə Əmlak Məsələləri Dövlət Xidməti qaldıra bilərdi. Çünki dövlət torpağını istifadə etdiyini və həmin torpağa görə dövlətə vergi verdiyini iddia edən kooperativ faktiki olaraq hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Eyni zamanda vəkil onu da bildirir ki, hər il 1,26 ha torpağa görə Topçu bələdiyyəsinə vergi ödənilmişdir. Bundan başqa Dövlət aktına əsasən alınan 1,26 ha torpaq sahəsi dövlət torpağı olmuş olsa idi, DƏDRX-də Akt qeydiyyatdan keçirilməzdi və elektron baza məlumatlarına əlavə edilməzdi. Yuxarıda qeyd edilənləri nəzərə Məhkəmədən xahiş olunur ki, hazırkı iddia tələbi mümkünsüz hesab edilərək baxılmamış saxlanılsın. İş materiallarında olan İddiaçı məhkəməyə ünvanladığı 01.03.2021-ci il tarixli, 06 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycanda kooperasiya 1888-ci ildə Şamaxıda (Çuxuryurdda) və Xankəndində ilk kooperativlər yarandıqdan sonra təşəkkül tapmış, sonradan bütün regionları əhatə etmişdir. Kooperativlər fəaliyyətlərini mərkəzləşmiş qaydada idarə etmək üçün 1915-ci ildə “X26 Cəmiyyəti “ adlı İttifaq təsis etmişlər. 1920-ci ildə bu İttifaqın bazasında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı - “Azərittifaq” təsis olunmuşdur. “Azərittifaq” Azərbaycan müstəqillik qazanan vaxta kimi fəaliyyət göstərmişdir. Ölkəmizdə müstəqillik əldə edildikdən sonra 1996-cı ildə “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və kooperativlərin fəaliyyətini qanunauyğun qurmaq üçün Azərittifaqın 1997-ci ildə keçirilən növbədənkənar XİX qurultayı Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının adı dəyişdirilərək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı adlandırılması haqqında qərar qəbul etmiş, İttifaqın qısaldılmış adı- “Azərittifaq “ kimi saxlanılmışdır. Ölkənin bütün şəhərlərində və rayonlarında kooperativ təşkilatları, onların əksəriyyətinin nəzdində X35 birlikləri, kooperativ sənaye ticarət birlikləri fəaliyyət göstərir. Azərittifaq tərkibinə daxil olan kooperativ təşkilatları əhaliyə pərakəndə ticarət və iaşə xidməti göstərilməsini, kənd təsərrüfatı məhsulları və xammal tədarükünü və satışını, müxtəlif pullu xidmətlərin göstərilməsini həyata keçirirlər. Azərittifaq öz fəaliyyətini 2003-cü ildə XX qurultayda qəbul olunmuş, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməyə uyğun həyata keçirir. Bununla bağlı ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən kooperativ təşkilatlarının Nizamnamələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək adları dəyişdirilmişdir. O cümlədən, İsmayıllı rayon İstehlak Cəmiyyətinin adı dəyişdirilərək 29 dekabr 2004-cü ildə təsdiq olunmuş Nizamnaməyə uyğun İddiaçı kimi qısaldılmış adı (İsmayıllı RİİK) fəaliyyətini davam etdirir və Nizamnamənin 1.1-ci maddəsində qeyd olunduğu kimi İsmayıllı rayon İstehlak Cəmiyyətinin bazasında yaradılmışdır, onun hüquqi varisidir. Qeyd edilir ki, sovetlər dövründə İsmayıllı rayon Kooperativlər İttifaqının tərkibində İsmayıllı rayon X35 Birliyi (İsmayıllı - İaşə “ MMC), Kooperativ Sənaye Ticarəti Birliyi (Aqrokoop) ,X46 Cəmiyyəti, Şəhər İstehlak Cəmiyyəti, X63 Cəmiyyət, X51 Cəmiyyəti, X57 Cəmiyyəti, X41 Cəmiyyəti, X52 Cəmiyyəti kimi qurumlar mövcud olmuş, ötən dövr ərzində tədricən bu təşkilatlar ləğv olunaraq əmlakı rayon Kooperativ Cəmiyyətinin (hal-hazırkı İddiaçı) balansına birləşdirilmişdir. İsmayıllı rayon İstehsal- İstehlak Kooperativinin tərkibində fəaliyyət göstərən “xxxx” MMC-də lüzumsuz xərclərin qarşısını almaq məqsədi ilə rayon İstehsal-İstehlak Kooperativi müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli ( protokol-02) qərarı və X25 20 sentyabr 2011-ci il tarixli (protokol-106) qərarı ilə “xxxx” MMC ləğv edilərək mülkiyyəti, o cümlədən “Topçu” yeməkxanası rayon İstehsal-İstehlak Kooperativinin balansına verilmişdir. İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X9 rayonu, Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə Yeməkxana binasının tikintisi üçün 0,60 ha torpaq sahəsi ayrılmış, həmin vaxtdan halhazıra kimi dövlət mülkiyyətində olmaqla İddiaçı daimi istifadəsindədir. 1977-ci ildə həmin torpaq sahəsində balans dəyəri 7870 manat olan, ümumi sahəsi 81.6 m2, divarları qırmızı kərpicdən üst örtüyü şiferdən ibarət yeməkxana binası tikilmiş və həmin vaxtdan halhazıra kimi “Topçu” yeməkxanası adı ilə fəaliyyət göstərir. Yeməkxanada uzun müddət “xxxx” MMC-də ayrı-ayrı payçılar işləmişlər. Belə ki, 1977-ci ildən 1983-cü ilə kimi Buynuz kənd sakini Babayev Vahid (vəfat emişdir), 1983-cü ildən 1990-cı ilə kimi ismayıllı kənd sakini Kərimov Məzlum, 1990-cı ildən 1994-cü ilə kimi İsmayıllı rayonu, Mican kənd sakini Məmmədov Rəfail (vəfat etmişdir), 1994-cü ildən 1996-cı ilə kimi Qurbanəfəndi kənd sakini Qəribov Hakim, 1996-cı ildən 2010-cu ilə kimi Əliyev Fariz həm işçi kimi, həm icarədar kimi, 2010-cu ildən 2011-ci ilə kimi Səmədov Alik fəaliyyət göstərmişlər. “xxxx” MMC ləğv olunduğu tarixdən – 03.10.2011-ci il tarixdən sentyabr 2013-cü il tarixinə kimi yeməkxana binası Topçu kənd sakini X18 icarəyə verilmişdir. 213-cü ilin sentyabr ayında icarədar X29 vəfat etmişdir. Yeməkxana binası 2014-cü ilin yanvar ayına kimi bağlı qalmış, keçən üç ay ərzində yeməkxana binasının icarəyə götürülməsi barədə rayon İstehsal-İstehlalc Kooperativinə mərhumun ailəsi tərəfindən heç bir şifahi və yazılı müraciət olunmamışdır. 07 yanvar 2014-cü il tarixdən hal-hazıra kimi illik müqavilə bağlanaraq yeməkxana binası Qurbanəfəndi kənd sakini X32 icarəyə verilmişdir. Vəkil qismində iştirak edən Vəkil2 iddia tələbinin mümkünsüz sayılması ilə əlaqədar ərizəsi barədə bidirilir ki, İddiaçı məhkəmədə Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarının ləğv edilməsi haqqında iddia qaldırmağa subyektiv hüququ var, yəni həmin qərarla rayon İstehsal-İstehlak Kooperativinin daimi istifadəsində olan, üzərində Kooperativin əmlakı yerləşən 0.60 ha torpaq sahəsini Topçu bələdiyyəsinin kiməsə satmaq hüququ yoxdur və həmin qərar rayon İstehsal-İstehlak Kooperativinin mənafeyinə toxunur. İş materiallarında olan Topçu bələdiyyəsinin məhkəməyə ünvanladığı 19.04.2021-ci il tarixli, 13 nömrəli məktubunda qeyd edilir ki, Topçu bələdiyyəsində və arxivində Topçu kənd sakini mərhum X18 1.26 ha torpaq sahəsi satılması barədə 24.09.2003-cü il tarixli 09 saylı qərar və bu qərara aid heç bir sənəd tapılmamışdır və Topçu bələdiyyəsinin xəritəsində sözügedən ərazi qeyd olunmamışdır. Topçu bələdiyyəsinin 1999-2004-cü illərdə bələdiyyə üzvləri arasında sorğu aparılmış və akt tərtib olunmuşdur. Məlum olmuşdur ki, sözügedən dövrdə bu işlə bağlı heç bir iclasda gündəlikdə məsələ qaldırılmamış və müzakirə olunmamışdır. Odur ki, 24.09.2003-cü il 09 saylı qərarın etibarsız sayılmasına və ləğv edilməsinə Topçu bələdiyyəsi etiraz etmir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.04.2021-ci i l tarixli, **********48 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 17 mart 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirmişdir. Kameral qaydada araşdırma zamanı məlum olmuşdur ki:

1. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə X15 xüsusi mülkiyyətinə verilmişdir.

2. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi İsmayıllı rayonu Topçu kəndinin şimal-şərqində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir.

3. Mübahisəli torpaq sahəsi Topçu kəndinin şimal-şərqində, Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun sol kənarında yerləşir.

4. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi şimal tərəfdən bətədiyyə mülkiyyətində olan boş ərazi ilə, şərq tərəfdən magistral yol ilə, cənub və qərb tərəflərdən isə Topçu bələdiyyəsinin sərhəddi daxilində yerləşən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Qeyd olunmuş torpaq sahəsi tamamilə yaşayış məntəqəsinə aid torpaqlarda yerləşir. JN- 0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan 1,26 hektar torpaq sahəsinin 0,27 hektar hissəsi cənub tərəfdən JN-314 A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,035 hektar hissəsi isə kənd arası yol ilə üst-üstə düşür.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxs X53 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxs X39 iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərarın iddiaçılara qəbul olunduğu vaxt təqdim olunmasına dair sübut yoxdur. İddiaçılar qərardan məlumat əldə etdikdən 30 gün ərzində məhkəməyə müraciət etmişlər. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində deyilir ki, bələdiyyə ərazisinin hüdudları "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 9-cu bəndinə görə, dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalardan görünür ki, dövlət müəssisələrinin daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində saxlanılır və bələdiyyə mülkiyyətinə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. İşdən göründüyü kimi, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon X9 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə Yeməkxana binasının tikintisi üçün 0,60 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin X18 Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə satılmış torpaq sahələri ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, İsmayıllı rayonu Topçu kəndində yerləşən, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Mübahisəli torpaq sahəsinin 0,58 ha hissəsi JN-0531 KOD ********* nömrəli Dövlət Aktına əsasən X15 mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsində qeyri-yaşayış tikililəri (bir ədəd təzə, bir ədəd köhnə yeməkxana binası) mövcuddur. JN-0531 KOD ********* nömrəli Dövlət Aktında göstərilən 1,26 ha torpaq sahəsi İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı qərarına əsasən yaşıllıq salınması və iaşə obyektinin tikintisi məqsədi ilə X19 mülkiyyətinə verilmişdir. Sözügedən 1,26 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Həmin torpaq sahəsinin 0,58 ha hissəsi Topçu yeməkxanası tərəfindən iaşə obyekti kimi istifadə olunur. Torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə X15 xüsusi mülkiyyətinə verilmişdir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi İsmayıllı rayonu Topçu kəndinin şimal-şərqində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir. Mübahisəli torpaq sahəsi Topçu kəndinin şimal-şərqində, Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi şimal tərəfdən bətədiyyə mülkiyyətində olan boş ərazi ilə, şərq tərəfdən magistral yol ilə, cənub və qərb tərəflərdən isə Topçu bələdiyyəsinin sərhəddi daxilində yerləşən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Qeyd olunmuş torpaq sahəsi tamamilə yaşayış məntəqəsinə aid torpaqlarda yerləşir. JN- 0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan 1,26 hektar torpaq sahəsinin 0,27 hektar hissəsi cənub tərəfdən JN-314 A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,035 hektar hissəsi isə kənd arası yol ilə üstüstə düşür. Axırıncı rəyə əlavə olunmuş sxemdə Topçu yeməkxanasının faktiki istifadəsində olan torpaq sahəsinin 0.93 ha olduğu qeyd olunmuşdur. Rəylərə əlavə olunmuş sxemlərdən görünür ki, X4 torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə hissəvi üst-üstə düşür. JN-0531 seriyalı kod 40727018 nömrəli X66 bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı əsasında tərtib olunmuşdur. Mübahisələndirilən qərarda torpaq sahəsinin kəndin şimalından satılması qeyd olunsa da, həmin qərarın qəbulu ilə əlaqədar heç bir sənədin (alqı-satqı aktı, yerquruluşu sxemi vəs) arxivlərdə və bələdiyyədə movcud olmadığı üçün qərarla ayrılmış torpaq sahəsinin aktda qeyd olunan torpaq sahəsi ilə eyni olması qənaəti formalaşır. Qərarla satılmış torpaq sahəsinin aktda qeyd olunan torpaq sahəsindən fərqli ərazidə yerləşməsini təsdiq edən heç bir tutarlı sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. 3-cü şəxslər də bələdiyyə qərarı ilə məhz aktda qeyd olunan torpaq sahəsinin X1 israr etmişlər. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qərarı ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin 0.60 ha hissəsi qanunsuz olaraq 3cü şəxsin mülkiyyətinə verildiyi üçün iddia təmin olunmalı, cavabdeh Topçu bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İddiaçınə ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh İsmayıllı rayonu Topçu bələdiyyəsinin 1.26 ha torpaq sahəsinin X2 haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X9 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc cavabdehə aid edilir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 425 manat İsmayıllı rayonu Topçu bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X47 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar