Məhkəmə qərarları › İş №2-1(116)-68/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-68/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-68/2023 02.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X10 və üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “A seriyalı 196498 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən ünvan 1ində yerləşən 0,2025 ha torpaq sahəsinin qeydiyyata alınmamış 0,0398 ha hissəsi üzərində də ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması, onun əsasında Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,2025 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, A seriyalı 196498 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən ünvan 1ində yerləşən 0,2025 ha torpaq sahəsinin qeydiyyata alınmamış 0,0428 ha hissəsi üzərində də ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ünvan 1ində yerləşən 0,2025 ha torpaq sahəsi üzərində ümumilikdə hüquqlarının rəsmiləşdirilməsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı ünvan 1ində yerləşən 0,2025 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə cavabdehə müraciət etmişdir. Müəyyən müddət sonra sənədlərin (çıxarış, plan ölçü və s.) hazır olduğu ona bildirilmişdir. Sənədləri təhvil almaq üçün ərazi idarəsinə müraciət etdiyi zaman məlum olmuşdur ki, mülkiyiyyətində olan 0,2025 ha torpaq sahəsinin 0,1627 ha hissəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmış, yerdə qalan hissə üzərində isə hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********66 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə (4 nəfərə) ünvan 1i ünvanında 0,2055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Müraciətə əsasən sözügedən torpaq sahəsinə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin fiziki sərhədlər daxilində naturada ölçüsü 0,1627 ha təşkil edir. Torpaq sahəsinin sənəd üzrə yerdə qalan 0,0428 ha hissəsi qonşunun bağlı fiziki sərhəd daxilində naturada istifadəsində olan torpaq sahəsi üzərinə düşür. Sənəd üzrə sahənin qonşunun naturada istifadəsində olan 0,0428 ha hissəsi üzərində zəruri olan çölölçmə işlərinin aparılmasına iddiaçı tərəfindən şərait yaradılmamışdır. Buna görə də həmin torpaq sahəsi 0,1627 ha ölçüdə 02 oktyabr 2020-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********50 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı özünün adına və ailə üzvlərinə AİK-nın qərarı ilə verilmiş 0,20 ha torpaq sahəsinin ərazi idarəsi tərəfindən qeydiyyata alınmış 0,16 ha hissəsinə yerdə qalan 0,04 ha hissəsini də əlavə etməklə bütövlükdə 0,20 ha torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin torpaq sahəsinin fiziki sərhədlər daxilində naturada ölçüsü 0,1627 ha olduğundan, torpaq sahəsinin sənəd üzrə yerdə qalan 0,0428 ha hissəsi qonşunun bağlı fiziki sərhəd daxilində naturada istifadəsində olan torpaq sahəsi üzərinə düşdüyündən, sənəd üzrə sahənin qonşunun naturada istifadəsində olan 0,0428 ha hissəsi üzərində zəruri olan çöl-ölçmə işlərinin aparılmasına iddiaçı tərəfindən şərait yaradılmadığından həmin torpaq sahəsi 0,1627 ha ölçüdə 02 oktyabr 2020-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədi ilə rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən qeyd olunan sənəd üzrə sahənin qonşunun naturada istifadəsində olan 0,0428 ha hissəsi üzərində zəruri olan çöl-ölçmə işlərinin aparılmasına şərait yaradıldıqdan sonra onun müraciətində qeyd olunan məsələyə baxılacağı barədə iddiaçıya xx.xx.2021-ci tarixli, **********66 nömrəli məktub göndərilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, “A seriyalı 196498 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən ünvan 1ində yerləşən 0,2025 ha torpaq sahəsinin qeydiyyata alınmamış 0,0398 ha hissəsi üzərində də ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması, onun əsasında Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,2025 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-839/2022 nömrəli qərardadı ilə X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-68/2023 nömrəli qərardadı ilə X8 və X9 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. İş üzrə üçüncü şəxs X7 xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində qeyd etmişdir ki, hazırda mübahisələnidirilən daşınmaz əmlaka dair adına 1980-ci il tarixdə Zaqatala rayon Baş arxitektor idarəsinin, Baş Yerquruluşu İdarəsinin, keçmiş “Ukrayna" adına kolxozun, Qandax kənd Sovetliyinin və Təftiş Komissiyasının sədrinin razılığı əsasında baş plana uyğun olaraq sənəd tərtib edilmişdir. Mülkiyyətçisi olduğu torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. İddiaçı özü torpaq sahəsinin sərhədində, fındıq kolları və digər ağaclar əkmişdir. M.Əhmədovun ailəsi kolxozun üzvü olmuşdur. Hazırda mübahisələndirilən torpaq sahəsi kolxozdan onun ailəsinə verilmişdir. Həqiqətin müəyyən olunması üçün cavabdeh inzibati orqan Faldarlı kəndində mübahisəli torpaq sahələrinin yerləşdiyi faktiki yerini və ölçülərini torpaq sahələrinin qurtaracağından deyil, küçənin baş hissəsindən çöl-ölçmə işləri aparmalı idi. Cavabdeh inzibati orqanın imtina məktubu formal tərtib edilmişdir. Bundan başqa İddiaçı torpaq tələbi olmuş olsaydı, Zaqatala rayonu Aqrar İslahat Komissiyasına qarşı iddia qaldıra bilərdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə əsasən məhkəmə təcrübəsində qeyd olunan iddia tələbləri üzrə 30 gün müddət şamil olunur. Bu səbəbdən də iddiaçı üçüncü şəxs Məhəmməd Əhmədov və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini heç bir əsas olmadan tələb edir. Ona görə də üçüncü şəxs iddia ərizəsi ilə razı deyildir. Üçüncü şəxs M.Əhmədov etirz ərizəsində iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər X8 və X9 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və üçüncü şəxslər X8 və X5 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 özünün iddia tələbinə dair etiraz məktubunun məzmununa uyğun izahat verərək, onun naturadan istifadə etdiyi sərhədlər daxilində yerləşən 23 kv.m torpaq sahəsinin qeydə alınması ilə bağlı iddiaçı ilə heç bir mübahisəsinin olmadığını bildirmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: A seriyalı 196498 nömrəli plan-ölçüə sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı ilə 4500 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 ayrılmışdır. Sənəd X14 kitabında xx.xx.2009-cu il tarixdə 504-cü nömrə ilə uçota alınmışdır. Subyektlər siyahısından görünür ki, siyahıda 314-cü sırada X6, İddiaçı, X8 və X5 adları qeyd olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş AA seriyalı 545136 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Faldarlı kəndində yerləşən sənəd üzrə sahəsi 0,2055 ha, faktiki 0,1627 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətinə verilmişdir. Sənədin tərtib olunmasına əsas: X14 kitabında xx.xx.2009-cu il tarixdə 504-cü nömrə ilə uçota alınmış DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən verilmiş plan və ölçü. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,1627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, İddiaçı, X4 və X5 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən verilmiş A seriyalı 196243 nömrəli plan-ölçü sənədinin surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı ilə 2000 kv.m həyətyanı torpaq sahəsi X3 ayrılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən A seriyalı 196498 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən 0,2025 ha torpaq sahəsinin 23 kv.m hissəsi X2 naturada istifadə etdiyi ərazinin hüdudları daxilinə keçir, qalan torpaq sahəsi isə özünün naturada istifadə etdiyi ərazidə yerləşir. Həmin mübahisəli torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Mübahisəli torpar sahəsinin naturada istifadə vəziyyəti və sənəddə göstərilən ölçülərə görə yerləşmə vəziyyəti tərib edilmiş yerquruluşu planında göstərilmişdir. İş üzrə üçüncü şəxslər X9 və X8 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələrində iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X14, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən və AA 545136 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində sənəd üzrə sahəsi 0,2055 ha göstərilən torpaq sahəsinin 23 kv.m hissəsi üçüncü şəxsin, qalan hissəsi isə iddiaçının istifadəsindədir. İddiaçıya ailə üzvləri ilə birlikdə qeyd olunan ölçüdə torpaq sahəsinin ayrılması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehin imtinası, mübahisəli torpaq sahəsinin iddiaçı və ailə üzvlərinə ayrılmasına etiraz etmədən, torpaq sahəsinin qeydə alınmayan 0,0428 ha hissəsinin qonşunun bağlı fiziki sərhəd daxilində naturadə istifadəsində olan torpaq sahəsinin üzərinə düşməsi əsası ilə olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə A seriyalı 196498 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən ünvan 1ində yerləşən 0,2025 ha torpaq sahəsinin qeydiyyata alınmamış 0,0398 ha hissəsi üzərində də İddiaçı ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması, onun əsasında Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,2025 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. A seriyalı 196498 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən ünvan 1ində yerləşən 0,2025 ha torpaq sahəsinin qeydiyyata alınmamış 0,0398 ha hissəsi üzərində də İddiaçı ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması, onun əsasında Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,2025 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar