Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-680/2022 15.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı Bələdiyyəsinin 27.01.2012-ci il tarixli 01 nömrəli qərarı ilə ona ödənişsiz ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı şəhid ailəsinin üzvüdür və İsmayıllı şəhərində yaşayır. O, ərizə ilə İsmayıllı Bələdiyyəsinə müraciət edərək, 0,06 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün ona verilməsini xahiş etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 27.12.2011ci il tarixli 592 nömrəli məktubla İsmayıllı Bələdiyyəsinə müraciət edərək, şəhərin perspektiv inkişaf fondundan 0,06 ha həyətyanı torpaq sahəsinin şəhid ailəsi olan İddiaçı ödənişsiz ayrılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi Bələdiyyə sədrinin adına 23.01.2012-ci il tarixli 06 nömrəli rəy verərək həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan şəhərin perspektiv inkişaf fondu torpağından 0,06 ha torpaq sahəsinin İddiaçı ayrılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri tərəfindən "Azərbaycan Respublikası İsmayıllı Rayon İsmayıllı Bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planından çıxarış" tərtib edilmişdir. İsmayıllı Bələdiyyəsinin 27.01.2012-ci il tarixli 01 nömrəli qərarına əsasən, Bələdiyyənin mülkiyyətində olan şəhərin perspektiv inkişaf fondu torpağından 0,06 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə İddiaçı güzəşt (ödənişsiz) olunmaqla ayrılması qərara alınmışdır. İsmayıllı Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsinin alqısatqısına dair akt tərtib edilmiş və 07.02.2012-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 17 nömrəsi ilə qeydiyyata alınmışdır. İsmayıllı Bələdiyyəsinin 27.01.2012-ci il tarixli 01 nömrəli qərarına istinadən, həyətyanı məqsədilə verilmiş torpaq sahəsi ilə bağlı İddiaçı adına A- 390698 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 14.03.2013cü ildə 6543 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona verilmiş 0,06 ha torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu 24.05.2021-ci il tarixli **********33 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, İsmayıllı Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 27.01.2012-ci il tarixli qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.12.2011-ci il tarixli 271 nömrəli sərəncamından irəli gələn tələblərə cavab vermir. Bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin onun qanuni istifadəsində olan, qanunvericiliklə mülkiyyətinə verilməli olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassızdır. Cavabdeh məhkəməyə göndərdiyi 29.12.2021-ci il tarixli **********38 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 01.12.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 27.08.2007-ci ildə İddiaçı adına verilmiş vəsiqədən görünür ki, o, şəhid ailəsinin üzvüdür. - İşdə olan, İsmayıllı Bələdiyyəsinin 27.01.2012-ci il tarixli 01 nömrəli qərarından görünür ki, Bələdiyyənin mülkiyyətində olan şəhərin perspektiv inkişaf fondu torpağından 0,06 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə İddiaçı güzəşt (ödənişsiz) olunmaqla ayrılması qərara alınmışdır. - İşdə olan, torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, İsmayıllı Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və 07.02.2012-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 17 nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, A-390698 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, İsmayıllı Bələdiyyəsinin 27.01.2012-ci il tarixli 01 nömrəli qərarına istinadən, həyətyanı məqsədilə verilmiş torpaq sahəsi ilə bağlı İddiaçı adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 14.03.2013-cü ildə 6543 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, cavabdehin 24.05.2021-ci il tarixli **********33 nömrəli imtina məktubundan görünür ki, İsmayıllı Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 27.01.2012-ci il tarixli qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.12.2011-ci il tarixli 271 nömrəli sərəncamından irəli gələn tələblərə cavab vermir. Belə ki, bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Cavabdeh öz imtinasını aşağıda göstərilən iki dəlillə əsaslandırmışdır: 1) 01.12.2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satılmalı olduğu halda, iddiaçıya sözügedən torpaq sahəsinin hərracdan kənar qaydada ayrılması; 2) torpaq sahəsinə dair qərar verməzdən əvvəl bələdiyyə həmin torpaq sahəsinə hüquqlarını qeydiyyata aldırmalı idi. İmtinanın birinci dəlili üzrə məhkəmə qeyd edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 13-1.1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, açıq torpaq hərraclarının və ya müsabiqələrinin keçirilməsi tələbi torpaq sahələrinin yalnız satıldığı hallara aiddir, hazırkı işdə isə torpaq sahəsi İddiaçı satılmamış, şəhid ailəsinin üzvü kimi ödənişsiz verilmişdir. Məhkəmə qeyd edir ki, bu halda açıq torpaq hərraclarının və ya müsabiqələrinin keçirilməsinə zərurət olmamışdır. Analoji hüquqi mövqe 2-1(102)-1442/2021 nömrəli başqa bir oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. İmtinanın digər dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını mübahisələndirməmiş, İsmayıllı Bələdiyyəsi ərazisindən iddiaçıya həyətyanı məqsədilə veriləcək torpaq sahəsinin planında həmin torpaq sahəsi göstərilmiş, habelə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini əvvəllər həyata keçirən DTXK-nin İsmayıllı rayon şöbəsinin rəyində sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. Həmçinin, İsmayıllı Bələdiyyəsi 0,06 ha torpaq sahəsini iddiaçıya verməkdə səlahiyyətli olmadığı halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi inzibati nəzarət qaydasında İsmayıllı Bələdiyyəsinin sözügedən qərarının qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə, habelə bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəməyə müraciət edə bilərdi. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 16 mart 2007-ci il tarixli 9-T №li əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə"nin 7.5-ci bəndinə əsasən, Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Belə olan halda, cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan göstərilən əsasla imtina etməkdə haqlı deyildir. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İsmayıllı Bələdiyyəsinin 27.01.2012-ci il tarixli 01 nömrəli qərarı ilə İddiaçı ödənişsiz ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-680/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-680/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver