Məhkəmə qərarları › İş №2-1(116)-681/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-681/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-681/2021 22.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2010-cu ildə ərizə ilə İsmayıllı Bələdiyyəsinə müraciət edərək, İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi üçün ayrılmış torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 07.09.2010-cu il tarixli məktubla İsmayıllı Bələdiyyəsinə müraciət edərək, İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi də İsmayıllı Bələdiyyəsinə 01.10.2010-cu il tarixli 53 nömrəli rəy verərək, İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan sair torpağından 0,06 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİ-QD nömrəli Qanununa uyğun olaraq İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən 0,06 ha torpaq sahəsi almaq üçün İsmayıllı Bələdiyyəsinin bank hesabına 29.12.2010-cu ildə 720 manat məbləğində pul ödənilmişdir. İsmayıllı Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsinin alqısatqısına dair 30.12.2010-cu il tarixli akt tərtib edilmiş və həmin tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 66 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən İddiaçı adına 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı A-318166 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 19.01.2011-ci ildə 3993 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, İsmayıllı şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 22.02.2021-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, İsmayıllı Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 29.12.2010-cu il tarixli qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan və "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.12.2011-ci il tarixli 271 nömrəli sərəncamından irəli gələn tələblərə cavab vermir. Bundan başqa, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 01.12.2007-ci ildən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Bu səbəblərə görə 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi ona bələdiyyə ərazisində 30 ildən artıq yaşayan, ilk dəfə həyətyanı torpaq sahəsi alan fiziki şəxs kimi hərracdan kənar satılmışdır. Torpaq ona satılanadək mülkiyyətində heç bir daşınmaz əmlak, o cümlədən ev və həyətyanı torpaq sahəsi olmamışdır. Bələdiyyə onun ərizəsini və faktiki vəziyyətini nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun olaraq ona torpaq sahəsini satmış, bunun üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin razılığını almışdır. Torpağın nəzərdə tutulan dəyəri onun tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Buna görə də cavabdehin onun qanuni istifadəsində olan müvafiq qanunvericiliklə mülkiyyətinə verilməli olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina etməsi qanunsuzdur. Cavabdeh məhkəməyə göndərdiyi 27.04.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq isə bildirmişdir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq 0,057 ha-dır, İsmayıllı Bələdiyyəsinə aid olan yaşayış məntəqələri torpağıdır, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında 2,4 metr fərq vardır və torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 07.09.2010-cu il tarixli məktubundan görünür ki, həmin şöbə İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 01.10.2010-cu il tarixli 53 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan sair torpağından 0,06 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - İşdə olan, İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİ-QD nömrəli Qanununa uyğun olaraq İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. - İşdə olan 29.12.2010-cu il tarixli 19 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 0,06 ha torpaq sahəsi almaq üçün İsmayıllı Bələdiyyəsinin bank hesabına 720 manat məbləğində pul ödənilmişdir. - İşdə olan İsmayıllı Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair 30.12.2010-cu il tarixli akt tərtib edilmiş və həmin tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 66 nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan A-318166 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən İddiaçı adına 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmiş və 19.01.2011-ci ildə 3993 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 16.06.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş və Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən hazırlanmış mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsi Mərkəzin elektron baza məlumatlarında öz əksini tapan İsmayıllı rayonunun İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair Kompleks Yerquruluşu Layihəsinə əsasən, İsmayıllı şəhəri inzibati ərazi dairəsinin sərhədi daxilində uqodiyası çoxillik əkmələr olan yaşayış məntəqələrinə aid torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş 0,057 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A-318166 nömrəli plan-ölçü sənədi üzərində İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını və iddiaya qarşı etirazını aşağıda göstərilən iki dəlillə əsaslandırmışdır: 1) 01.12.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satılmalı olduğu halda, iddiaçıya sözügedən torpaq sahəsinin hərracdan kənar qaydada satılması; 2) Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilməsi. İmtinanın birinci dəlili üzrə məhkəmə qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılarkən açıq torpaq hərraclarının və ya müsabiqələrinin keçirilməsinə zərurət yoxdur. İddiaçı məhz həmin kateqoriya şəxslərə aid olduğuna görə ona torpaq sahəsinin açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən satılması mümkündür. İmtinanın digər dəlili üzrə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə görə, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin maddənin 2-ci bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Həmin maddənin 3-cü bəndinə görə, kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin maddənin 4-cü bəndinə görə, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci bəndinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin maddənin 2-ci bəndinə görə, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; - ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; - sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; - nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; - təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarixmədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; - yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; - kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; - hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; - şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Torpaq Məcəlləsinin 33-cü maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. Həmin Məcəllənin 47-ci maddəsinin 5-ci bəndində isə deyilir ki, bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: - yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; - hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; - ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə əsasən, fərdi yaşayış evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə sahələr yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından verilir. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: - xüsusi mülkiyyətdə olan torpaqlar; - bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; - "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; - özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; - dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları. - bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Həmin maddənin 2-ci bəndinə görə, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 6.3-cü maddəsinə görə, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Sadalanan normaların birgə təhlilindən görünür ki, fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşların xüsusi mülkiyyətinə sahələr yaşayış məntəqələrində bələdiyyələrin yalnız ehtiyat fondu torpaqlarından verilə bilər. Bələdiyyə ehtiyat fondu torpaqları isə aşağıdakılardır: - yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; - hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; - ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Bina və tikililər üçün nəzərdə tutulan torpaq sahələri, eləcə də kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan çoxillik əkmələr yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış 16.06.2021-ci il tarixli mütəxəssis rəyindən məlum oldu ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsi Mərkəzin elektron baza məlumatlarında öz əksini tapan İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair Kompleks Yerquruluşu Layihəsinə əsasən, İsmayıllı şəhəri inzibati ərazi dairəsinin sərhədi daxilində uqodiyası çoxillik əkmələr olan yaşayış məntəqələrinə aid torpaqlarda yerləşir. Deməli, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olan, kənd təsərrüfatı üçün istifadə olunan çoxillik əkmələrdə yerləşir. Halbuki, çoxillik əkmələr bələdiyyə mülkiyyətində olsa da və yaşayış məntəqələrinin torpaqlarına aid olsa da, kənd təsərrüfatı üçün istifadə olunur və fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmamışdır. Təsadüfi deyil ki, İddiaçı 0,06 ha torpaq sahəsinin satılması zamanı toplanmış, yuxarıda sadalanan sənədlərin heç birində həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması göstərilməmişdir. Əksinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 01.10.2010-cu il tarixli 53 nömrəli rəyində İddiaçı həyətyanı məqsədilə satılan 0,06 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan sair torpaqlara aid olduğu göstərilmişdir. Halbuki, torpaq qanunvericiliyində "sair" adlanan nə təyinat, nə də uqodiya nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İsmayıllı Bələdiyyəsinin 29.12.2010cu il tarixli 15 nömrəli qərarı ilə İddiaçı ev tikmək məqsədilə satılmış 0,06 ha torpaq sahəsi kənd təsərrüfatı üçün istifadə olunan çoxillik əkmələrə aid olduğuna və fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmadığına görə həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 02/27/58 nömrəli smetadan görünür ki, torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri 311 manat təşkil edir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməli və ondan alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Prosessual xərclər İddiaçı aid edilsin və ondan 311 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar