Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-682/2023 15.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası X1 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası X1 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Zərdab rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, həmin tarixdə şöbə rəisinin 42 №-li əmri ilə “AR DİO xidmətkeçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndi ilə “səhhətinə görə” xidmətdən xaric olunmuşdur. Səhhətinə görə xidmətdən xaric olmağının səbəbi isə AR X1 xidmət dövrü Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.1991-ci il tarixdə aldığı hərbi travma (yaralanmağı) olmuşdur. Belə ki, yaralanmağının nəticəsində səhhətində müəyyən problemlər baş vermiş və səhhəti ona xidməti davam etdirməyə imkan verməmişdir. Səhhəti ilə əlaqədar olaraq o, xx.xx.2003-cü il tarixdə xidmətdən xaric olunmuşdur. AR X1 xidmət dövrü aldığı travmanın səbəb əlaqəsi haqqında AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 18 saylı qərarında onun aldığı travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. xx.xx.2012-ci ildə isə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi isə “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik ” ifadəsi ilə göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən xidməti vəzifəsinin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə ona dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik kompensasiya ödənilir, daha sonra isə bu məbləğ təqsirli şəxslərdən tutulur. İddiaçı isə 1991-ci ildə travma aldıqdan sonra 2003-cü ilə qədər xidmətini davam etdirdiyi baxımından həmin kompensasiyanın ona ödənilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 18 saylı qərarından görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı zamanı hərbi tavma - “Sol bazunun orta 1/3-nin yumşaq toxumalarının kor güllə yaralanması nəticəsində 2x2 ölçüdə yaranmış çapıq toxuması” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - ƏƏSMN 36 saylı TSEK Zona Tibbi Sosial Ekspert Komissiyasının 133264 №-li arayışından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0003 nömrəli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdən “Sol bazunun orta 1/3-nin yumşaq sağ toxumasının kor güllə yaralanmasından sonrakı çapıq toxuması, 12 barmaq bağırsağın xroniki xorası, baş verən kəskinləşmələr” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - Zərdab rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 203-398-1221 nömrəli arayışdan qeyd edilmişdir ki, iddiaçı xx.xx.1990-cı iltarixdən xx.xx.1991-ci il tarixədək Zərdab RDİŞ yanında Mühafizə bölməsində milis nəfəri, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Zərdab RPŞ-də PPXT-nın polis nəfəri (xx.xx.1997-ci il tarixdə 16 nömrəli əmrlə üzürsüz səbəbdən iki ay xidmətə çıxmadığına görə DİO-da xidmətdən xaric olunub), xx.xx.2001-ci il tarixdə Zərdab RPŞ-nin 9 nömrəli əmri ilə yenidən DİO-ya bərpa olunmaqla xx.xx.2003-cü il tarixdək Zərdab RPŞ-də polis nəfəri vəzifəsində xidmət etmiş, həmin tarixdə şöbə rəisinin 42 nömrəli əmri ilə “AR DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə “səhhətinə görə” xidmətdən xaric olunmuş və xidmət illəri aşağıdakı kimi hesablanmışdır: Təqvimi hesablama ilə -12 il, 10 ay, 16 gün, Güzəştli hesablama ilə-cəmi-17 il, 11 ay,16 gün. Hazırki vəzifə, rütbə maaşı, eyni zamanda xidmət illərinə görə haqqın ödənilməsi və ərzaq payı pulu aşağıdakı kimi xarakterizə olunur: Vəzifə maaşı-379 manat 00 q. Rütbə maaşı-117 manat 00 q Xidmət ilinə görə-15%=74 manat 00 q Ərzaq payı-64 manat 00 q. - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2022ci il tarixli 027-68155g-3222 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən xidməti vəzifəsinin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə ona dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik kompensasiya ödənilir, daha sonra isə bu məbləğ təqsirli şəxslərdən tutulur. Qərarla müəyyən edilmiş birdəfəlik kompensasiyanın yalnız xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) alan əməkdaşlara şamil edildiyini, iddiaçı isə 1991-ci ildə travma aldıqdan sonra 2003-cü ilə qədər xidmətini davam etdirdiyindən həmin kompensasiyanın ödənilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli 029-3886-1222 nömrəli məktubundan görünür ki, iddiaçı DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının (XHK) 2011-ci ilə aid protokol jurnalında “Sol bazunun orta 1/3-nın yumşaq toxumalarının kor güllə yaralanması nəticəsində 2x2 ölçüdə yaranmış çapıq toxuması” diaqnozu ilə şəhadətləndirilmiş və xəsarətin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə qeydiyyatı aşkar edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Polis haqqında” Qanunun 34-cü maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda polis əməkdaşı xidmətdən xaric edilə bilər. Həmin Qanunun 37-ci maddəsinin İİ hissəsinə görə isə xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci bəndinin 6-cı hissəsinə əsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 93-cü bəndində isə təsbit edilmişdir ki, xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş daxili işlər orqanları əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarının 2-ci bəndinə əsasən xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya aldıqda, xəsarət aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərcliyinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. İstinad olunan normalardan görünür ki, iddiaçının tələb etdiyi kompensasiyanın verilməsi üçün qanunvericiliyin tələb etdiyi şərtlər aşağıdakılardan ibarətdir: 1) polis əməkdaşının aldığı xəsarət xidməti vəzifələrin icrası ilə əlaqədar alınmış olmalıdır; 2) xəsarətlə əlaqədar vəzifəsini yerinə yetirməyə davam edə bilməsi qeyri-mümkün olmalıdır və 3) vəzifəni yerinə yetirməyin qeyri-mümkünlüyü tibbi-həkim komissiyasının rəyi ilə təsdiq olunmalıdır İş materiallarından görünür ki, iddiaçı “Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci bəndinin 6-cı hissəsinə əsasən “səhhətinə görə” xidmətdən xaric olunmuşdur. 36 saylı TSEK Zona Tibbi Sosial Ekspert Komissiyasının 133264 №-li arayışı ilə müəyyən olunur ki, iddiaçı aldığı xəsarət nəticəsində əmək qabiliyyətini itirmiş və ona 2-ci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikası müdafiəsi zamanı” ifadəsi kimi göstərilmişdir. Əmək qabiliyyətsiz qeydi icra edilmişdir. Cavabdeh orqan iddiaçının 1191-ci ildə travma aldıqdan sonra 2003-cü ilədək xidmətini davam etdirdiyini bildirsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 18 saylı qərarı ilə iddiaçının hərbi tarvma alması müəyyən edilmiş, həmin xəsarət iddiaçının xidməti vəzifələrin icrası ilə əlaqədar olmuş və məhz həmin xəsarət onun sonradan ikinci dərəcə əlilliyinin təyin edilməsi və əmək qabiliyyətsiz hesab edilməsi üçün əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq Azərbaycan Respublikası X1 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın ona ödənilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə “Azərbaycan Respublikası X1 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bugün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) İddiaçı ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.