Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-683/2023 15.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 02 mart 2017-ci il tarixli 23 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 23 nömrəli sərəncamının ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, cavabdehin xx.xx.2017-ci il tarixli, 23 №-li sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2654/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə Ucar rayonu Şilyan kənd sakini F.X4 Fondunun Məlikumudlu və Sovxozyeri adlanan hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerqurluşu sənədləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə, 313 ha torpaq sahəsi icarəyə ayrılmışdır. Həmin sərəncam əsasında 20 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi naturada tanıdılmış, yerquruluşu planı hazırlanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilərək, hər il icarə haqqı, eləcə də torpaq vergisi ödənilmişdir. Sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün tərəfindən cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan müraciətini araşdırmış və müəyyən etmişdir ki, icarəsində olan torpaq sahəsinin bir hissəsi "xxxx" MMC-nin (**********39 reyestr nömrəli) və bir hissəsinin də Cavabdeh (**********10 reyestr nömrəli) adına verilmiş çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədindən göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bu səbəbdən müraciətinin icrasından imtina edilmişdir. İddiaçı tərəfindən yenidən inzibati orqana müraciət edilərək, **********10 reyestr nömrəsi ilə Cavabdeh, eləcə də **********39 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına verilmiş çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə icarəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsində müvafiq dəyişikliyin edilməsi xahiş edilmişdir. Lakin inzibati orqan 14 iyul 2022-ci il tarixli **********91 nömrəli məktubla müraciətinin icrasından imtina etmişdir. Buna səbəb kimi isə icarəsində olan Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən 313 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının **********10 və **********39 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla üst-üstə düşməsi bildirilmiş, həmin uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, 20 il müddətinə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 313 hektar torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə Cavabdeh Başçısının 13 dekabr 2007-ci il tarixli 78 saylı sərəncamı 02 mart 2017-ci il tarixli 23 saylı sərəncama əsasən ləğv edilmişdir. İddiaçı 02 mart 2017-ci il tarixli 23 saylı sərəncamın əsasız olaraq ləğv edilməsi barədə iddia qaldırmışdır. 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair respublika müşavirəsində cənab prezident İlham Əliyev tərəfindən növbəti illərin hədəfləri qeyd edilərək Zərdab rayonunda 3000 (üç min) hektar pambıq əkini aparılması üçün müvafiq tapşırıq verilmişdir. Cavabdeh başçısı tərəfindən 07 oktyabr 2016-cı il tarixli 01/741 nömrəli və 19 dekabr 2016-cı il tarixli 01/926 nömrəli məktublarla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət edilərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin əlavə torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayonun Bəyimli qəsəbəsi ərazisində yerləşən dövlət torpaq fondundan əkinə yararlı 8100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək əkinçilik üçün istifadə edilməsinə razılıq verilməsi xahiş olunmuşdur. 30 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icasının 3-cü ilinin yekunlarına həsr olunan konfransda cənab prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Zərdab rayonunda əkin dövriyyəsinə daxil edilən 10000 hektar torpaq sahəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icra edəcəyi su layihəsi əsasında suvarılması təmin ediləcəkdir. Sonrakı dövrdə həmin əraziyə 15 km uzunluğunda su xətti çəkilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü və 6-cı bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 385s nömrəli sərəncamını və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X2 X1 Dövlət Agentliyinin 07 iyun 2017-ci il tarixli **********76 nömrəli məktubunu nəzərə alaraq İddiaçı 313 hektar torpaq sahəsinin 263 hektarı daxil olmaqla təyinatı dəyişdirilmiş 3000 hektar torpaq sahəsi "AQROBAZ” MMC-yə uzunmüddətli (49 il müddətinə) icarəyə verilmişdir. Əvvəllər İddiaçı icarəsində olan 50 hektar torpaq sahəsi müraciəti nəzərə alınmaqla təkrar 30 yanvar 2018-ci il tarixli 04 saylı sərəncama və müvafiq icarə müqaviləsinə əsasən ona yenidən icarəyə verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən Cavabdeh Başçısının 02 mart 2017-ci il tarixli 23 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: - Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli Sərəncamından görünür ki, Ucar rayonu Şilyan kənd sakini İddiaçı X5 “Məlikumudlu və Sovxozyeri” adlanan hissəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə 313 hektar torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. - xx.xx.2007-ci il tarixli 78 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh Başçısı Ucar rayonu Şilyan kəndində yerləşən 313 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamına əsasən kənd təsərrüfatı və heyvandarlıq üçün iddiaçıya uzunmüddətli icarəyə verilmişdir. - Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 23 nömrəli sərəncamından görünür ki, Ucar rayonu Şilyan kənd sakini İddiaçı Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı və xx.xx.2007-ci il tarixli 78 nömrəli icarə müqaviləsinə əsasən X3ş otlaq ərazisindən "Sovxozyeri” adlanan hissəsindən icarəyə 313 hektar torpaq sahəsi ayrılması haqqında Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli Sərəncamı və icarə müqaviləsi ləğv edilmiş, Ləğv edilmiş 313 (üç yüz on üç) hektar torpaq sahəsi boş və istifadəsiz ərazi olaraq Zərdab rayon X5 balansına qaytarılmış, sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinə (Pərvin Mahmudova) həvalə edilmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Cavabdeh sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı, həmin sərəncam barəsində məlumatının olmasını əvvəlki inzibati iş üzrə məhkəmə icraatında sözügedən sərəncamın cavabdeh orqan tərəfindən təqdim edilməsi ilə izah edir. Mübahisələndirilən sərəncamın iddiaçıya rəsmi qaydada daha əvvəl təqdim edilməsi iş materiallarından müəyyən edilmir, eyni zamanda cavabdeh orqan buna dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, “mübahisələndirmə haqqında” iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddia mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından görünür ki, cavabdeh, torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə əvvəl xx.xx.2007-ci il tarixli 78 nömrəli sərcam vermiş, sonra iddiaçı ilə aralarında xx.xx.2007-ci il tarixli 78 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamış, daha sonra isə xx.xx.2017-ci il tarixli 23 nömrəli sərəncamla əvvəlki sərəncam və torpaq icarə müqaviləsi ləğv edilmişdir. Cavabdeh özünün xx.xx.2017-ci il tarixli 23 nömrəli sərəncamını əsaslandıraraq qeyd etmişdir ki, 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair respublika müşavirəsində cənab prezident İlham Əliyev tərəfindən növbəti illərin hədəfləri qeyd edilərək Zərdab rayonunda 3000 (üç min) hektar pambıq əkini aparılması üçün müvafiq tapşırıq verilmişdir. Cavabdeh başçısı tərəfindən 07 oktyabr 2016-cı il tarixli 01/741 nömrəli və 19 dekabr 2016-cı il tarixli 01/926 nömrəli məktublarla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət edilərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin əlavə torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayonun Bəyimli qəsəbəsi ərazisində yerləşən dövlət torpaq fondundan əkinə yararlı 8100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək əkinçilik üçün istifadə edilməsinə razılıq verilməsi xahiş olunmuşdur. İddiaçı icarəsində olan 313 ha torpaq sahəsinə pambıqçılığın inkişafı və əkin dövriyyəsinə cəlb olunması zərurəti yarandığından torpaq sahəsinin geri alınması, torpaq sahəsindən istifadə və icarə hüquqlarına xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Sərəncamda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü (torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə), 6-cı (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə) və 10-cu (dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda) abzasları, həmçinin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.3.4-cü bəndi rəhbər tutulmuşdur. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli 23 nömrəli sərəncamda icarə barədə sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi üçün iki müxtəlif əsasa istinad edilmişdir: 1) iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsinin növbəti illərdə pambıq əkini üçün alınması zərurəti, 2) iddiaçının icarəyə götürdüyü həmin torpaqdan məqsədli təyinatına uyğun istifadə etməməsi. Sərəncamda qeyd olunan 1-ci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsində deyilir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 3.2-ci maddəsində deyilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Göründüyü kimi, torpağın alına biləcəyi dövlət ehtiyaclarının dəqiq siyahısı Qanunda göstərilmişdir və bu siyahının genişləndirici təfsirinə yol verilmir. Cavabdeh Zərdab RİH-in istinad etdiyi hal (iddiaçıya heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsinin növbəti illərdə pambıq əkini üçün ayrılması zərurəti) isə torpağın alına biləcəyi dövlət ehtiyaclarının siyahısında yoxdur. Ona görə də məhkəmə cavabdehin sərəncamında Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 10-cu abzasında göstərilən "dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda" əsasına istinadı qanunsuz hesab edir. Sərəncamda qeyd olunan 2-ci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində deyilir ki, bu maddənin 1ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bundan başqa, həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən cavabdeh Zərdab RİH-in belə bir səlahiyyəti yoxdur. Bundan başqa, həmin iki halda, torpaq sahələri üzərində icarə hüququna xitam verilməsi haqqında qərar verilməzdən əvvəl, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt müəyyən edilmiş olmalı və həmin xəbərdarlıqdan sonra tədbir görülməmiş olmalıdır. Cavabdeh iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edirdisə, bu barədə iddiaçıya xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasını ondan tələb edərək ona müəyyən bir müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin hazırkı işdə nöqsanların aradan qaldırılması üçün iddiaçıya xəbərdarlıq edilməsi və bunun üçün konkret müddət təyin edilməsi barədə sübut yoxdur. Beləliklə, cavabdeh mübahisələndirilən xx.xx.2017-ci il tarixli 23 №-li sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Eyni hüquqi mövqe oxşar məzmunlu 2-1(102)- 2700/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, pMülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Tərəflərin imzaladığı torpaq icarəsi müqavilələrində müqavilənin vaxtından əvvəl ləğv edilməsinin şərtləri göstərilməmişdir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı, torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin, cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh başçısının 02 mart 2017-ci il tarixli 23 nömrəli sərəncamı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-683/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-683/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver