Məhkəmə qərarları › İş №2-1(116)-684/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-684/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-684/2022 07.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı adına Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏDsi üzrə Nümayəndəliyində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı adına Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏD-si üzrə Nümayəndəliyində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmiş, lakin, barəsində Şəki şəhər İHBnin Aşağı Küngüt kənd İƏD-si üzrə Nümayəndəliyində edilmiş xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydi tərtib edildiyindən ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. Buna görə də iddiaçı müvafiq akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan ilkin akt qeydinin məhkəmə qərarı ilə ləğv olunmasının mümkün olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, valideynlərinin onun əslində 1959-cu ildə doğulması, həmçinin 1962-ci ildə doğulmuş bir uşağın da vəfat etməsi ilə bağlı dediklərini xatırlayır. Buna baxmayaraq, onun doğum haqqında qeydiyyatı 1959-cu ildə aparılmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsinə etiraz etmədiyini bildirdi. X1, X6, X8 məhkəmə iclasında izahat verərək İddiaçı onların qardaşı olduğunu, İddiaçı bir müddət Rusiya federasiyası ərazisində yaşadığını, sonradan Azərbaycan Respublikası ərazisinə gəldiyini, qardaşlarından X5 1992-ci ildə vəfat etməsini bildirdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Cavabdeh xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Şəki rayonunun Aşağı Küngüt kəndində anadan olmuş, bu barədə xx.xx.1962-ci il tarixdə Şəki şəhər İHB-nın Aşağı Küngüt kənd İƏD-si üzrə nümayəndəliyində 47 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – X9, anası – X2r. - İddiaçı adına Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏD-si üzrə Nümayəndəliyində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1962-ci ildə doğulmuş İddiaçı xx.xx.1962-ci il tarixdə vəfat etməsi ilə bağlı akt qeydi tərtib edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmasına və hazırda sağ olmasına baxmayaraq onun barəsində Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏD-si üzrə Nümayəndəliyində xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. İddiaçının Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün vəsiqəsində (MYİ0301369) onun xx.xx.1962-ci ildə doğulması barədə qeydlər mövcuddur. Eyni zamanda məhkəmə iclasında şahid qismində izahat verən iddiaçının qardaşları da, onun sağ olmasını və qohumluq münasibətlərini təsdiq edirlər. İddiaçının bacı və qardaşlarına aid digər doğum akt qeydlərindən eyni ildə- 1962-ci ildə doğulan və vəfat edən digər uşağın olması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏD-si üzrə Nümayəndəliyində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı adına Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏD-si üzrə Nümayəndəliyində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar