Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-684/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı apardığı Qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı apardığı Qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin növbəti tarixə uzadılmasından imtina edilmiş, imtinanın səbəbi kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Əlillik təyin edilməsindən imtina zamanı diaqnoz: Onurğanın bel-oma şöbəsinin və çanaq sümüklərinin sınığı, Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çox saylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət olmuşdur. İddiaçıya əlillik dərəcəsi 2012-ci ildən təyin edilmiş, daha sonra növbəti dəfə əlillik təyinatları 2013, 2014, 2015 və 2016-cı illərdə olmuşdur. İmtinada heç bir əsaslanma yoxdur, sağlamlığının neçə faiz itirilməsi yoxdur, imtina formal tərtib edilmiş, xəstəliyi və diaqnozlarında ağırlaşma halları, əvvəlki əlillik dərəcələrində qoyulan diaqnozlar olsa da, hər hansı bir faizlə əllillik dərəcəsi təyin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin dig...; Diaqnozun mətni: X5 Odlu Silahla Yaralanmasından sonra burmalardan keçən sahənin yalançı oynağı; Meyar: 2.2. 2.2. İkinci dərəcə əlillik => Digər: X5 Odlu Silahla Yaralanmasından sonra burmalardan keçən sahənin yalançı oynağı" səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının 0xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları=>S79-Bud-çanaq oynağı və bud nahiyəsinin dig...; Diaqnozun mətni: X5 Odlu Silahla Yaralanmasından sonra burmalardan keçən sahənin yalançı oynağı; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: X5 Odlu Silahla Yaralanmasından sonra burmalardan keçən sahənin yalançı oynağı" səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T93-Aşağı...; Diaqnozun mətni: Bud sınığının nəticələri. Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı. Digər posttravmatik koksartrozlar. Ətraflarda neyrodistrofik pozğunluqlar. Aşağı ətrafın funksiya pozğunluğu.; Meyar: 2.2. İkinci dərəcə əlillik=>DİGƏR: Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi Ümumi xəstəlik; X1: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T93-Aşağı...; Diaqnozun mətni: Bud sınığının nəticələri. Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı. Digər posttravmatik koksartrozlar. Ətraflarda neyrodistrofik pozğunluqlar. Aşağı ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı:..; Diaqnozun mətni: Bud sınığının nəticələri, Odlu silah yaralanması. Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çox saylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət.Kəskin ağrı, Ağrı sindromu. Hipertrofik çapıq, Sağ budun ön və arxa səthlərində çoxsaylı kelloid çapıqları. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Valqus deformasiyası. Oynaqların kontrakturası, Sağ bud çanaq oynağının kontrakturası, bükmə 50°, açma tamdır. Digər posttravmatik koksartrozlar, Sağ bud çanaq oynağının posttravmatik koksartrozu; Məzkəzə göndəriimənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış: və “Diaqnozun mətni: Onurğanın bel-oma şöbəsinin və çanaq sümüklərinin sınığı, Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çox saylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixində əyani müayinə olunması üçün dəvət olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Onurğanın bel-oma şöbəsinin və çanaq sümüklərinin sınığı, Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çox saylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-684/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 794 nömrəli məktubuna əlavə edilmiş ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində adına tərtib edilmiş Forma 88-də qeyd edilən “Bud sınığının nəticələri, odlu silah yaralanması. Sağ bud çanaq oynağı nahiyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çoxsaylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, metal lövhə ilə ostiosintez əməliyyatından sonrakı vəziyyət. Kəskin ağrı, ağrı sindromu. Hipertrofık çapıq, sağ budun ön və arxa səthlərində çoxsaylı kelloid çapıqları. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Valqus deformasiyası. Oynaqların kontrakturası, Sağ bud çanaq oynağının kontrakturası, bükmə 50°, açma tamdır. Digər postravmatik koksartrozlar, Sağ bud çanaq oynağının posttravmatik koksartrozu” diaqnoz onun anamnestik, obyektivklinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/2-14251/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasının M00026519FUC göndərişi və şəxsin müraciəti əsasında ümumi xəstəlik səbəbi ilə sonuncu dəfə xx.xx.2022-ci ildə Agentliyin 10 nömrəli Tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən müayinə aktı, tibbi sənədlər və aparılan müayinənin videogörüntüsü baxılmaq üçün Agentliyin ixtisaslaşdırılmış həkim-ekspertlərindən ibarət Mərkəzi Tibbisosial ekspert komissiyasına göndərilmişdir. Nəticə olaraq göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət. Sağ bud çanaq oynağının posttravmatik koksartrozu. Sağ aşağı ətrafın əzələ atrofiyası.” diaqnozunun göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, rentgenoloji təsvir, osteosintezdən sonrakı metal lövhənin saxlanması və kliniki müayinələrin nəticələri xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmalarını təsdiq etməmişdir. - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ-6-71/2- 504/2023 nömrəli məktubundan görünür ki, iddiaçıya qoyulmuş S32, M21 kodu “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamədə qeyd olunmuş 13.1.4 və 13.4 xəstəliyi ilə eyniyyət təşkil edir. Əsaslandırma hissəsi: İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddia tələbi cavabdehin xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 794 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz onun anamnestik, obyektiv-klinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun S32, M21 kodu ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamədə qeyd olunmuş 13.1.4 və 13.4 xəstəliyi ilə eyniyyət təşkil etdiyini bildirir. İddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi baxımından M21 kodunun tətbiqi mümkün olmasa da (həmin kodla aşağı və yuxarı ətrafların müəyyən səviyyələrdə amputasiyası, ankilozu və digər xəstəliklər müəyyən edilib), S32 kodunun tətbiq edilməsi ilə onun orqanizmin funksiyalarının pozulması faizini müəyyən etmək mümkündür. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (13) siyahısının imtina cavabının verildiyi zaman qüvvədə olan 13.1.4.1-ci bəndinin redaksiyasında S32 kodu ilə onurğanın bel-omba şöbəsinin və çanaq sümüklərinin sınığı, qiymətləndirmə - təzahür edən funksional pozuntular və deformasiyalarla - orqanizmin funksiyalarının pozulması faizi - 40 %, müddəti 1 il olaraq müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya qoyulmuş diaqnoza (S32) münasibətdə orqanizmin funksiyalarının pozulması faizi - 40 % olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-684/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-684/2023
02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver