Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-684/2024 10.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə , İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “iddiaçıya xx.xx.2017-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya xx.xx.2017-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçıya xx.xx.2017-ci il tarixdə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir.Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Beta-talassemiya, X1 (ara forma), davamlı anemiya ilə müşayət olunan tez-tez baş verən krizlərlə. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDC İİİ dərəcə” qeyd edilmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi iddiaçıya 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bu barədə cavabdeh orqana müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli məktubla Əmək və Əhalinin Sosial Nazirliyinə müraciət edilərək siyahıda qeyd edilən göndərişlərin etibarsız hesab olunmasını nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişlərin etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2019-cu ildən etibarsız hesab edilmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştiraki olmadan keçirilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubunda göndərişləri tam əsaslandırılmamış 843 nəfərin əlilliyi ilə bağlı aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi ilə məlumat qeyd edilmişdir. Tərtib edilmiş cədvəldə İddiaçı adı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2017-ci il il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin, daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik, Əlillik altsistemində etibarsız hesab edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının əlillik təyinatlarının etibarsız hesab edilməsi ilə bağlı mövqeyini hər hansı bir maddi hüquq normasına istinad etməklə əsaslandırmamış, inzibati icraat aparılmadan xidməti məruzə ilə 843 nəfərin adına verilən göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması barədə xahişini əsas gətirmişdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən daxil olmuş məktub əsasında etibarsız hesab edilmişdir. Əlilliyin etibarsız hesab edilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci bəndinə əsasən, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə, əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilir. Qanunvericilik əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildiyi hallarda inzibati orqanın davranışının məcburi prosedur qaydalarını müəyyən etmişdir. Lakin cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədən iddiaçının əlilliyi faktiki olaraq etibarsız sayılmış, bununla da həm “İnzibati icraat haqqında” Qanunun, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, yalnız əyani müayinəyə cəlb edildikdən sonra və həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığının müəyyən edildiyi təqdirdə, cavabdeh bu barədə müvafiq inzibati akt qəbul edə bilərdi. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-59/2023 saylı Qərarında və digər qərarlarında əks olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Həmin Qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılması əsasları göstərilmişdir: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə,qeyd olunanları yekunlaşdıraraq hesab edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir.Bu baxımdan da inzibati prosedur qaydasına riayət edilmədən aktın etibarsız hesab edilməsi yolverilməzdir,cavabdeh əlilliyi etibarsız hesab etməkdə haqlı olmamışdır. Qeyd edək ki, “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində inzibati aktın etibarsız hesab edilməsi əsasları məhdud və dəqiq sayda təsbit olunmuşdur.Bu da hüquqi dövlət prinsipindən irəli gələrək vətəndaşın etimadının qorunmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2017-ci il tarixində təyin olunmuş İİ dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-684/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-684/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver