Məhkəmə qərarları › İş №2-1(116)-685/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-685/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-685/2024 17.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə bağlanan əmək müqaviləsi əsasında, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli 102 saylı sərəncamı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Nəticədə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda iddianın təmin olunmamasını məhkəmədən xahiş edərək dəlilini aşağıdakı kimi əsaslandırmışdır : “RİH başçısının xx.xx.2022-ci il tarixli 45 nömrəli əmrinə əsasən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə ərazilərində qanunsuz tikililərin aparılması ilə bağlı icra hakimiyyətinə, müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına məlumat verilməsi tapşırılmışdır. İddiaçı da məhz əmrlə ona verilmiş tapşırığı yerinə yetirə bilmədiyi, yeni məlumatı vaxtında vermədiyi üçün barəsində intizam tədbiri görmüşdür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 2022-ci il tarixli 45 saylı əmri ilə İƏD üzrə nümayəndəliklər və bələdiyyələrə ərazilərində qanunsuz və özbaşına tikinti işləri aparan vətəndaşlar barədə tədbir görülməsi, qanuna məhəl qoymayan vətəndaşlar barədə ciddi tədbir görülməklə İsmayıllı Rayon İcra Hakimiyyətinə, müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına məlumat verilməsi tapşırılmışdır. Burada söhbət tikintisinə 2010-cu ildə icazə verilmiş tikintilərdən deyil, ümumilikdə Diyallı ərazisində tikilən qanunsuz və özbaşına tikililər barədə məlumat verilməsindən gedir. İddiaçı RİH başçısının 22 aprel 2022-ci il tarixli 45 saylı əmrini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndini şərh etməklə əmrdə və Əsasnamədə göstərilənlərə RİH başçısı tərəfindən əməl olunmadığını göstərir və bununla barəsində verilən sərəncamın əsassız və qanunsuz olduğu bildirilir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 125 saylı əmri ilə töhmət verilib. İşlədiyi müddət ərzində digər nümayəndələrlə müqayisədə İddiaçı qiymətləndirilməsi çox zəif olmuşdur. Dövlət qulluqçularının fəaliyyətinin 2022-ci il üzrə qiymətləndirilməsi zamanı iddiamının qiyməti onun müavininin qiymətindən aşağı qiymətləndirilmişdir. 2021-ci və 2022-ci ildə iddiaçının fəaliyyəti kafi qiymətləndirilmişdir”. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 11 avqust 2020-ci il tarixli 67 nömrəli əmri ilə iddiaçıya həvalə olunmuş vəzifələri yerinə yetirmədiyinə görə “töhmət", verilmişdir.

2. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli 125 nömrəli əmri ilə iddiaçıya həvalə olunmuş vəzifələri yerinə yetirmədiyinə görə “töhmət", verilmişdir.

3. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən İsmayıllı rayonu ərazisində aparılan qanunsuz tikililərin qarşısının alınması ilə bağlı Komissiyanın yaradılması barədə 22 aprel 2022-ci il tarixli 45 nömrəli əmr imzalanmışdır.

4. İşdə olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o İcra Hakimiyyətinə çağırılıb ərizə yazmaq bildirilmiş, lakin iddiaçı ərizə yazmaqdan imtina etmişdir.

5. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın xx.xx.2023-cü il tarixli 2 nömrəli iclas protokolunun qərarından Çıxarışa əsasən RİH başçısı yanında Şura iclası İsmayıllı RİH başçısının Diyallı kənd İƏD nümayəndəsi İddiaçı barəsində intizam tənbeh tədbiri görülməsi məsələsinə baxılması barədə məsələni müzakirə edərək Komissiyasının arayışının nəzərə alınmasını, komissiyanın arayışına əsasən vəzifəsinin icrası zamanı iddiaçının işində ciddi nöqsanların olduğu, kobud pozuntulara yol verdiyi, qanunvericiliyə əməl etmədiyi, RİH başçısının öz səlahiyyəti hududunda verdiyi əmrləri, sərəncamları və göstərışiəri yerinə yetirmədiyi, başqa dövlət qulluqçularının işini çətinləşdirən hərəkətlərə yol verdiyinin, İddiaçı vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntularla İsmayıllı Rayon İcra Hakimiyyətinin nüfuzunu aşağı saldığı, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci, 18.0.2-ci və 18.0.4-cü maddələrinin tələblərim pozduğunun qeyd edilməsini və RİH başçısına “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun tələblərini ciddi şəkildə pozduğuna görə İsmayıllı RİH başçısının Diyallı kənd İƏD nümayəndəsi İddiaçı qanunvericiliyə uyğun olaraq inzitam barədə tədbir görüldüyü və nəticə çıxarması üçün cəzalandırılması məqsədəuyğun hesab edilmiş və işdənn azad edilməsi barədə qərar qəbul edilməsi RİH başçısından xahiş edilmişdir.

6. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamı ilə iddiaçının xx.xx.2023-cü il tarixindən dövlət qulluğuna xitam verilmişdir.

Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, sərəncamın ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2023-cü il tarixində məhkəməyə vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı xidməti dövründə dəfələrlə nizam intizam qaydalarını pozduğuna görə xx.xx.2020-ci il tarixli 67 nömrəli əmrlə “töhmət", xx.xx.2021-ci il tarixli 125 nömrəli əmrlə “töhmət" elan edilmiş, lakin o, intizam tənbehlərindən nəticə çıxarmamışdır. İddiaçı yuxarıda qeyd olunan intizam tənbeh tədbirlərini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 926- İQ nömrəli Qanununun 33-cü maddəsi dövlət qulluğuna xitam verilməsi əsaslarını təsbit etməkdədir ki, həmin maddənin 33.1.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun: 25.1-ci maddəsinə əsasən, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur; 25.2-ci maddəsinə görə, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Cavabdehin sərəncamından da göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vəzifədən azad edilməsi zamanı Qanunun 25.2.6-cı və 33.1.6-cı maddələrinə istinad olunmuşdur. Məhz dövlət qulluğundan azad edilmə qismində intizam tənbeh tədbiri tətbiq olunması əsası ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Qanunun 25.7-ci maddəsinin tələbinə görə bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanunverici 25.2-ci maddənin tələblərinə əsasən, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiq edilməsinin əsaslarının qəti dairəsini müəyyən etməklə, bu halları Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması ilə şərtləndirmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 18.0-cı maddəsinə əsasən dövlət qulluqçuları vəzifə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Qanunun 20-ci maddəsi dövlət qulluğu ilə əlaqədar məhdudiyyətləri, 25.11-ci maddəsi isə dövlət qulluqçusunun “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunduğunu təsbit etmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, məcburetmə, öhdəliyin icrası və müəəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdehin mübahisəli sərəncamı maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının, o cümlədən "Dövlət qulluğu haqqında” AR Qanununun 25.2.6 və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndinin tələblərinə müvafiq olmuş, yuxarıda şərh olunan normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, cavabdeh tərəfindən aparılmış araşdırma və iş materiallarına əlavə olunmuş vətəndaş şikayətlərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli olduğu halda bunu etməmiş, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməmişdir. Məhz bunun nəticəsi olaraq iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 25.2.6-cı maddəsinə müvafiq olaraq dövlət qulluğundan azad edilməsi növündə intizam tənbehi tətbiq edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Göstərilən hallar iş materialları ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin : 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; 3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir; 3.11.4. şəhər inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edir; 3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir: 4.1.8. yerli icra hakimiyyəti başçısının aparatının işçilərini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yanında olan orqanlarda inzibati vəzifə tutan işçiləri, habelə tabeliyində olan hüquqi şəxslərin rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, yerli icra hakimiyyəti başçısı aparatının struktur bölmələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin rəhbərlərinin hesabatlarını dinləmək; İddianın ilk tələbi (cavabdehin sərəncamının ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan ikinci (işə bərpa) və üçüncü (məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi) tələblər də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli sərəncamı qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), sərəncam cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar